
Mübarək Ramazan və Avropa Oyunları...
Oruc tutan idmançılar daha çox uğur qazanır

Azərbaycan Kapoeyra Federasiyası, "Sport Service Company” və "Black Garden "Black Garden Production”un birgə təşəbbüsü ilə Bakı-2015 Avropa Oyunları və müqəddəs Ramazan Ayı mövzusunda maraqlı video-çarx hazırlanıb. Video-çarxın əsas mövzusu idman yarışları zamanı, xüsusilə Bakı-2015 Avropa Oyunları ərəfəsində oruc tutacaq idmançılarla bağlıdır. Məşhur
boksçumuz Əli İsmayılovun da yer aldığı video-çarxdan görünən budur ki, bütün çətinliklərə baxmayaraq ölkənin aparıcı idman simaları yarışlar zamanı Allahın mübarək Ramazan ayında müsəlmanlar üçün vacib buyurduğu oruc ibadətinə əməl edəcəklər. Video-çarx İnterAz telekanalı ilə nümayiş olunur. Belə məzmunlu video-çarxın hazırlanması istər-istəməz bu sualı yaratdı ki, görəsən, idmançılar yarışlar zamanı oruc tuta bilirmi?
Bununla bağlı "MediaTV.az” saytı maraqlı material hazırlayıb.
Materialda qeyd olunur ki, 2012-ci il London Olimpiadası ərəfəsində yarışlar Ramazan ayına təsadüf etmişdi və bunu nəzərə alaraq da Londondakı otel və məscidlərdə müsəlman idmançıların ibadəti, o cümlədən oruc tutmaları üçün hər cür şərait yaradılmışdı.
"Sözsüz ki, Azərbaycan hökuməti və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsi də istənilən dinə məxsus, o cümlədən müsəlman idmançıların ibadət etməsi üçün mümkün şəraiti yaradıblar. Hətta Əməliyyat komitəsi qərara gəlib ki, Ramazan ayına təsadüf etdiyi üçün yarışlar keçirilən arenalarda spirtli içki satılmasın. Qonaqlar, idmançılar stadionlarda onsuz da spirtli içkidən istifadə etmir. Bununla belə idman arenalarının ətrafındakı mağazalarda da spirtli içki satışı tamamilə qadağan olunub.
3000-dən çox müsəlman idmançının qatıldığı 2012-ci il London Yay Olimpiadası zamanı Beynəlxalq Olimpiya Komitəsinin qidalanma üzrə işçi qrupunun rəhbəri Ronald Morqan Ramazan orucunun insanı müəyyən mənəvi intizama alışdırdığını və idmançılar üçün bunun böyük effektinin olduğunu vurğulamışdı: "Bəzi müsəlman idmançılar deyir ki, oruclu olduqda böyük ruh yüksəkliyi yaşadıqlarından Ramazanda daha yüksək nəticələr göstərirlər”.
Oruclu idmançıların qələbəsi
İdman tarixində oruclu müsəlman idmançıların qələbələrinə nümunələr də kifayət qədərdir. 2006-cı il sentyabrın 23-də - Ramazanın ilk günündə məşhur çeçen peşəkar boksçusu Zaurbek Baysanqurov təhlükəli meksikalı nokautçu Marko Rubio ilə döyüşə oruclu halda çıxaraq inamlı qələbə qazanmışdı. Bəzi müsəlman idmançılar, o cümlədən, futbolçular da Ramazan ayında oruclu halda yarışlarda daha uğurla iştirak etdiklərini deyirlər. 2002-ci ildə islamı qəbul etmiş Fransa yığmasının və Münhen "Bavariya”sının oyunçusu Frank Riberi 2011-ci ildə klubunun oyun keçirdiyi günlər istisna olmaqla, Ramazanda oruc tutub. Bundesliqanın digər ulduz komandası olan "Hamburq”un üzvü Anis Ben Xatira isə hətta oyun günləri də Allahın buyruğuna əməl edərək oruc tutmağa çalışıb. İsti yay günlərində oruc tutmağın çox yorucu olduğunu nəzərə alan Almaniya müsəlmanlarının Mərkəzi Şurası oruc tutan futbolçulara yardım məqsədilə xüsusi kitabça dərc edib. Şuranın başçısı Ayman Maziyek bildirib ki, futbolçular Ramazanda tutmadıqları günlərin orucunu futbol mövsümü bitdikdən sonra qəza niyyəti ilə tuta bilər. 2014-cü ilin yayında Braziliyada keçirilmiş Dünya Çempionatında 20-yə yaxın müsəlman futbolçu, o cümlədən, Fransanın məşhur oyunçusu Kərim Benzema oruc tutmuşdu.
