Mübariz dəyərdir

O cahil qızı başa salmaq lazımdır ki...
Xalqın qəlbində taxt quranlara münasibətdə sərhədləri keçmək olmaz, xalq bunu bağışlamır


«İştə, Azərbaycanın tapusu…» Türkiyə televiziyasında yayımlanan «Qızıl alma» filmində Bakıdakı II Fəxri Xiyabana məhz Mübariz İbrahimovu ziyarət etmək üçün gəlmiş 3 nəfərdən birinin əli ilə məzarı nişan verərək dediyi sözdür. «Tapu», yəni sənəd, «çıxarış», şəxsiyyət vəsiqəsi, pasport… Azərbaycanın vizit kartı. Millətin rəmzi... Daha nələr deyək?! Azərbaycan və xalqı ilə bağlı qürur duyulacaq nə varsa, orada mütləq Mübariz İbrahimov da var. Qardaş Türkiyə efirində Mübariz İbrahimov barədə bir neçə filmdə, dizidə danışılıb. İlk dəfə «Sakarya Fırat»da Mübarizin adı keçdi. Türk əsgərləri öz aralarında söhbət edərkən zabitlərdən biri qəhrəman Mübarizi tanıdır: «hərbi hissədən atasına zəng edib «oğlun hərbi hissədə yoxdur» deyirlər, atası oğul mənimdisə, bələdəm, hərbi hissədə yoxdusa, onu düşmən səngərində axtarın… Mübariz İbrahimov təkbaşına düşmən xəttini yarıb silah-sursat anbarına daxil olub, oradakı silahlarla silahlanıb tam 45 erməni əsgərini məhv edib. Avtomatın süngüsü ilə də döyüşüb. 2 ay sonra cəsədi Azərbaycan tərəfinə qaytarılıb. Əlləri bağlı imiş… 

Mübarizin cansız bədənindən də qorxurmuş ermənilər…» Mübarizin qəhrəmanlıq salnaməsini eynən bu şəkildə «Qızıl alma»dakı istihbarat komandanı da danışır. Məzarın başında dayanıb dua edən istanbullu xanıma «Mübariz haqqında uşaqlara danışın, bilsinlər» tövsiyəsini verir.

İndi bu deyilənlər kiməsə uydurma, şişirtmə, aşırı millətçilik, hətta «psevdo-vətənsevərlik» kimi də görünə bilər. Böyük Vətən Mübaribəsində partizanların, «qızıl əsgərlər»in şücaəti, qəhrəmanlığı, inanılmaz dözümləri barədə çox hekayələr, povestlər, romanlar oxuyardıq, sovet filmlərinə tamaşa edərdik. «Sovet əsgərini», bizə düşmən olduqlarını bilmədən uca tutardıq, oğlanlar onlara, qızlar tibb bacılarına, ordu sıralarında kişilərlə birgə döyüşən qadınlara qibtə edərdi. Fələyin gərdişini kimsə bilməz ki!.. 

Gün keçdi, dövran dolandı və özümüz qarı düşmənlə üz-üzə durası olduq. Şükür ki, bu gün öyünəsi oğullarımız var. Qarabağ müharibəsində can qoyan şəhid və qazilərimiz qürur mənbəyimizdir. Eləcə də, Ramil Səfərov və Mübariz İbrahimov. Aprel döyüşlərinin cəngavərləri. Onlar hamısı bizim hamımızın toxunulmazı, müqəddəsimiz olmalıdır. Neyləyək ki, ara-sıra başqa cür düşünənlər, başqa yolun yolçuları da peyda olur aramızda. Sanki girəvə gəzirlər, millətin müqəddəs bildiyi nələrisə, kimlərisə qaralamağa. Bu gün hədəfdə Mübarizdir. Dünən Ramil idi. Ondan əvvəl Xəlil Rza Ulutürk. Daha kimlər... Var, Əkrəm Əylislinin «Daş yuxular»ından «təsirlənənlər». Mübarizin timsalında Azərbaycanı təhqir etməyə qalxan, dünən də ortalığı bir az da qızışdırmaq qəsdi ilə yenə də sosial şəbəkədə iyrənc bir paylaşım edən «psixoloq» xanım kimiləri. Olsun. Atalar deyib; çaqqal olmasa, bağ çəpəri neyləyir. Şəhidlərimiz də, qazilərimiz də, Ramil Səfərov da, Mübariz İbrahimov da Azərbaycanı canları ilə əhatəyə alıb qoruyanlardı. Onlar bizə əl-ələ verib Azərbaycanın başına dolanan görünür. Kim nə istəyir desin, yel qayadan heç nə aparmır!

Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dünən rəy bildirib. Yazıb ki, belə şeylərə baş qoşmaq, vaxt itirməkdənsə, gənclərə, uşaqlara sevgi aşılamaq, mehriban olmağı öyrətmək lazımdır». Bəzi üzdəniraqlar həmən yozublar: «görürsünüz, atası da müharibə, qan istəmir». Kim mübaribə istəyər ki?! Mübariz İbrahimov evində sakit oturduğu yerdə əlinə silah alıb erməninin üzərinə gedib məgər? Düşmən üzərinə gəlirsə, onunla döyüşməlisən. Müharibəni biz başlatmamışıq. Amma düşmənə cavab verməyi də bilməliyik və bilirik.

«Təki hamı qanunu sənin kimi pozsun»

Yazar Pərviz Cəbrayıl Mübariz İbrahimov barədə yazılanlara münasibətini belə bildirib:
- Nə onun (sosial şəbəkədə yazan xanım) yazdığına, nə onun kimliyinə ciddi bələdəm. Az-çox öyrəndim ki, adam hələ tələbədir, yəni hansı peşədə olduğu belə hələ dəqiq deyil. Yəni heç bir ictimai çəkisi olmayan biri. O tip adamların yazdığı hər kəlmə bu boyda ajiotaj doğurursa, demək, gerçəkdən bizim cəmiyyətin kütləvi şəkildə psixoloqa müraciət etməsi gərəkdir. Necə deyərlər, nə özü, nə dedikləri başına ip salınası çəkidə deyil. Elə bilin, bir dəli durub bir quyuya daş atıb, yəni sarsaq bir fikir deyib. Və hurrey e, dərhal başlayırıq cəbhələşməyə, iki tərəf yaranır, biri onu asıb-kəsir, biri müdafiə edir. Məsələ ondadı ki, o daşı quyudan çıxarmaq istəyənlər də ağıllı deyil, elə onun tayıdır. İnciyən incisin. Mənim yanaşmam belədi. Heç bir tərəf normal yanaşa bilmir məsələyə.

Media da durub belələrin başına ip salırsa, təəssüflənməkdən başqa bir şey qalmır. Adamın fikirlərində elementar məntiq yoxdu, hələ onun vətənpərvər olub-olmadığını bir yana qoyuram. Və heç bir məntiq, intellekt, təfəkkür yükü olmayan bir fikrə bu qədər ciddi münasibət sərgilənməsi məni gerçəkdən çox üzür. Halbuki kimsə çox ağıllı fikir deyir, ideya irəli sürür, cəmiyyətdəki naqislikləri qabardır, müzakirəyə çıxarır, 5-6 adamın reaksiyasını görürük. Demək, bizdə linç edilənlə linç edən arasında sadəcə cəbhə fərqi var.

Məsələyə söz-fikir azadlığı baxımından yanaşsaq, hər kəs istədiyini deyə bilər. Ancaq məsələ bununla bitir ki? Bəs fikrin ictimai əhəmiyyəti, intellekt yükü? O fikir cəmiyyətin həyatında nə qədər rol oynaya bilər? Sırf bu məqamda cavab "heç nə qədər"dir. Deməli, ona görə adamı çarmıxa çəkmək lazım deyil. Ümumiyyətlə, hər hansı fikrə görə insanı mühakimə və ya linç etməzlər. Bu, cəmiyyətin inkişafının qarşısını alan bir şeydi. 

