Moskvanın Qarabağ planı dəyişir?

Arzu Nağıyev: “Hələlik Rusiya verdiyi bəyanatlardan o tərəfə heç bir addım atmır”
Natiq Miri: “NATO təhlükəsi qarşısında Rusiya heç vaxt Ermənistanı Azərbaycan qarşısında zəiflətməz”

Ərəstun Oruclu: "4-5 rayonun geri qaytarılması situasiyada heç bir dönüş yaratmır”

Elçin Mirzəbəyli: "İndiki şəraitdə Rusiyanın Ermənistana birbaşa təzyiq edəcəyi gözlənilən deyil”

Araz Əlizadə: "Azərbaycan müharibəyə başlasa, Rusiya bizə qarşı heç nə edə bilməz, etməz”

Elxan Mehdiyev: "Bir az ehtiyatla danışmağa məcburuq”

Qabil Hüseynli: "Artıq Rusiyanın mövqeyində kardinal dəyişikliklərin baş verdiyinin şahidi olmaqdayıq”

Son günlər Azərbaycan və Rusiya ətrafında cərəyan edən proseslər, keçirilən birgə tədbirlər, verilən bəyanatlar iki dövlət arasında ciddi yaxınlaşmanın olduğunu göstərir. Xüsusən, XİN başçılarının Moskva görüşü şimal qonşumuzla olan münasibətdə yeni mərhələnin formalaşdığını deməyə əsas verir. Rəsmilərin verdiyi nikbin bəyanatlardan da görünür ki, Kreml ilk baxışdan Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən razılığın əldə olunmasında maraqlıdır. Əksər siyasi ekspertlər hesab edirlər ki, Qərbin sanksiyalarından əziyyət çəkən Rusiya özünə yeni müttəfiqlər axtarır.

Onların fikrincə, Moskva ağır duruma düşən iqtisadiyyatını nisbətən dirçəltmək və Qərbin qarşısında tab gətirmək üçün postsovet ölkələri içindən özünə dayaq axtarır. Təbii ki, Rusiya üçün ən mükəmməl dayaq Cənubi Qafqazın lider dövləti olan Azərbaycandır. Hətta Moskvanın güclü Azərbaycana görə, zəif Ermənistandan vaz keçəcəyi də istisna edilmir. Şimal qonşumuzla olan münasibətlərə münasibət bildirən xarici işlər naziri Elmar Məmmədyarov da Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf etməsinin hər iki dövlət üçün zəruri olduğunu vurğulayıb: "Azərbaycan-Rusiya əlaqələrinin dinamik inkişafı çox sevindirici haldır. Çünki əməkdaşlığın inkişafı regionda stabillik və təhlükəsizliyin təmin olunmasına vacib töhfə verir”. Amma tərəflər arasında formalaşan münasibətlə bağlı siyasi ekspertlərin fikirləri birmənalı deyil. Əlaqələrin səmimi olduğunu və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyini düşünənlərlə yanaşı, əks görüşdə olan politoloqlar da var.

