Müdafiə nazirinin tabut xəbərdarlığı...
Zakir Həsənov ermənilərə və vasitəçilərə bundan sonrakı proseslərin inkişaf istiqamətini göstərib
Ordumuzun son aylar keçirdiyi irimiqyaslı hərbi təlimlər Azərbaycanın müharibə hazırlığı kimi dəyərləndirilməkdədir. Bundan əlavə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müntəzəm olaraq Ermənistana yönəlik xəbərdarlıqları da cəmiyyətdə müharibə çağırışı kimi qiymətləndirilir. Qeyd edək ki, Müdafiə Nazirliyi növbəti dəfə müharibə çağırışına bənzər bəyanat verib:
"Deyəsən, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”. Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.
Müdafiə Nazirliyinin kəskin xəbərdarlıqlarına qiymət verən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi ölkənin siyasi hakimiyyətinin qoyduğu vəzifələrə uyğun hərəkət edir: "Dövlət başçısının özü də hər zaman Dağlıq Qarabağ və işğal altında qalan ətraf rayonların taleyi ilə bağlı kifayət qədər kəskin mövqe sərgiləyib. Müdafiə nazirinin Ermənistana yönəlik xəbərdarlıqlarının müntəzəm xarakter daşımasından da görünür ki, Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət çox gərgindir və proses ötən illərdəkindən daha fərqli bir məcraya gəlib çatıb. Bu isə heç şübhəsiz ki, Azərbaycan ordusunun ön cəbhədə hərbi imkanlarının artması və gücünün möhkəmlənməsi hesabına baş tutub”.
Z.Orucun sözlərinə görə, Müdafiə Nazirliyinin "əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər” deməklə ermənilərə və vasitəçilərə bundan sonrakı proseslərin inkişaf istiqamətini göstərib. İnkişaf prosesi də ondan ibarətdir ki, Azərbaycan ön cəbhədə mövqelərini kifayət qədər gücləndirib. Ayrı-ayrı siyasi mərkəzlərin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin hərbi vasitələrlə həllindən çəkindirməyə çalışdığı bir dövrdə Azərbaycanın müdafiə nazirinin bu cür bəyanatlar səsləndirməsi mühüm əhəmiyyət kəsb edir. Heç bir şübhəmiz yoxdur ki, daha çox Fransa, ABŞ və Rusiya diplomatlarının dilindən səsləndirilən təkliflər məhz bizə doğru ünvanlanır. Minsk Qrupunun hər üç həmsədri Azərbaycanın ön cəbhədəki mövqelərini irəliyə daşımağa hər an hazırdır. Əgər keçmişdə bu proses sadəcə siyasi informativ döyüş xarakterli bir mahiyyət kəsb edirdisə, bu gün ordumuz bu reallıqları həyata keçirməyə qadirdir. Zakir Həsənovun bu günə qədər səsləndirdiyi bütün bəyanatlar erməni cəmiyyətində çox ciddi reaksiyalar doğurub. Birinci Avropa Oyunları ərəfəsində ermənilər tərəfindən ediləcək təxribatlar gözləniləndir. Ordu komandanı da məhz buna işarə edir ki, bu ərəfədə ermənilərin revanş götürmək, Azərbaycan tərəfinə ciddi zərbə vurmaqla xof və şok yaratmaq imkanları olmayacaq”.
Politoloq Sülhəddin Əkbər də hesab edir ki, Azərbaycan müharibə vəziyyətində olduğu üçün cəbhə xəttində münasibətlərin hər an gərginləşmə ehtimalı var: "Daim savaş mühitində olan bir ölkənin ordusu da hər zaman müharibəyə hazır olmalıdır. Bu mənada Zakir Həsənovun bəyanatları da normal qəbul edilməlidir”. Təmas xəttində beynəlxalq sülhməramlılara aid qüvvələrin olmadığını vurğulayan politoloq deyib ki, Ukraynada baş verən proseslər fonunda geopolitik qarşıdurmalar yüksəlib: "Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejimi gün ərzində 100 dəfədən artıq pozulur. Əslində regionda baş verənlər fonunda bu, gözlənilən idi. Qərblə Rusiya arasında geopolitik cəbhə xətti məhz GUAM-dan keçirdi. Hazırda isə GUAM ölkələrində həm ölkədaxili gərginliklər var, həm də bu ölkələrin Rusiya ilə münasibətlərində konfliktlər var. Odur ki, baş verənlər fonunda Dağlıq Qarabağda müharibə təhlükəsi hər zaman aktualdır. Ötən il avqust ayında baş verənlərdən sonra isə bu risk daha da artıb”.
Azərbaycan Ordusunun müharibəyə nə dərəcədə hazır olduğuna gəldikdə isə S.Əkbər deyib ki, bunun üçün kənardan müşahidəçi olmaq yetərli deyil: "Detallı bilgilər və ciddi hərbi kəşfiyyat məlumatları lazımdır. Mənsə artıq uzun illərdir bu sahədən uzaqlaşmışam. Sadəcə olaraq onu deyə bilərəm ki, Azərbaycan müharibəyə başlayacağı halda təkcə Ermənistan ordusu və Qarabağdakı qüvvələrlə yox, eyni zamanda rus ordusu ilə savaşacaq. İndiki halda isə Azərbaycanın Rusiya ilə müharibəyə hazır olduğunu düşünmürəm”.
Şəymən