Moskva Bakının notasına cavab verib

“Rusiya Ermənistanın aldığı silahların istifadəsi barədə Bakıya məlumat verməyə hazırdır”
“Rusiya həm Azərbaycana, həm də Ermənistana silah sataraq regionda balansın qorunmasını nəzərə alır”


"Silahın çatdırılması məsələsində Rusiya öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə daim riayət edir. Moskva qanunvericilikdə olduğu kimi ciddi ixrac nəzarəti sistemi çərçivəsində fəaliyyət göstərir”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistana silah satışına dair Azərbaycanın Rusiyaya verdiyi notanı şərh edərkən deyib.

Zaxarova Rusiyanın İrəvanla hərbi-texniki əməkdaşlığının açıq şəkildə bütün beynəlxalq öhdəliklərə riayət etməklə həyata keçirildiyini qeyd edib.

"Biz artıq Azərbaycan tərəfinə diplomatik kanallarla lazım olan informasiyanı çatdırdıq, Rusiyaın Ermənistanla bir sıra müqavilələri var. İki ölkə həmçinin hərbi-texniki əməkdaşlığı da inkişaf etdirir. Nəzərə alırıq ki, bu hamıya məlum faktdır. Bundan əlavə, biz bu əməkdaşlığı gizlətmədən açıq şəkildə həyata keçiririk. Bunun Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümid edirik. Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir”, - deyə Mariya Zaxarova bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin qüvvəyə minməsiylə əlaqədar Rusiya XİN-ə nota ünvanlanıb.