Müdafiə nazirinin istefasının bir çox səbəbləri var

Elxan Şahinoğlu: “Oktyabrda Gürcüstanda baş tutacaq parlament seçkiləri müdafiə nazirinin istefasına səbəb olan amillərdən biri ola bilər”



Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli öz istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb. O, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib.

Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze isə açıqlamasında hökumət başçısının xanım müdafiə nazirinin müraciətinə münasibəti barədə hələlik informasiya verilmədiyini deyib. Bu məsələni "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Gürcüstanın indiki hökumətində bu cür yerdəyişmələrin çox olduğunu deyib: "Baş nazir dəyişib, nazirlər də tez-tez dəyişir. İstefaların konkret səbəblərini deyə bilmərəm, amma ola bilsin ki, hökumətin hansısa addımları ilə razılaşmayıblar”. E.Şahinoğlu hesab edir ki, oktyabrda Gürcüstanda baş tutacaq parlament seçkiləri müdafiə nazirinin istefasına səbəb olan amillərdən biri ola bilər: "Nazirlər bu seçkidə iştirak etmək istədiklərindən indiki hökumətdə istefa verib hansısa başqa blokdan seçkiyə qatılmaq istəyirlər. Yaxud da reytinqlərə baxıb düşünürlər ki, indiki hökumətin qələbə qazanma ehtimalı azdır və başqa formasiyada seçkidə iştirak etmək üçün münbit şəraitdi”. Politoloqun sözlərinə görə, digər bir səbəb isə Gürcüstan ordusunun NATO standartlarına yaxınlaşmasıdır. "Bəlkə də bu standartlara çatmaq çox zəif gedir, müdafiə naziri baş nazirdən dəstək görmür deyə istefa verməyə məcbur olub. Bir sözlə, xanım Xidaşelinin istefasının bir neçə səbəbi ola bilər”.

Nihad