Ekspertlər hesab edir ki, indiki vəziyyətdə Rusiya ilə Azərbaycan arasında gərginlik yaşana bilməz
Gürcüstanın sabiq prezidenti, Odessa qubernatoru Mixail Saakaşvili Azərbaycanı "təhlükə zonasına” salıb. O, Rusiya prezidenti Vladimir Putinin Baltikyanı ölkələr, Gürcüstan və Azərbaycanda qarışıqlıq yaradacağını deyib. Qubernatorun sözlərinə görə, Putin daimi olaraq NATO qüvvələrini yoxlamaqla məşğuldur. "Bu, onunla keçirdiyim uzun danışıqlar zamanı mənə məlum olub. O, dövlət sərhədlərinə hörmət etmir və onsuz da həmişə onu pozmağa çalışacaq.
Mən hələ 2008-ci ildə demişdim ki, bundan sonra hədəf Ukrayna olacaq”. Məlumat üçün bildirək ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi xəbər yaymışdı ki, Rusiya hərbçiləri Gürcüstan-Cənubi Osetiya sərhədində, beynəlxalq Bakı-Supsa neft kəmərinin keçdiyi hissədə sərhəd xəttini irəli çəkib.
Qubernatorun mesajını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Saakavşilinin Gürcüstana rəhbərlik etdiyi dövrdə Tiflis-Moskva münasibətləri tam olaraq pozulmuşdu: "Bunu 2008-ci ilin məlum avqust hadisələri bir daha təsdiqlədi. Saakaşvilidən sonrakı dövrdə isə Moskva ilə Tiflis arasındakı münasibətlərdə yumşalma yarandı. Bu baxımdan Saakaşvilinin Rusiya rəhbərliyinə, Rusiya rəhbərliyinin də Saakaşviliyə münasibəti öncədən məlum idi. Onların biri-birini görməyə gözləri yoxdur. Hətta bu günlərdə Saakaşvili qeyd etmişdi ki, Putin onu öldürmək istəyir. Bir sözlə, Saakaşvilinin şimal qonşumuzla bağlı kəskin mövqeyi təəccüb doğurmalı deyil”.
Sabiq liderin "Ukraynadan sonra hədəf Baltikyanı ölkələr, Gürcüstan və Azərbaycan ola bilər” iddiasına gəlincə, ekspert hesab edir ki, bunlar real vəziyyətə uyğun gəlmir: "Azərbaycan dövləti çoxvektrli siyasət həyata keçirir. Ölkəmizin Rusiya, İran, ABŞ və bir sıra Qərb dövlətləri ilə münasibətləri inkişaf edir. Moskva-Bakı münasibətləri inkişaf xarakterinə malikdir. Siyasi, iqtisadi, humanitar və hərbi təhlükəsizlik sahələrində əlaqələrimiz genişlənir. Moskva da çox gözəl bilir ki, Azərbaycan prezidenti müstəqil siyasət yürüdür. Ölkəmiz xalqımızın və dövlətimizin milli maraqlarına uyğun siyasət aparır”.
Müsahibimizin fikrincə, Kreml o zaman narahat olur ki, hansısa dövlətin siyasətini başqa tərəflər müəyyən edir: "Eyni zamanda Kreml çox gözəl bilir ki, Azərbaycan 2008-ci ildə Kosovanın müstəqilliyini tanımadı. Hətta oradakı sülhməramlı qüvvələrini geri çağırdı. Bu, müstəqil siyasətdir. Bizim üçün ərazi bütövlüyü məsələsi çox əhəmiyyətlidir. Azərbaycan heç bir halda Kosovanın müstəqilliyini tanıya bilməzdi. Bu mövqeyimizi sonralar Qərb də anlayışla qarşıladı. Ukrayna böhranında da Azərbaycan bu ölkənin ərazi bütövlüyünü dəstəklədi. Bu, heç də Rusiya əleyhinə davranış deyil. Müstəqil siyasətimiz bunu tələb edir. Azərbaycanın hər bir addımı milli maraqlara söykənir və cənab prezident də məhz o maraqlardan çıxış edərək ölkənin siyasətini həyata keçirir. Bu da dünyada anlayışla qarşılanır. Məhz ona görə də Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş hesab olunur. Prezidentimiz də beynəlxalq siyasətdə vətənpərvər və ölkəsinin milli maraqlarını bütün maraqlardan üstün tutan lider kimi qəbul olunur”.
Ayyət Əhməd