Tanınmış siyasi icmalçı Arzu Nağıyev deyir ki, Dağlıq Qarabağ məsələsinin həllində bizə yardımçı olan istənilən dövlət ən yaxın tərəfdarımızdır: "Beynəlxalq qurumlardan bir tələbimiz var, o da BMT və digər təşkilatların qərarlarının icrası istiqamətində müvafiq işlər aparmaqdır. Təəssüf ki, bu, alınmır. ATƏT-in Minsk Qrupunun üzvlərindən olan Rusiyanın münaqişənin həllində oynaya biləcəyi rol müstəsnadır və daha doğrusu, çox şey bundan asılıdır. Ancaq təəssüf ki, rusların da öz maraqları var. Hələlik Rusiya verdiyi bəyanatlardan o tərəfə heç bir addım atmır. Moskva sadəcə regionda söz sahibi olduğunu nümayiş etdirməyə çalışaraq, Qərbə özünü göstərməyə çalışır. Eyni zamanda Qərbin Azərbaycanla karbo-hidratlarla bağlı birgə layihələr planlaşdırması Rusiyanı ciddi narahat edir. Fikrimcə, maraq olmasa, heç bir yaxınlıqdan söhbət belə gedə bilməz. Rusiya ilə balanslı siyasət aparmaq daha məqsədəuyğundur”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri iki dövlət arasında yaxınlaşmanın geosiyasi reallıqlardan irəli gəldiyini və uzun vədəli perspektiv daşıdığını deyib: "Rusiya postsovet ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemini tanımır. Onlara öz arxabaxçası, əhatə dairəsi kimi baxır. Ona görə də uzun vədədə Azərbaycan bu cür münasibətlərə razı olmayacaq və özünün müəyyən suveren hüquqlarının Rusiyaya verilməsilə barışmayacaq. Çünki Rusiya Qarabağ probleminin həllinə yardım etmək müqabilində Azərbaycanı öz yaratdığı ittifaqda görmək istəyir. Amma həmin təşkilatda tam müstəqil və suveren olmaq mümkün deyil. Üstəlik, Rusiyanın Ermənistanı Azərbaycanın ayağına verəcəyini düşünmək də absurd olardı. Ermənistan Rusiya üçün geosiyasi faktordur və NATO-nun müttəfiqi olan Türkiyəni saxlamaq üçün düşünülüb. NATO təhlükəsi qarşısında Rusiya heç vaxt Ermənistanı Azərbaycan qarşısında zəiflətməz”.

Politoloqun fikrincə, bütün bu oyunlar yenidən güclənənədək Azərbaycanı öz orbitində saxlamaq niyyəti güdür: "Rusiya yalançı bir dövlətdir, bütün siyasəti yalan üzərində qurulub. Öz xalqını aldatmaqla bərabər dünyaya da yalanlar sırımaqda davam edir. Bu cür ölkəylə hər hansı bir iş görməmişdən öncə ən azı iki dəfə düşünmək lazımdır. Bir sözlə, Azərbaycan-Rusiya yaxınlaşmasının Qarabağ probleminin həllinə gətirəcəyinə inanmıram”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr Rusiyanın mövqeyi kontekstindən aparılır: "Nazir Elmar Məmmədyarov açıq şəkildə dedi ki, başlıca problem olan Qarabağ münaqişəsi öz həllini tapmaq şərti ilə Azərbaycan Rusiyanın yaratdığı iqtisadi qurumlara üzv ola bilər. Hər şey Rusiyanın Ermənistana nə qədər təsir etməsi ilə bağlıdır. Məsələn, bu təzyiq Sarkisyanın hakimiyyəti dövründə baş verərsə, onda Sarkisyan var-gücü ilə çalışacaq ki, Rusiyanın bu addımının qarşısını alsın. Yox, əgər siyasi gələcəyini Sarkisyanla yox, Rusiyanın başqa bir namizədi ilə görmək istəyən dövlət rəsmiləri olacaqsa, onda onlar Moskvanın planında rol alacaqlar. Yəni burda hakimiyyət məsələsi dominantlıq edəcək. Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə həlledici mərhələyə keçmək üzrədir. Əvvəlkindən fərqli olaraq, Sarkisyana qarşı mübarizə müxalifət deyil, eks-prezident Robert Köçəryan və onun tərəfdarları tərəfindən aparılır. Hərçənd, qeyd-şərtsiz torpaqların qaytarılması planı ağlabatan deyil, çünki Ermənistanda kim buna qol qoysa, gözdən düşəcək”. Ə.Oruclu deyib ki, 4-5 rayonun geri qaytarılması situasiyada heç bir dönüş yaratmır. Ancaq Azərbaycanın Avrasiya Birliyinə, Gömrük İttifaqına qəbul edilməsi daha önəmlidir: "Rusiya Ermənistan üçün elə güzəştlər tapmalıdır ki, onları buna razı sala bilsin”.

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, işğal faktının həyata keçirilməsi prosesində Kremlin iştirakı heç kimə sirr deyil: "Rusiya münaqişənin tənzimlənməsi prosesində vasitəçi yox, tərəfdir. Yəni konkret olaraq Ermənistanın hərbi müttəfiqi kimi işğalın davam etdirilməsini stimullaşdırır. Bu baxımdan şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması bütövlükdə hər iki dövlətin maraqlarına xidmət edir. Rusiya üçün Azərbaycan əhəmiyyətli geosiyasi mövqedə yerləşir. Cənubi Qafqaz siyasətində Azərbaycanın mövqeyi kifayət qədər mühümdür. Ona görə də Moskva Bakı ilə münasibətlərin normal müstəvidə qalmasında maraqlıdır. Amma əfsuslar olsun ki, Rusiyanın yürütdüyü siyasətdə çox ciddi problemlər var. Bu problemlər iki dövlət arasındakı münasibətlərin tam yaxşılaşmasına imkan vermir”.

