Aqşin Yenisey: “80-cilər və onlardan sonrakı nəsilləri məişət məhv elədi”
“Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatına Allahın bəxş etdiyi bir hədiyyədir”
Əsəd Cahangir: “Bu qədər istedadı olan bir adamın digər istedadlı adamlara, onların yaradıcılığına mane olmasına inanmıram”
Aqşin Yenisey: “80-cilər və onlardan sonrakı nəsilləri məişət məhv elədi”
Aqşin Yenisey: “80-cilər və onlardan sonrakı nəsilləri məişət məhv elədi”
80-cilər ədəbi nəslinin taleyi son günlər ədəbi mühitdə əsas müzakirə predmetlərindən birinə çevrilib. Onlar barəsində söz-söhbətlər yenidən gündəmə gəlib. Mövzu ilə bağlı mətbuata açıqlama verən yazarların isə bir qismi 80-cilərin "İtirilmiş nəsil”, digərləri isə 60-cıların kölgəsində qaldığını iddia ediblər. Qeyd edək ki, yazıçı Əlabbas Bağırov Xalq yazıçısı Mövlud Süleymanlını ağır ittiham edib. Aznews.az-a müsahibə verən Ə.Bağırov M.Süleymanlını bədxah adam adlandırıb:
"Faciə ondadır ki, Mövlud Süleymanlı istedadlı adamdır, gözəl nasirdir, kəndi, onun psixologiyasını, dili gözəl bilir. Amma məni çaşdıran odur ki, o cür istedadın yiyəsi də bu qədər bədxah ola bilər yəni? Özü də tək mənim yox, bütün 80-cilərin başında qoz sındırıb o. Onun çap etdiyi gənclərdən, söhbət gənclərdən gedir, biri də ədəbiyyatda qalmayıb”.
Xalq yazıçısı M.Süleymanlı isə Ə.Bağırovun ittihamlarına cavab verərək onun fikirlərinin əsassız olduğunu deyib: "Nə istəyir desin. Qoz sındırıb nədir? Hamısı yalandır. Yaza bilməyən həmişə belə bəhanələr edər. Bunu görə-görə gəlmişəm. Yazsın da, ona mane olan var?”. Görəsən, gənc yazarlar və tənqidçilər necə düşünür? Doğrudan da, 80-cilər itirilib və yaxud onlara yazmağa nə mane olurdu?
Tənqidçi Əsəd Cahangir Mövlud Süleymanlını qəddar bir adam kimi təsəvvür edə bilmədiyini deyib. Onun sözlərinə görə, Mövlud Süleymanlı təkcə Azərbaycan ədəbiyyatının yox, bütövlükdə dünya ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir:
"Belə bir nadir istedadlı yazıçımız var. Mən onu Azərbaycan ədəbiyyatına Allahın bəxş etdiyi bir hədiyyə kimi görürəm. Mövlud Süleymanlı yaradıcılığını dərk etmək üçün 20-ci əsrin ən böyük ədəbi, estetik, elmi, fəlsəfi nəzəriyyəsini köməyə çağırmaq lazımdır. Bu qədər istedadı olan bir adamın digər istedadlı adamlara, onların yaradıcılığına mane olmasına inanmıram. Bədxahlıq ondan çox uzaqdadır. Mən təkcə onun yaradıcılığına bələd deyiləm, şəxsən də çox yaxından tanıyıram. Sadalanan xüsusiyyətlərin heç birini onda görməmişəm”.
