Moskva iqtisadi islahatlar aparmalıdır

“Əks təqdirdə, Rusiya iqtisadiyyatında cidd problemlərin yaranacağı qaçılmazdır”



Beynəlxalq Valyuta Fondu növbəti dəfə Rusiyaya təcili islahatlar aparmağı tövsiyə edib. Tövsiyələr isə əsasən iqtisadiyyatın enerji sektoruna aid olub.

BVF-nin icraçı direktor müavini Min Çju Rusiyanın ABŞ-dakı səfirliyində keçirilən konfransdakı çıxışı zamanı qeyd edib ki, hər bir BRİKS ölkəsi üçün bizim özəl tövsiyələrimiz var. "Belə ki, biz Rusiyanı iqtisadi islahatlar həyata keçirməyə çağırırıq”.

Qeyd edək ki, BRİKS ölkələri, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası nəzərdə tutulur.

İqtisadçı-ekspert Natiq Cəfərli BVF-nin dediklərini əslində xəbərdarlığın Rusiya iqtisadiyyatında büruzə verməsinin sübutu kimi görür: "BVF və digər nüfuzlu təşkilatlar Rusiya və enerjidən asılı
olan ölkələrə həmişə belə tövsiyə xarakterli çıxışlar ediblər. İndi dünya bazarında enerji daşıyıcılarının qiymətinin enməsi uzun müddət qiyməti ucuz olma ehtimalının qalması qonşu ölkə iqtisadiyyatını çox kövrək bir hala gətirib. Çünki BVF illərdir Rusiyanı iqtisadiyyatını çoxşaxəli bir modelə keçməyə çağırır və enerji daşıyıcılarından asılı olan iqtisadi modelin dayanıqlı olmadığını bildirirdi. Lakin şimal qonşumuz son illərdə, xüsusilə 2005-2006-cı ildən sonra enerji daşıyıcılarının qiymətinin kəskin qalxması dövründə bu cür tövsiyələrə o qədər də önəm vermirdi. Lakin indiki vəziyyətdə açıqlamalara əsasən yaxın 5-6 il ərzində aşağı səviyyədə olacaq”.

N.Cəfərlinin fikrincə, Rusiya BVF tövsiyələrini qulaqardına vurmamalıdır: "Çünki Avropa Birliyinin sanksiyaları nəticəsində Rusiyanın qaz qiymətinin və satış bazarlarının azalması büdcəsinə mənfi təsir edir. Belə ki, Rusiyanın dövlət büdcəsinin 30 faizini qaz satışından əldə olunan gəlirlər təşkil edir. Bu baxımdan hesab edirəm ki, Rusiyada islahatların aparılması qaçılmazdır. Bu yaxınlarda yayılan məlumatlara görə, ölkə başçısının rəhbərliyi altında iqtisadiyyat komisiyyası yaradılıb və müəyyyən təkliflərin hazırlanması da gözlənilir. Çünki Rusiya yeni iqtisadi modellər keçsələr, bir o qədər dayanıqlı bir ölkəyə sahib ola biləcəklər. Ona görə də düşünürəm ki, Rusiya da bu yöndə addımlar atmağa məcbur olacaq. Əks təqdirdə, Rusiya iqtisadiyyatında bundan da cidd problemlərin yaranacağı qaçılmazdır. 2015-ci ilin ilk rübündə bu özünü ümumdaxili məhsulda göstərdi. 3 faizlik azalma qeydə alındı. Əgər yeni iqtisadi islahatlar həyata keçirilməsə, ölkə iqtisadiyyatının çöküşü sürətlənə bilər və bu da sosial gərginliyin yaranmasına gətirib çıxara bilər”.

Vüqar Şahinoğlu