Mübariz Qurbanlı necə işləyir?

Seyid Camal Əzimbəyli: “Son iki ildə Dini Komitənin fəaliyyətində inqilab baş verib, sistemli irəliləyişlərə nail olunub”
İlqar Altay: “İndiki halda Azərbaycanın dini məkanında bu Komitənin söz sahibi olduğunu zənn etmirəm”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötməsinə baxmayaraq ötən illər ərzində bu sahədə elə bir ciddi irəliləyişlərə nail olunmayıb. Zaman-zaman Komitə sədrlərinin dini sahəyə laqeyd münasibəti ekspertlər tərəfindən tənqid olunub və Komitənin ünvanına ciddi iradlar səsləndirilib. Amma Mübariz Qurbanlının sözügedən Komitəyə sədr təyin olunmasından üzü bu yana sanki tənqidlər nisbətən səngiyib.

Ötən 2 il ərzində Dövlət Komitəsinin fəaliyyətində bir sıra yeniliklərin baş verdiyinə dair mülahizələr irəli sürülməkdədir. Bu iddiada olan bir qrup ictimaiyyət üzvü hesab edir ki, bu irəliləyişlər istər kadr siyasətində, istərsə də dini icmalarla işdə özünü göstərib. Görəsən, dini ekspertlər və ya ictimaiyyət təmsilçiləri Mübariz Qurbanlının bu vəzifədə fəaliyyətini necə dəyərləndirir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin olduqca zəruri olduğunu vurğulayan şərqşünas-alim Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu qurumun yaradılması ilə bağlı verilən qərar dövlət tərəfindən atılan müdrik qərarlardan biri hesab olunmalıdır: "Ayrı- ayrılıqda Komitə sədrlərinin adını çəkmək, onların fəaliyyətlərini təhlil etmək istəməzdim. Mənəviyyat adamı olaraq, kiminsə arxasınca danışmağı əxlaqıma zidd hesab edirəm. Amma ağlı kəsəndən doğru bildiyini, haqq olanı deməyi özü üçün ilahi qanun hesab edən, din-dövlət münasibətlərində bir körpü rolunu oynayan Seyid Camal olaraq qeyd etməliyəm ki, son iki ildə Dini Komitənin fəaliyyətində inqilab baş verib, sistemli irəliləyişlərə nail olunub. Mən bu Komitənin fəaliyyətini yaxından izləyirəm. Demək olar ki, Mübariz Qurbanlının rəhbərliyi altında sistemli iş aparan bu Komitə son ildə din-dövlət münasibətləri, dini icmalar, inanclı insanlarla iş sahəsində xeyli müsbət nailiyyətlərə imza atıb. Bunda isə Komitə sədrinin siyasi düşüncəsinin, dini inancının müstəsna rolu olub”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir həftə içərisində bir neçə rayonda inanclı insanlarla görüşlər təşkil etdiyini vurğulayan S.C.Əzimbəyli bu cür zaman-zaman özünün də iştirak etdiyini deyib: "Komitənin dini sahədə apardığı maarifləndirmə işləri həqiqətən də təqdirəlayiqdir. Hətta mənim "İnam” telelayihəmin dəstəkçisi də məhz Dini Komitədir. Bütün bunlar fonunda Komitənin son iki illik fəaliyyətini təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu fəaliyyət istiqaməti yüksələn xətt üzrə inkişaf edəcək və milli-mənəvi, dini dəyərlərimizin təəssübkeşi olan dövlətimizin yolu ilə irəliləyəcəklər”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə Dini Komitənin fəaliyyətinin bir o qədər də qənaətbəxş olmadığını deyib: "Sözün açığı, nə Dini Komitənin, nə də onun sədrinin fəaliyyəti ilə bağlı hər hansı bir araşdırma aparmamışam və belə bir planım da yoxdur. Ona görə də konkret olaraq Mübariz Qurbanlının fəaliyyəti ilə bağlı bir söz deyə bilmərəm. Amma ölkədəki dini radikalizm və dini işlər üzrə proseslərin gedişatı fonunda onu deyə bilərəm ki, Komitə dövlət tərəfindən dini proseslərə nəzarət məqsədi ilə yaradılıb və bu sahədə baş verən nöqsanların aradan qaldırılması və ciddi inkişafa nail olmaq səlahiyyətləri bu quruma həvalə olunub. Eyni zamanda dinin ifratçılığa, radikallığa yönləndirilməsinin qarşısının alınması və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi də bu qurumun işidir. Bu mənada Komitənin indiki fəaliyyətinin bir o qədər də qənaətbəxş olmadığını düşünürəm. Düzdür, müəyyən sahələrdə bu Komitənin fəaliyyəti nəzərə çarpır. Heç şübhəsiz ki, burada Mübariz Qurbanlının işgüzarlığı mühüm rol oynayır. O hər zaman məsuliyyətli biri kimi qəbul olunub. Amma burada əsas məsələ Komitəyə yaradılan imkan, ona verilən səlahiyyətlərdən ibarətdir. Mən dini sahədəki problemlərin aradan qaldırılması üçün Mübariz Qurbanlının əlində hansı vasitələrin olduğunu bilmədiyimə görə, onun fəaliyyətini dəyərləndirməkdə çətinlik çəkirəm”.

Son 2-3 ildə Azərbaycanda dini durumun daha təhlükəli hal aldığını vurğulayan ekspert deyib ki, əvvəlki sədrlərin dövründə ölkədə nisbətən sakitçilik idi: "Nəzərə almalıyıq ki, indi bütün dünyada və regionda vəziyyət qarışıqdır. İŞİD-in ortaya çıxması, hüseynçilərin aktivləşməsi, müvafiq məkanlarda sünni-şiə münasibətlərinin kəskinləşməsi və bunun təsirlərinin Azərbaycana sirayət etməsi kimi ciddi problemlər ortaya çıxıb. Ölkəmizdə isə bu problemlərin qarşısının alınması istiqamətində real addımlar nəzərə çarpmır. Hesab edirəm ki, bu istiqamətdə effektiv addımlar atmaq üçün Dini Komitənin dəstəyə ehtiyacı var. Bəlkə sözügedən Komitənin təsir imkanları, səlahiyyətləri artırılsa, müəyyən qədər problemin qarşısını almaq olar. Amma indiki halda Azərbaycanın dini məkanında bu Komitənin söz sahibi olduğunu zənn etmirəm”.

Şəymən