Müdafiə Nazirliyinin bəyanatı alqışlanmalıdır
“Mövcud bəyanat Ermənistan Silahlı Qüvvələrinin komandanlığına yönəlib ki, atacağınız hər bir addımın, məsuliyyətsizliyin əvəzini mülki əhaliniz çəkəcək”
Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.
Nazirliyin bəyanatını dəyərləndirən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Şərq”ə açıqlamasında nazirliyin sözügedən məlumatının digər bəyanatlardan öz kəskinliyi və konkretliyi ilə fərqləndiyini deyib:
"Bu günə qədər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən edilən xəbərdarlıqlar düşmənin hərbi mövqelərinin sıradan çıxarılması və şəxsi heyətinin məhv edilməsi ilə bağlı olurdu. Amma budəfəki bəyanatda xüsusi olaraq vurğulanıb ki, düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələri atəşə tutulacaq. Nazirliyin bu açıqlamasını təqdirəlayiq hesab edirəm. İndiyə qədər erməni əsgərləri cəbhədə gərginlik yaranan zaman ilk olaraq mülki əhalini və yaşayış məntəqələrini hədəf alırdı. Müharibənin qayda-qanunlarına uyğun şəkildə Azərbaycan hərbiçiləri ilə savaşmaq əvəzinə öz gücünü qocaların, qadınların, uşaqların üzərində sınayırdılar. Görünür, artıq Azərbaycanın səbr kasası daşıb və nazir də adekvat addımlar atmaq qənaətinə gəlib”.
R.Məmmədlinin dəyərləndirməsinə görə, Müdafiə Nazirliyinin mövcud bəyanatı Ermənistan Silahlı Qüvvələrinin komandanlığına yönəlib ki, atacağınız hər bir addımın, məsuliyyətsizliyin əvəzini mülki əhaliniz çəkəcək. Ona görə də bu bəyanat mülki əhali ilə ordu rəhbərliyi arasında gərginlik yaradacaq:
"Əslində işğal altında olan Azərbaycan ərazilərində, təmas xəttində yerləşən ordu birləşmələrində xidmət edənlərin bir hissəsi mülki insanlardır. Ona görə də, erməni əsgərləri Azərbaycanın mövqelərini pozduğu zamanlarda mülki insanlar onlara irad tutacaqlar ki, sizin Azərbaycan tərəfinə atdığınız hər bir mərminin cavabını 5 mərmi ilə alırıq. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin bu bəyanatı informasiya müharibəsinin qanunlarına uyğun atılıb. Bu xəbərdarlıq ancaq sözdən ibarət olmayacaq. Ermənilər cəbhə xəttində hər hansı bir təxribata əl atacağı təqdirdə lazımi cavabı alacaqlar. Bu isə onsuz da ictimai-siyasi cəhətdən kifayət qədər gərgin olan Ermənistanda daxili gərginliyə səbəb olacaq”.
Düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrinin hansı istiqamətdən atəşə tutulacağına gəldikdə isə ekspert deyib ki, ermənilər daha çox Azərbaycanın işğal altında olan rayonlarından mövqelərimizi atəşə tutduqları üçün hədəf olaraq həmin ərazilər götürüləcək: "Dağlıq Qarabağın separatçı rejimi hər nə qədər işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan Silahlı qüvvələrinin qoşun birləşmələrinin olmadığını iddia etsə də, bunun reallığa uyğun olmadığını hər birimiz yaxşı bilirik. Hətta beynəlxalq təşkilatlar və regionda marağı olan dövlətlər də bilir ki, Dağlıq Qarabağda və ətraf rayonlarda xidmət edən döyüşçülərin 80 faizi erməni çağırışçılardır. Buna rəğmən Azərbaycan faktiki olaraq Ermənistanla dövlət sərhədləri istiqamətində müharibə aparmır. Bizim məqsədimiz işğal altında qalan torpaqlarımızın azad edilməsi və separatçılardan təmizlənməsidir. Bu səbəbdən də bəzi təkliflər olmuşdu ki, Azərbaycan antiterror əməliyyatı adı altında Dağlıq Qarabağı erməni əsgərlərindən təmizləyə bilər.
Mənim fikrimcə də ən düzgün addım budur. Hərbi əməliyyatlar gərginləşsə belə, Azərbaycanın Ermənistan sərhədlərini hədəf almayacağına əminəm. Ermənistanın da Dağlıq Qarabağı azad etmək üçün döyüşən Azərbaycan Silahlı Qüvvələrinin diqqətini yayındırmaq və onların gücünü zəiflətmək məqsədi ilə dövlət sərhədləri boyunca hərbi əməliyyatlara başlaması inandırıcı görünmür. Bu, ilk növbədə onların özləri üçün təhlükəli ola bilər. Xüsusən də, Naxçıvan tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçməsi Ermənistanın paytaxtı üçün acınacaqlı sonla nəticələnə bilər”.
Qarabağ ərazisinin hava məsafəsinin ümumilikdə 100-120 kilometrdən artıq olmadığını vurğulayan R.Məmmədlinin sözlərinə görə, işğalçı ordunun hərbi qüvvələri isə təmas xəttində daha yaxındır. Azərbaycan hərbi birləşmələrinin istifadəsində olan artilleriya və raket-artilleriya kompleksləri imkan verir ki, düşmənin dərinlikdə olan mövqelərini, dayaq məntəqələrini məhv edə bilsin.
Şəymən