“Müayinə etdik, amma atası danışmağa qoymadı”

Müəllim tərəfindən zorlanan məktəblinin taleyinə biganə qalmamalıyıq



İnsan haqları üzrə ombudsman Elmira Süleymanova Şamaxıda 9-cu sinif şagirdinin müəllimi tərəfindən təcavüzə məruz qalması ilə bağlı respublikanın Baş prokuroru Zakir Qaralova müraciət edib. Bu barədə ombudsman özü məlumat verib. Ombudsman qeyd edib ki, hazırda araşdırmaların nəticəsini gözləyirlər.

Xatırladaq ki, məktəbli qızın müəllim tərəfindən zorlanması məlumatı bu ilin may ayında yayıldı. Məktəblinin valideynləri hadisədən qızın hamiləliyi üzə çıxdıqda xəbər tutduqlarını bildirirdilər və müəllimin cəzalanmasını tələb edirdilər. Şübhəli şəxs qismində istintaqa cəlb edilən müəllim isə olanları inkar edirdi. Hətta məhkəmə tibbi eksperti məktəbli qızın hamiləliyə rəğmən bakirə olmasına dair tibbi rəy də vermişdi.

Görünür, vəziyyətin belə mürəkkəb hal alması ombudsmanı Baş prokurora müraciət edib faktın araşdırılmasını nəzarətə götürməyini xahiş edib.

Məktəbli qızla bağlı digər bir xəbər isə onun paytaxta gətiriləcəyi və sığınacaqlardan birinə yerləşdirilməsi ilə bağlı idi.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova yeniyetmənin təhlükəsizliyi baxımından bunun vacib olduğunu düşünürdü.

Hətta M.Zeynalova belə bir təkliflə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etmişdi.

Məktəblinin hazırkı durumunu öyrənmək üçün M.Zeynalova ilə əlaqə saxladıq. Birlik sədri "Şərq”ə açıqlamasında bildirdi ki, belə bir təklif olsa da, qarşı tərəf bununla razılaşmayıb:

- Bizim təklifimiz yeniyetmə qızın mühafizəsi məqsədi daşıyırdı.

Çünki oxşar situasiyalarda zərərçəkmiş tərəfin basqıya, hədə-qorxuya məruz qalması rast gəlinən hallardır. Biz düşünmürdük ki, qız yaşadığı kənddə sakit bir şəraitdə ola bilər. Bunun özü də hardasa başadüşüləndir. Məktəbli bir qızın hamilə qalması faktına ailə üzvlərinin, yaxın qohumların, xüsusən də kənd camaatının sakit, anlayışla yanaşacağını gözləmək inandırıcı olmazdı. Ona görə də biz belə hesab etdik ki, qızın Bakıya gəlməsi və sığınacağa yerləşdirilməsi təhlükəsizlik baxımından daha məqsədəuyğundur. Bu məqsədlə də Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, təklifimizi bildirdik. Onlar da qızın ailəsi ilə əlaqə saxlayacaqlarını və ailənin razılığı olarsa, qızın Bakıya göndəriləcəyini dedilər. Lakin ailəsi qızın Bakıya gəlib sığınacağa yerləşməsinə razı olmadı. Amma biz məlumat aldıq ki, atası qızı Bakıya gətirib, hansısa qohumlarının evində saxlayır. Biz ailə ilə əlaqə yaratdıq, tibbi, psixoloji yardım təklif etdik. Onlar tibbi müayinədən keçmək təklifimizi qəbul etdilər. Dövlət müəssisələrinin birində qız tibbi müayinədən keçirildi. Psixoloq yardımından isə imtina etdilər. Hərçənd, mən hiss etdim ki, ana bunu istəyir, sadəcə, ata razı deyil.

M.Zeynalova yeniyetmə qızla da görüşdüklərini dedi:

- Qızla da görüşmüşük, tibbi müayinəyə aparmışıq. Ancaq onunla danışmağa atası imkan vermədi. Biz hətta hüquqi yardım göstərə biləcəyimizi də bildirmişik. Hələ ki, təklif etdiyimiz yardımlardan yalnız tibbi müayinədən keçməyi qəbul ediblər.

Yəni, bizim ictimai birlik üzərinə düşən, bacardığı işi təklif edib. Qəbul edib-etməmək artıq onların şəxsi istəyindən asılıdır.

M.Zeynalova baş vermiş hadisə ilə bağlı ciddi istintaq araşdırmalarının aparılmasının vacibliyini vurğuladı:

- Hadisə ətrafında çoxlu suallar var. İlkin məlumatlara görə, qıza təcavüz etmiş şəxsə CM-nin 152-ci maddəsiylə (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi açılıb. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Yetkinlik yaşına çatmayan qıza qarşı həqiqətən də seksual xarakterli hərəkətlər edilibsə, həm də bu hərəkətlər zorakılıqla müşayiət olunursa, bu maddənin nəzərdə tutduğu cəza çox yüngüldür. O qıza dəymiş mənəvi zərbəni heç ölçmək mümkün deyil. Həm də məktəbli iddia edir ki, müəllim bundan əvvəl də ona qarşı zorakılıq hərəkətləri edib, onu soyunub şəkil çəkdirməyə məcbur edib. Bunlar hamısı çox ciddi araşdırma və təsdiqlənəcəyi təqdirdə ağır cəzanın tətbiqini şərtləndirir. İctimaiyyət olaraq biz belə hadisələrə laqeyd qalmamalıyıq. Çünki burada söhbət təlim-tərbiyə ocağı hesab edilən məktəbdən və müəllimdən gedir. Müəllim belə bir iş görəcəksə, daha başqalarından nə gözləyək?! Ona görə də baş vermiş faktın ciddiliyi, onun ictimaiyyətə, təhsil sahəsinə təsiri nəzərə alınmalıdır.

Məlahət Rzayeva