Müxalif fikrə qarşı kontur-arqumentlə çıxış edərlər. Top-tüfənglə yox. Ancaq sırf bu məqamda, bu cahil qızın nümunəsi kontekstində onun dedikləri çox bayağıdır, taftalogiyadır. Zaman-zaman o cür nə dediyini və necə dediyini anlamayanlar peyda olur, bir az natamamlıq, bir az gərəklilik komplekslərini təmin edib yoxa çıxırlar. Ara sakitləşir. Bu da onlardan növbətisi. Müzakirəni ciddi fikir ətrafında apararlar. Bu tip fikirlər nə savaş məntiqinə, nə humanizm prinsiplərinə dayanır, kəsəsi heç nəylə üst-üstə düşmür. Sadəcə, "mən də varam”. Və ona cavab verənlər də mənə eyni təsiri bağışlayır: "Yox, biz də varıq”. Tanrı hamınızı var eləsin, ölkənin başı qarışsın.
Mübariz İbrahimovla bağlı fikrim isə onun xatirə dəftərində yazdığım qeyddən kənara çıxmır: "Təki hamı qanunu sənin kimi pozsun..."

«Burada məqsəd güdülür»

Yazıçı-publisist Elçin Hüseynbəyli də düşünür ki, belə məsələlərdə soyuqqanlı davranmaq lazımdır:
- Burada motivasiya bilinmir. O xanım Mübariz İbrahimovu bəlkə kiminləsə səhv salıb. Ümumiyyətlə, anti-milli, anti-cəmiyyət çıxışlarında mütləq bir məqsəd güdülür. Ya xarici ölkəyə getmək, ya da sadəcə, gündəmi zəbt etmək üçün. İctimai qınaq yaxşıdır.

 Məncə, o xanımı debata çağırmaq lazımdır. Ona başa salınmalıdır ki, haqsızdır, Mübariz İbrahimov döyüşdə şəhid olub, döyüş şəraitində həlak olub. Biz müharibə şəraitindəyik və belə hadisələr təkrarlana bilər. Naqis bir fikir söyləyən adamın üzərinə əldə balta getmək cəmiyyətimizə yaraşmır. Çağırsınlar o xanımı debata və açıq bir müzakirə aparılsın. Bununla biz gənclərə müharibə ilə bağlı məlum həqiqətləri daha aydın başa sala bilərik. 

Belə söhbətlərdə, debatlarda gənclərə örnəklər, nümunələr göstərilməlidir. Mən fransız filmi «Köhnə tüfəng»i xatırlayıram. İzləyənlər bilir. 

Filmdə hədsiz ziyalı bir adam faşistlərin ailəsinə necə divan tutduqlarını bildikdə, intiqam hissi baş qaldırır və o, evinə daxil olub, ailəsini qətlə yetirmiş faşistlərdən intiqam alır. Bir tüfənglə! İnsanların hisslərinə, emosiyalarına təbii yanaşılmalıdır. Erməni təcavüzü nəticəsində evini-eşiyini itirən, əzizləri, doğmaları qətlə yetirilmiş, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız var. Biz onların qəzəb və nifrətini anlamalıyıq. Kimsə sosial şəbəkədə insanların heysiyyatına toxunacaq nəsə yazırsa, deyirsə, əlbəttə, bu yolverilməzdir, lakin bu cür məsələlər də olduqca soyuqqanlı həll edilməlidir. Bəli, anti-milli, anti-cəmiyyət fikirləri insanların, xüsusən də gənclərin düşüncələrinə zərərlidir. Hər kəs bu fikirləri bir cür qarşılayır. Biri sakit, biri əsəbi, biri qəzəblə, biri aşırı vətənpərvərliklə. Biz cəmiyyət olaraq bütün təbəqələri dinləməyə hazır olmalıyıq. Sadəcə, o insanlar ki, xalqın ürəyində, qəlbində özünə taxt qurub, onlara münasibətdə sərhədləri keçmək olmaz. Xalq, bunu bağışlamır.

Məlahət Rzayeva