E.Mirzəbəyli bildirib ki, Rusiya regionda liderliyini iqtisadi gücü və potensialı hesabına qurmaq niyyətində deyil. Kreml hər zaman olduğu kimi qaba güclə, yəni münaqişələr yolu ilə siyasi maraqlarını həyata keçirməyə cəhd göstərir: "İndiki məqamda verilən bəyanatların nə dərəcədə səmimi olduğunu öncədən söyləmək çox çətindir. Əgər Rusiyanın səmimi istəyi olarsa və münaqişənin həlli istiqamətində prinsipial addımlar atarsa, problemin həlli üçün geniş perspektivlər yarana bilər. Xarici işlər naziri E.Məmmədyarov açıq şəkildə vurğuladı ki, Rusiyanın mühüm layihələrdə iştirakı məhz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən keçir. Əslində bu, bir mesaj idi. Rusiyanın mesaja hansı formada cavab verəcəyi məsələsi isə bəlli deyil. Birmənalı fikir söyləmək çətindir. Ancaq indiki şəraitdə Rusiyanın Ermənistana birbaşa təzyiq edəcəyi gözlənilən deyil”.

Politoloq Araz Əlizadə bəyan edib ki, qonşu ölkələrlə, xüsusən Rusiya ilə əlaqələrin yaxşılaşması müsbət haldır. Amma: "Dağlıq Qarabağ məsələsinin açarı Azərbaycanın cibindədir. Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa qərar versə və müharibəyə başlasa, Rusiya bizə qarşı heç nə edə bilməz, etməz. Əgər kimsə düşünürsə ki, Moskva torpaqlarımızı ermənilərdən alıb bizə qaytaracaq, çox böyük səhv edir”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev isə deyib ki, Rusiya münaqişənin həllinə öz ağırlığını qoyarsa, prosesdə müsbət dəyişiklik ola bilər: "Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun həmkarı Lavrovla görüşməsi və müəyyən nikbin bəyanatlar verməsi problemin həllinə ümid yaradır. Amma əsas məsələ Moskvanın mövqeyinin əvvəlkilər kimi epizodik olmamasıdır. Bilirsiz ki, Rusiya Azərbaycanla bağlı zaman-zaman bu cür mövqe sərgiləyib və sonra biz fərqli hadisələrin şahidi olmuşuq. Ona görə də bir az ehtiyatla danışmağa məcburuq”.

Politoloq Qabil Hüseynli vurğulayıb ki, son Moskva görüşünü indiyədək aparılan danışıqlar prosesinin ən səmərəlisi və uğurlusu hesab etmək olar: "Əvvəlki görüşlərdən və danışıqlardan fərqli olaraq bu dəfə Azərbaycanın xarici işlər naziri Moskvada çox yüksək səviyyədə qarşılandı. Həmçinin, görüşün yekunu olaraq protokol imzalandı. İndiyədək belə bir praktika olmayıb. Rəsmi Moskva tərəfindən Azərbaycana yönəlik ümidverici bəyanatlar səsləndirilməsi də yenilikdir”. Moskvanın Qarabağ probleminin həllinə yardımçı olacağı halda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulması ilə bağlı təkliflərə politoloq belə cavab verib: "Rusiyanın indiki çətin dövründə Azərbaycan kimi dövlətin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına daxil olması Rusiyanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi baxımından mühüm rol oynayacaq. Zənnimcə, bu məsələlərdə qarşılıqlı sövdələşmə hər iki tərəf üçün faydalıdır. Artıq Rusiyanın mövqeyində kardinal dəyişikliklərin baş verdiyinin şahidi olmaqdayıq. Bu nöqteyi-nəzərdən baş verən proseslərin ümidverici olduğuna inanıram”.

İsmayıl