"Moskva İrəvana nəzarəti itirməmək üçün hər şey edəcək" - Paşinyan cəzalana bilər

"Moskva-İrəvan arasında ziddiyyətlər uzun müddət davam edəcək. Bunun səbəbi Qərbdən dəstək alan Paşinyanın hər zaman Ermənistanı müdafiə edən Rusiyaya arxa çevirməsidir”.
Bunu "Sherg.az”a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Ermənistan-Rusiya gərginliyi barədə danışan politoloq bildirib ki, Rusiya rəsmiləri tərəfindən edilən xəbərdarlıqlar, qazın qiymətinin artırılması ilə bağlı məlumat, o cümlədən Putinin mətbuat konfransında Ermənistanla bağlı söylədiyi ifadələr göstərir ki, Moskva İrəvana nəzarəti itirməmək üçün hər şeyi edəcək:
"Əslində, başqa cür düşünmək əsassızdır. Rusiyanın Ermənistanda hərbi bazaları var. Ölkənin sərhədləri rus qoşunları tərəfindən qorunur. Yəni Paşinyana rəğmən, Ermənistanda Rusiyanın təsir gücü kifayət qədər böyükdür. Paşinyana qarşı formalaşan siyasi müxalifət, yəni Respublikaçılar və Daşnaksütyun partiyaları da rusyönümlü siyasət yeridirlər. İki partiyanın ətrafına cəm olan insanların hamısı ən böyük müttəfiq kimi Rusiyanı görürlər. 
Ona görə də Kreml qərbyönlü düşüncəyə meyl edən Paşinyana deyil, "Qarabağ klanı”na dəstək verir. Paşinyan nə qədər çalışsa da, Rusiyanın nüfuz dairəsindən çıxa bilməyəcək. Sırf bu səbəbdən Moskva arxayın və sakit şəkildə Ermənistanda gedən prosesləri izləyir. Paşinyan heç vaxt Rusiya ilə kəllə-kəlləyə gəlməyə risk etməz. Şübhə yoxdur ki, Ermənistanın yeni hökuməti "qırmızı xətti” keçərsə, Moskva tərəfindən cəzalandırıla bilər”.
Qeyd edək ki, Rusiya-Ermənistan münasibətlərinin əvvəlki vəziyyətdə olmadığı aşkar şəkildə özünü büruzə verir. Hadisələrin gedişi ikili əlaqələrin daha da gərginləşə biləcəyini göstərir. Görünən odur ki, Rusiya lideri Putin Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir. Rusiyanın rəsmi dairələrinin açıqladığı hər hansı bəyanat ya baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın özü, ya da ki, digər bir rəsmi şəxs tərəfindən təkzib edilir.
İsmayıl