“MOSKVA” alışdı

Sahibkarlara yarım milyona qədər ziyan dəyib


Dünən səhər Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən "Moskva” univermağının binasında yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində "Moskva” Ticarət Mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinləri əhatə edən 50 kv.m sahə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunaraq yanğınsöndürənlər tərəfindən söndürülüb.

Adının çəkilməsini istəməyən sahibkarlardan biri qəzetimizə bildirib ki, MUM-un birinci mərtəbəsində qiyməti yüksək olmayan az əyarlı qızılların saxlandığı seyflərə qismən zərər dəyib, nəticədə qızıl-zinət əşyalarının bir hissəsi əriyib. İkinci mərtəbəsində yerləşən gəlinlik və geyim mağazaları isə tamamilə yanıb. Həmçinin, 50 nəfərə yaxın sahibkara maddi ziyan dəyib. Ziyanın ümumi məbləği təxmini olaraq yarım milyon manatdır.

Qeyd edək ki, Modern.az-ın etibarlı mənbədən aldığı məlumata görə, yanğın baş verən ticarət mərkəzinin sahibi Elmira Mədətovadır. O, uzun illərdir ki, ticarət mərkəzinin rəhbəridir. Xanım Mədətova "Moskva” Univermağını sahibkarlara icarəyə verib.

Vüqar Şahinoğlu