Müdafiə nazirinin danışıq tonundan hiss olunur ki...

Zahid Oruc: “Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət çox gərgindir və proses ötən illərdəkindən daha fərqli bir məcraya gəlib çatıb”




ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəsarətli çıxışı ciddi müzakirələrə səbəb olub. Müdafiə naziri Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, rəsmi İrəvanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb. Silahlı Qüvvələrimizin hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri gördüyünü vurğulayan general-polkovnik təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verildiyini və bunun qeyd-şərtsiz yerinə yetiriləcəyini də deyib və açıq şəkildə Silahlı Qüvvələrimizin işğalçıları məhv etməyə daim hazır olduğunu bəyan edib.
Z.Həsənovun Kasprşiklə görüşdəki çıxışını dəyərləndirən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi ölkənin siyasi hakimiyyətinin tapşırığına və qoyduğu vəzifələrə uyğun hərəkət edir: "Dövlət başçısının özü də hər zaman Dağlıq Qarabağ və işğal altında qalan ətraf rayonların taleyi ilə bağlı kifayət qədər kəskin mövqe sərgiləyib. Müdafiə nazirinin Anjey Kasprşiklə danışıq tonundan hiss olunur ki, Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət çox gərgindir və proses ötən illərdəkindən daha fərqli bir məcraya gəlib çatıb. Bu isə heç şübhəsiz ki, Azərbaycan ordusunun ön cəbhədə hərbi imkanlarının artması və gücünün möhkəmlənməsi hesabına baş tutub”.
Z.Orucun sözlərinə görə, Zakir Həsənov təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilməsini Dağlıq Qarabağ cəbhəsindəki real vəziyyət, tərəflərin imkanları, potensialı, həyata keçirilən əməliyyatların xarakteri ilə bağlı məxfi kəşfiyyat materiallarını ötürən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin diqqətinə çatdırmaqla bu qüvvələrə bundan sonrakı proseslərin inkişaf istiqamətini göstərib. İnkişaf prosesi də ondan ibarətdir ki, Azərbaycan ön cəbhədə mövqelərini kifayət qədər gücləndirib. Əslində, Anjey Kasprşik də bunun fərqindədir: "Ayrı-ayrı siyasi mərkəzlər tərəfləri Dağlıq Qarabağ münaqişəsinin hərbi vasitələrlə həllindən çəkindirməyə çalışdığı bir dövrdə Azərbaycanın müdafiə nazirinin bu cür bəyanat səsləndirməsi mühüm əhəmiyyət kəsb edir. Heç bir şübhəmiz yoxdur ki, daha çox Fransa, ABŞ və Rusiya diplomatlarının dilindən səsləndirilən təkliflər məhz bizə doğru ünvanlanır. Minsk Qrupunun hər üç həmsədri Azərbaycanın ön cəbhədəki mövqelərini irəliyə daşımağa hər an hazırdır. Əgər keçmişdə bu proses sadəcə siyasi informativ döyüş xarakterli bir mahiyyət kəsb edirdisə, bu gün ordumuz bu reallıqları həyata keçirməyə qadirdir. Zakir Həsənovun bu günə qədər səsləndirdiyi bütün bəyanatlar erməni cəmiyyətində çox ciddi reaksiyalar doğurub. 24 apreldə saxta soyqırımlarını qeyd edən ermənilər tərəfindən ediləcək təxribatlar gözləniləndir. Ordu komandanı da məhz buna işarə edir ki, bu ərəfədə ermənilərin revanş götürmək, Azərbaycan tərəfinə ciddi zərbə vurmaqla xof və şok yaratmaq imkanları olmayacaq. Heç şübhəsiz ki, ATƏT də Azərbaycanın mövqelərinin möhkəmliyi və bizə qarşı atılacaq istənilən həmlənin cavab gücü ilə bağlı məlumatlıdır”.

Şəymən