Konkret olaraq, 80-ci illər ədəbi nəsrinə gəldikdə isə Ə.Cahangir həmin dövrün yazarlarının öz istedadlarını üzə çıxara bilməməsinin bir neçə səbəbləri olduğunu deyib: "İlk olaraq onu deyim ki, hər bir istedad halqasının başlanğıcı, zirvəsi və sonu olur. Azərbaycan ədəbiyyatında istedadın yeni dalğası 60-cı illərə təsadüf edib. Bu dalğa 70-ci illərdə özünün inkişaf səviyyəsinə qalxdı və nəhayət, 80-ci illərdə öz sonuna doğru irəliləməyə başladı. İkinci faktor isə ictimai-siyasi proseslərin aktivləşməsi ilə bağlıdır. 80-cilər ədəbi nəsrinin nümayəndələri ədəbiyyata gəlib, ilk yazılarını çap etdirib, öz imzalarını tanıdana qədər Qarabağ hadisələri başladı. Müharibə, işğal, aclıq insanların ədəbiyyatdan uzaqlaşmasına səbəb oldu. Beləliklə də, bu dövrün yazarlarının çiçəklənən dövrü ictimai-siyasi hadisələrin içərisində itib-batdı. 10 illik fasilədən sonra onlar yenidən ədəbiyyata qayıtsalar da, artıq müəyyən yerlər tutulmuşdu. Sənətdə müəyyən bir dövr var ki, onu yarım qoyanda sonradan qayıtsan belə, əvvəlki kimi realizə edə bilmirsən. Deməli, 80-cilər ədəbi nəsrinin kölgədə qalmasının ilk səbəbi onların 60-cılar dalğasının sonunda meydana çıxması, ikincisi isə onların 90-cı illərin ictimai-siyasi hadisələri tərəfindən sıxılması idi. 80-cilər Azərbaycan ədəbiyyatında özlərini tam realizə edə bilməyiblərsə, buna görə ayrı-ayrı şəxsləri, o cümlədən də, Mövlud Süleymanlı kimi istedadlı yazıçını ittiham etmək əsassızdır. Bu sadəcə dövrün tələbi, onların taleyi ilə bağlı olan bir məsələdir. Mənə elə gəlir ki, onlar öz taleləri ilə hesablaşmalıdırlar”.
Tənqidçinin sözlərinə görə, 80-cilərin parlaya bilməməsi heç də həmin dövrün yazıçılarının istedadsız olması ilə bağlı deyil. Onların içərisində kifayət qədər potensiala sahib şəxslər olub, hansı ki, bir hissəsi bugünkü ədəbiyyatımızın parlaq simaları hesab olunurlar: "Rəhim Əliyev, Məti Osmanoğlu, Həmid Herisçi, Murad Köhnəqala kimi yazarların hər biri ədəbiyyatımızın aparıcı qüvvələri sayılır. Elə Əlabbas Bağırovun özünü də kifayət qədər istedadlı yazar hesab edirəm. İlk qədəmləri təlatümlü dövrlərə təsadüf etsə də, zaman onların istedadını məhv edə bilmədi. Deməli, burada yazarın istedadı ilə yanaşı, şəxsi iradəsinin də kifayət qədər önəmi var. Əks halda, Həmid Herisçi 80-ci illərə rəğmən 90-cı illəri də keçib bugünkü ədəbiyyatımızın bayraqdarlarından biri ola bilməzdi”.
Şair Aqşin Yenisey isə 80-cilərin "alın yazısı” ilə bağlı konkret səbəbləri sadalayıb:
"Birincisi, 80-cilər 60-cıların yaradıcılığının yox, ictimai-siyasi imtiyazlarının kölgəsində boy ata bilmədilər. İkincisi, 60-cılar ədəbiyyatın təbii inkişafının yox, özlərindən əvvəl məhv edilmiş nəsillərin yerinə siyasi ideologiyanın uydurduğu, bəslədiyi ədəbi nəsil idi. Üçüncüsü, 60-cılar, Azərbaycan ədəbiyyatında dil faktı kimi qaldılar, 80-cilər üslubçular idilər, daha dünyəvi istiqamət seçmişdilər. Vaqif Bayatlının bir şeirində deyildiyi kimi, 80-cilər "özünü diz eyləmiş çiçək”lər idilər. 60-cılar kimi diz üstə böyüməmişdilər. Mənə elə gəlir ki, 80-ciləri görmək üçün geriyə yox, qabağa baxmaq lazımdır. Onların zamanı hələ qabaqdadır”.
80-ci illərin istedadına kölgə salan maneələrə gəldikdə isə şair deyib ki, 60-cılar Stalinin balaları idilər: "Onlara ədəbiyyatla məşğul olmaq üçün istirahət mərkəzlərindən tutmuş səyahət qrafiklərinə qədər hər bir şərait yaradılmışdı. 80-cilər və onlardan sonrakı nəsilləri isə məişət məhv elədi. İstedad özbaşına inkişaf edə bilməz. Ona ya cəmiyyət, ya da dövlət arxa durmalıdır. 60-cılara SSRİ-nin yaratdığı şəraitlə, ancaq Mövlanəyə Səlcuq hökmdarlarının yaratdığı şəraiti tutuşdurmaq olar”.
Şəymən