Moskva həm Azərbaycanı, həm də Ermənistanı əldə tutmaq istəyir

Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması məhz bununla bağlıdır


ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl Dağlıq Qarabağ münaqişəsində 2018-ci ilin sakit keçdiyini deyib. Lakin Qoblun iddiasına görə, Rusiya 2019-cu ildə bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə bilər. Onun fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ona görə ki, bu zaman həm Bakıya, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur: "İki fundamental dəyişiklik situasiyanı başqa yönə çevirmək qabiliyyətindədir. 

Bunlardan biri Ermənistanda Moskva ilə arası olmayan qüvvənin hakimiyyətə gəlməsidir. İkincisi isə Azərbaycanın rəsmi Moskva ilə münasibətlərini daha da dərinləşdirməsidir. Paşinyanın hələ ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək gücü yoxdur. O, hazırda diqqətini daxili problemlərə yönəldib. Çətin ki, Ermənistanın baş naziri nüfuzlu Qarabağ klanı ilə daban-dabana zidd düşən addımlara getsin. Moskva Dağlıq Qarabağ məsələsində İrəvanı öz mövqelərindən geri çəkilib güzəştə getməyə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər”.

Amerika rəsmisinin açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu diplomatın fantaziyalarının sərhəd tanımadığını deyib:

 "Qobl deyir ki, Moskva Azərbaycanı əldə edəcəyinə əmin olarsa, Ermənistanı satacaq. Metyu Brayza isə bildirir ki, Nikol Paşinyan Qarabağ münaqişəsinin həllində riskə gedə bilər. Nə Moskva Qoblun təbirincə desək, Ermənistanı "satmağa” hazırdır, nə də Brayzanın dediyi kimi, Paşinyanın "riskə” getmək istəyi var. Çünki Paşinyan riskə gedərsə, hakimiyyətini itirəcəyini bilir. Moskvanın dəstək verdiyi "Qarabağ klanı” pusqudadır və məqam axtarır ki, Paşinyana zərbə endirsin. O ki qaldı Rusiyanın Azərbaycanı "əldə etməsinə”, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü müzakirə etməyə hazırdır. Daha hansı addım atılmalıdır ki, Moskva Bakının səmimiyyətinə inansın? Məsələ bunda deyil. Moskva həm Azərbaycanı, həm də Ermənistanı əldə tutmaq istəyir. Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması məhz bununla bağlıdır”.

İsmayıl