Milli futbol komandamızın və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov neçə illərdir ibadətlə məşğuldur. Ramazan ayında çox vaxt yarışlarda da orucunu pozmur. Mətbuata açıqlamasında deyir ki, islam onun peşəkar fəaliyyətinə çox yardımçı olub. Uzun müddət "Neftçi”nin, "Xəzər-Lənkəran”ın və Azərbaycan yığmasının baş həkimi olmuş təcrübəli mütəxəssis, Əməkdar həkim Boris Xetaqurov futbolçuların oruc tutmasına pis baxmır. "Təcrübəli həkim kimi deyə bilərəm ki, oruc tutmağın futbolçulara tibbi nöqteyi-nəzərdən ciddi ziyanı yoxdur. Düşünmürəm ki, oruc tutmaq futbolçulara mənfi təsir göstərsin. Hər halda, oruc gündüzə təsadüf edir və həmin vaxt oyunçular adəti üzrə çox qidalanmır. Sadəcə, həmin vaxt fiziki hazırlıqda problemlərin yaranmamasına diqqət yetirmək, yükləmələri azaltmaq lazımdır. Futbolçunun oruc vaxtı orqanizmində böyük dəyişiklik olmur, problem yaranmır. Çalışdığım komandalarda oruc tutanlar olub. Hər halda, şəxsən zəngin təcrübəm dövründə bununla bağlı neqativ halla, mənfi təsirlə qarşılaşmamışam.
İdmançılar oruc tutursa, qidalanmaya xüsusi fikir verməlidirlər. Axşam oruclarını açan zaman onlara vitaminlər, kalorisi çox olan, orqanizmi gücləndirən qidalar verilməlidir”.
Oruc tutmaq əzələ itkisinə səbəb olmur
Bəs oruc tutmaq əzələ itkisinə səbəb olurmu? Bodibildinq və əzələ yığmaq lazım olan güləş, ağırlıqqaldırma və s. kimi idmanlarda oruc vaxtı formada qalmaq mümkündürmü? İlk öncə orucun insan metobalizmasındakı effektinə baxılmalıdır. Müəyyən müddətdə aclığın protein metobalizmasına təsiri olmur. Çünki bədənimiz öncə karbohidratları enerji olaraq işlədir. Bədəndə depolanmış karbohidrat miqdarı bir neçə yüz qramdır və yarım gün ərzində bədənin enerji ehtiyacını qarşılayır. Daha sonra enerji mənbəyi olaraq yağları, piyləri işlətməyə başlayır. Proteinlər bu şəkildə qorunma altında olur və bodibildinq kimi idmanla məşğul olmayan şəxs bir neçə gün protein deposunu işlətmədən ac qala bilir. İdmançılar üçün isə bu miqdar ortalama olaraq 5 gündür. Yəni gün ərzində 17-18 saat ac qalan idmançıda əzələ itkisi olmur. İzmirdə iki alimin oruc tutanlar üzərində apardığı müşahidələr nəticəsində məlum olub ki, orucun serum proteinlərinə heç bir neqativ təsiri yoxdur.
İdmançı orucda necə qidalanmalıdır?
Oruc zamanı axşam ilk qida karbohidratlarla zəngin olmalıdır.
Orucluqda axşam yeməyində - iftarda ilk qida çox vacibdir. Mədənizi tam doldursanız, əmin olun ki, əzələləri qorumaqda probleminiz olacaq. Keyfiyyətli qidalar yeməyənlər üçün də belədir. 17 saatdan sonra bədənin tələb etdiyi əsasən enerjidir. Əgər bu ehtiyac yeni qida ilə ödənilməzsə, proteinlər enerji yerinə işlədilər. Və ilk qidada yağların çox işlədilməsi əzələ itkisinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün əzələlərin enerji mənbəyi olan karbohidratları bədənə daxil eləmək lazımdır və bu da sürətlə həzm olunan karbohidrat olmalıdır. Əsas məsələ proteinlərlə, karbohidratları eyni vaxtda yeyib mədəni yormamaqdır. Öncə meyvə, tərəvəz, bir saat sonra da protein, yəni yumurta, toyuq, ət kimi qidalar qəbul eləmək olar. Beləliklə, oruclu idmançıların qida rejimi təxminən belə olmalıdır:
Sahurda öncə protein tərkibli qidalar, bir az sonra isə karbohidrat tərkibli yulaf, qara çörək, kartof yeyilə bilər. Duzdan uzaq durmaq lazımdır. İftarı isə əksinə, karbohidratlı qida ilə açmaq lazımdır. 30 dəqiqə sonra isə proteinli qida yeyilə bilər. Bu minvalla 4 dəfə qidalanmaq lazımdır. Belə qidalanma idmançıların formada qalmasına və yarış meydançasında qələbə qazanmasına yardımçı olacaq.
Məlahət