Müalicəyə və ticarətə gedənlərə bəd xəbər...

Azərbaycan vətəndaşları İrana 15 gündən bir gedə biləcək

Ortada rəsmi qərar olmadığına görə qadağa müvəqqəti xarakter daşıyacaq
Biləsuvar gömrük məntəqəsi yeni qaydaya keçib. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər.
Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burda da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar. Ancaq hər iki gömrük məntəqəsində bunun səbəbləri ilə bağlı hər hansı izahat vermirlər. İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər. Lakin iranlılar Azərbaycana gələrkən viza almalı olurlar.
Ekspert Azər Allahverənovun sözlərinə görə, heç bir rəsmi açıqlama olmadığı üçün Azərbaycan vətəndaşlarının İrana hər 15 gündən bir buraxılmasının səbəbləri ilə bağlı konkret fikir bildirmək çətindir: "Amma istənilən halda bu qərarın effektiv olacağını düşünmürəm. Çünki Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verilməsi həm Azərbaycan, həm də İran vətəndaşları üçün kifayət qədər əlverişli idi. İqtisadi maraqlar və kulturoloji əlaqələrin gücləndirilməsi baxımından əvvəlki qərar daha məqsədəuyğun idi. Ümid edirəm ki, yeni qərar müvəqqəti olacaq və Azərbaycan vətəndaşları yenə də İrana əvvəlki qaydalar ilə buraxılacaqlar. Amma indiki halda bu qərar artıq verilib və hər bir Azərbaycan vətəndaşı da buna əməl etməlidir”.
Belə bir qərarın İrana gedən Azərbaycan vətəndaşlarının sayının azaldılmasına hesablandığına gəldikdə isə A.Allahverənov bu yanaşmanın doğru olmadığını deyib. Onun sözlərinə görə, İrana insanlar daha çox ticarət və müalicə məqsədi ilə gedirlər: "Təbii ki, müəyyən mənada ticarət məqsədi ilə İrana gedən vətəndaşlarımız üçün bu qərar xoş olmayacaq. Çünki onlar işləri ilə əlaqədar tez-tez qonşu ölkəyə keçməli olurlar. Amma bu qərarın sırf həmin insanların İrana getməsini əngəlləmək üçün verildiyinə inanmıram. O ki qaldı müalicə məqsədi ilə İrana gedən insanlara, onların bir ay ərzində 4 dəfə İran ərazisinə keçib qayıtmasına heç bir zərurət yoxdur.
Adətən müalicə məqsədi ilə İrana gedən insanlar müalicəsini başa vurduqdan sonra geri qayıdır və bir neçə aydan sonra yoxlamalara gedir”.
Şəymən