Moskva enerji layihəsinə görə müharibəyə başlaya bilməz

“Rusiya Avropanın enerji bazarında inhisarçı olmaq və Qərbi özündən asılı vəziyyətə salmaq istəyir”



"Bütün hallarda Rusiyadan yan keçəcək alternativ boru xətləri reallaşacaq”

Qərb Avropanın Rusiyadan energetik asılılığını azaltmaq üçün bütün cəbhə boyu hərəkətə keçib. Avropa ölkələri Transxəzər qaz kəməri layihəsinin gerçəkləşməsi yolunda bütün geosiyasi, hərbi xarakterli əngəl və təhlükələri aradan qaldırmaq üçün səy göstərir.
Söhbət tranzit ölkələrin etibarlı təhlükəsizliyindən və həmin ölkələrdəki münaqişələrin həllindən gedir. Məlumdur ki, Transxəzər layihəsində əsas qaz qaynağı Azərbaycan və Türkmənistandır. Amma Rusiyadan yan keçəcək bu boru xətti Kremli ciddi şəkildə narahat edir. Rusiyanın "Türk axını” ("Cənub axını”) da Transxəzərə alternativ kimi nəzərdən keçirilir. Xatırladaq ki, bu yaxınlarda Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyi energetika sahələri rəhbərlərinin iştirakı ilə dördtərəfli müzakirələr aparılıb. Həmin görüşdə "Xəzər konsorsiumu”nun yaradılması haqda ilkin razılığa gəlinib. Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Razılaşma gələcəkdə Transxəzər kəmərinin reallaşmasına kömək etməlidir. Söhbət türkmən qazının Xəzər dənizinin dibi ilə Bakıya qədər gətirilməsi, buradan isə TANAP vasitəsilə Avropaya çıxarılmasından gedir. Lakin Rusiya bütün vasitələrlə buna qarşı çıxır. Hətta ehtimallara görə, bu layihənin reallaşdırılması Xəzərdə müharibə ocağının yaranması ilə də nəticələnə bilər. Avropa, Qərb isə, əksinə, bunda israrlıdır. Ona görə ki, Qərb belə bir layihəylə Rusiya qazından asılılığı aradan qaldırmaq və Xəzər hövzəsində Rusiyanın hegemonluğuna son qoymaq niyyəti güdür.

Məsələni dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Avropanın enerji bazarında inhisarçı olmaq və Qərbi özündən asılı vəziyyətə salmaq istəyir: "Dünya dəyişir, Qərb ölkələri daha yaxşı anlayırlar ki, Moskvadan asılılıq onları məhvə aparır. Çünki Ukraynadakı hadisələr Avropanın gözünü qorxudub. Ona görə də alternativ enerji mənbələri axtarırlar. Ən ideal alternativ mənbə isə məhz Azərbaycan qazıdır. Layihələrə əsasən iki boru xətti tikilməlidir. Digər qaz yataqları haqqında da söhbətlər gedir, amma onlar hələlik reallaşmayan layihələrdir. Amma Azərbaycanın Türkiyə və Gürcüstanla birgə həyata keçirdiyi layihələr realdır və qısa zamanda fəaliyyətə başlayacaq”. E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan qazı Avropa bazarı üçün azdır: "TAP boru xətti ilə ötürülən 16 milyard kubmetr qazın 6 milyardı elə Türkiyə üçün nəzərdə tutulub. Sadəcə 10 milyard kubmetr qaz Avropaya gedəcək ki, bu da onların tələbatını ödəmir. Ona görə Avropa Türkmənistan qazının layihəyə qoşulmasında maraqlıdır. Azərbaycan da türkmən qazının Avropaya çatdırılmasını istəyir. Amma bu məsələ daha çox Avropanın problemidir. Çünki vaxtı ilə "Nabukko” layihəsi də müzakirə olunarkən türkmən qazı gündəmə gətirildi və Azərbaycan Rusiya ilə üz-üzə qoyuldu. Qərb bizə dəstək vermədi. Əgər indi Avropa Türkmənistan qazını istəyirsə, aktiv şəkildə prosesə qatılmalı, həmin ölkə ilə danışıqlara başlamalıdır. Qərb ölkələri Azərbaycanı və Türkmənistanı Kremlin təhdidlərindən qorumalıdır”.

Politoloq hesab edir ki, Rusiyanın enerji layihəsinə görə müharibəyə başlayacağı ehtimalı zəifdir: "Rusiya sadəcə Xəzərin dibi ilə boru xəttinin inşasına qarşı çıxa bilər. Amma bu da artıq mümkün deyil. Çünki Rusiya özü dənizin dibi ilə boru xətti çəkib. Əgər ekoloji cəhətdən təhlükəlidirsə, onda niyə özü bunu edib?! İnanmıram ki, bundan belə Rusiyanın bəhanələri nəzərə alınsın. Əgər sanksiyalar ortadan qaldırılarsa, gələcəkdə İran da bu layihəyə qoşula bilər. Hətta Türkmənistanla İran arasında boru xətti çəkib total şəkildə layihəyə qoşa bilərlər. Yəni bütün hallarda Rusiyadan yan keçəcək alternativ boru xətləri reallaşacaq”.

İsmayıl