Mübariz Əhmədoğlu: "Ermənistan Rusiyanın nə deyəcəyini gözləyir"




ATƏT-in Minsk qrupundakı fransalı həmsədrinin fəaliyyətsizliyi ucbatından deputatlar Qarabağa gedir.

Bunu Sherg.az-a fransalı deputatların qanunsuz Qarabağ səfərindən danışarkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

 Onun sözlərinə görə, hazırda Avropanın xüsusi strukturlarında ermənilərə xidmət edən şəxslər önə çəkildiyindən anti-Azərbaycan fikirləri yaranır:

"Onların ermənilərlə müəyyən bağlılığı olur. Bundan əlavə kooporativ maraqlarla ermənilərə bağlı olan şəxslər də var ki, ölkəmizin əleyhinə təbliğatlar aparırlar. Amma hazırki məsələ daha qabarıq formadadır. Fransada müxtəlif maraqlarla ermənilərə xidmət edən şəxslərin fəaliyyətinin genişlənməsi hakimiyyət boşluğundan irəli gəlir. Fransada bu təbliğatların qarşısını almağımız üçün səlahiyyətli bir şəxs öz ölkəsinin Qafqaz siyasətini nizamlamalıdır. Məsələn, ATƏT-in keçmiş həmsədri Bernard Fase belə bir təşəbbüs göstərmişdi. Onun həmsədrliyi dövründə Fransanın Qafqaz siyasəti birmənalı şəkildə tənzimlənmişdir. Minsk qrupunun hazırki fransalı həmsədri daha çox Rusiya üzrə məlumatlı şəxsdir. O, əlavə olaraq Avropa İttifaqının (Aİ) da Xəzər-Qara dəniz regionu üzrə nümayəndəsidir. Bu səbəbdən o, öz dövlətinin maraqları ilə yanaşı Avropa İttifaqının maraqlarını da qorumalıdır. Nəzərə almaq lazımdır ki, Aİ və Ermənistan arasında da müəyyən ixtilaflar olduğundan sıradan texniki müqavilələri belə imzalaya bilmirlər. Çünki, Ermənistan Rusiyanın nə deyəcəyini gözləyir. Fransanın ATƏT-in Minsk qupundakı həmsədri müəyyən aktivlik nümayiş etdirə bilsəydi, bu təxribatlar baş verməzdi. İstənilən halda Azərbaycan Qarabağ siyasətinə təsir etməyəcək. Azərbaycan diasporası və rəsmilər həmin səfirə qarşı tədbirlər görəcək. Fransa dövləti də öz növbəsində bu diplomata öz tapşırıqlarını verəcək".

Qeyd edək ki, ötən günlərdə Fransa parlamentinin deputatları Ervan Binie və Jak Remile Xankədinə gediblər.
 
Ayyət Əhməd