Moskva ilə üz-üzə durmaq Bakı üçün ziyanlıdır- POLİTOLOQ




Ukraynanın Krımda insan haqlarına dair qətnaməsinin səsverməsində iştirak etmək Azərbaycanın maraqlarına ziddir. 

Bu sözləri Sherg.az-a politoloq İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, indiki vəziyyətdə Rusiya ilə üz-üzə dayanmaq Azərbaycana xeyir gətirməz: 

"GUAM ölkələri hər zaman ərazi bütövlüyü məsələlərində daha yekdil davranmağa çalışırlar. Son zamanlar isə bu problemlərdə fövqəl güclərin qarşıdurması mühüm rol oynamağa başlayıb. Ərazi münaqişələri dövlətlərin daxili məsələsi olmaqdan çıxıb, iri dövlətlərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılması səviyyəsinə çatıb. Azərbaycan bu məsələlərdə həmişə ehtiyatla davranıb. Krım məsələsində ön mövqedə çıxış etmək milli maraqlarımıza cavab verməməklə yanaşı, fayda da gətirmir. Qətnamə konkret problemi həll etmək təşəbbüsü ilə deyil, Rusiyanı günahlandırmaq üçün hazırlanıb. Rusiya ilə üz-üzə durmaq indiki şəraitdə Azərbaycan üçün ziyanlıdır. Krım məsələsində olduğu kimi digər ərazi münaqişələrində dünya birliyi həssa davransa, münaqişə ocaqları bu qədər böyüməzdi”.

Qeyd edək ki, Ukraynanın Krımda insan haqlarına dair qətnaməsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılıb. Baş Assambleyanın sosial, humanitar və mədəniyyət məsələləri üzrə Üçüncü Komitəsi tərəfindən qəbul edilən sənədin səsverməsində Azərbaycan iştirak etməyib.

Ayyət Əhməd