Faciə istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməlidir
Müasir texnikaya ehtiyac yoxdur
Qanun o qadınların küçələri süpürməsinə qadağa qoymur
Faciə istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməlidir
Faciə istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməlidir
"Sabah o qadınların yerinə həmin işləri texnika görsə, onda da sual çıxacaq ki,
onları niyə işdən çıxardılar?”
Sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub. İstifadəçilər yolların texnika ilə deyil, belə yaşlı qadın süpürgəçilər tərəfindən təmizlənməsinə etiraz edərək, aidiyyəti qurumları qınayıb. Bəziləri isə bu məsələdə yaş məhdudiyyətini gündəmə gətirərək, Azərbaycanda əmək qabiliyyətinin 65 yaşa qədər olduğunu vurğulayıb. Sosial şəbəkə istifadəçiləri hesab edir ki, mərkəzi yolları xüsusi maşınlar süpürsün.
Qeyd edək ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə "KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunan Zaur Musayev saxlanılıb.
Ekspert Azər Allahverənov da qeyd edib ki, avtomobil yollarının təhlükəli hissələrinə (körpü, sürətli hissələri, sərt döngələri və s.) mümkün təhlükələrin, xüsusilə də həmin yollarda xidmət çəkən kommunal qurumların əməkdaşlarının xəsarət almalarını minimuma endirmək, ya da, ümumiyyətlə, qarşısını almaq üçün həmin işlərə xüsusi texnika cəlb edilməlidir: "Texnikanın qiyməti təxminən 50-100 min ABŞ dollarıdır. Bakı yollarının təhlükəli hissələri üçün 40-50 xüsusi texnika lazımdır ki, bunun üçün də aşağı-yuxarı 5 milyon ABŞ dolları tələb olunur. Əminəm ki, müvafiq dairələr bu kimi xüsusi texnikanın lazımi sayda əldə olunması ilə əlaqədar hərəkətə keçəcək”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ilk olaraq konkret hadisə ilə bağlı münasibət bildirib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verib və ölüm hadisəsi qeydə alınıbsa, Azərbaycan qanunvericiliyinə uyğun olaraq sürücü məsuliyyət daşıyır:
"Faktiki olaraq hadisə sürücünün ehtiyatsızlığı nəticəsində baş verən cinayət əməlidir. Çox güman ki, faktla bağlı açılan cinayət işi araşdırılacaq və təqsirli şəxs məsuliyyətə cəlb olunacaq”.
S.Məmmədovun sözlərinə görə, baş verən hadisə istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməlidir: "Təbii ki, burada Mənzil-Kommunal Təsərrüfat Birliyinin də məsuliyyəti var. Onlar öz işçilərini lazımi qaydada təlimatlandırmalı və onların təhlükəsizliyinə tam təminat verməli idilər”.
Liqa sədrinin sözlərinə görə, istehsalatda təhlükəsizlik texnikası qaydası pozulduğu üçün yaşlı qadın dünyasını dəyişib. "İlk başdan deyə bilmərik ki, orada qaydalara əməl olunub, yoxsa yox. Hələlik bu, istehsalatda bədbəxt hadisə kimi qeyd olunmalıdır. Buna görə isə işəgötürən birmənalı olaraq məsuliyyət daşıyır. İşə götürən avtomobillərin hərəkət istiqamətində çalışan işçiləri təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırmalı, onları xüsusi geyimlə təmin etməlidir, görmə məhdudiyyəti yaranan saatlarda sürücülərin orada obyekt olduğunu görməsi üçün nişan qoyulmalıdır. 2011-ci ildə qəbul olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna görə, vəfat edən şəxs sığortalanmalıdır. Ancaq maşın vuran xanım yaşlı olduğu üçün kompensasiya alacaq vərəsələrinin olduğunu güman etmirəm”.
Mərkəzi yollar xüsusi maşınlarla süpürülməlidir kimi iddialara gəldikdə isə S.Məmmədov hər zaman işçi qüvvəsindən istifadəyə haqq qazandırdığını deyib. Onun sözlərinə görə, işçi qüvvəsi həddindən artıq çox olan ölkələr küçələrin təmizlənməsi üçün müasir texnikalardan istifadə etməyə o qədər də meylli olmurlar. Effekt də eyni olur, çəkilən xərc də. Bir halda ki, qanun yaşlı insanların küçələri süpürməsinə qadağa qoymur, niyə də ehtiyacı olan insanlar bu işlə məşğul olmasın? Liqa sədri hesab edir ki, təhlükəsizlik qaydalarına əməl olunmaq şərti ilə qadınların küçələri təmizləməsi əmək qanunvericiliyinə zidd sayılmır:
"Əmək Məcəlləsində konkret olaraq göstərilib ki, qadınları hansı işlərə cəlb etmək olmaz. Həmin işlər arasında isə küçələri süpürmək kimi hallar öz əksini tapmayıb. Bu, qadınların sağlamlığına ziyan vuracaq ağır işlər kateqoriyasına aid deyil. Yəni Komunal Xidmətin bu işləri qadınlara həvalə etməməsi problemin həlli deyil. Sadəcə olaraq məsələ araşdırılmalı və küçələri təmizləyən qadınların təhlükəsizlik qaydaları ilə bağlı nə dərəcədə təlimatlandırıldığı aşkar olunmalıdır.
Bu işləri qadınların görməsinə, sabah o qadınların yerinə həmin işləri texnika görsə, onda da sual çıxacaq ki, onları niyə işdən çıxardılar? İşçi qüvvəsi çox olanda əl əməyindən daha çox istifadə edirlər, nəinki kapital tutumlu texnikadan. Həmin işlərdə qadınlar könüllü işləyirlərsə, onların ixtisara salınmasını, gördükləri işi bahalı qurğuların görməsinin tərəfdarı deyiləm. Azərbaycanda əhalinin sayı iş yerlərindən daha çoxdur. Ölkədə təqaüd də yüksək deyil. Ona görə kommunal təsərrüfat sahələri onları işə qəbul edir. Əlbəttə, hamısı isti geyimlə təmin olunmalıdır. Soyuq havalarda isti çay verilməlidir, işdə fasilələr olmalıdır. İşlərini nisbətən asanlaşdırmaq mümkündür. Əl alətləri müasirləşdirilməlidir, iş müddətləri azaldıla bilər”.
Şəymən