Müdafiə Nazirliyinin sosial şəbəkə istifadəçilərinə müraciəti düzgün qərardı

“İncəsənət xadimləri və QHT nümayəndələrinə yalnız nəzərdə tutulan və öncədən müəyyənləşdirilən yerlərdə çəkiliş aparmağa icazə verilməlidir”İbrahim Rüstəmli: “Çünki kəşfiyyat xidmətləri məlumatların böyük əksəriyyətini həm də sosial şəbəkələrdən alır”
Azərbaycan Müdafiə Nazirliyi (MN) sosial şəbəkə istifadəçilərinə müraciət edib. Qurumdan bildirilib ki, cəbhədəki son uğurlu əməliyyatlar nəticəsində işğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini internet informasiya resursları vasitələri ilə yayırlar:
"Ona görə də bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur. Gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və nazirlik olaraq hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”.
Nazirliyin müraciətini yüksək dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, Əməkdar jurnalist və hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, bu işə çoxdan nəzarət edilməli idi. Ekspertin sözlərinə görə, MN prosesə ilk olaraq hərbi qulluqçulardan başlamalıdır: "Söhbət ölkənin milli maraqları, milli mənafeyi və nəhayət, milli təhlükəsizliyindən gedir. Belə olan halda, MN sistemində hərbi qulluqçular arasındakı informasiya mübadiləsinə ciddi nəzarət olunmalıdır. Düzdü, müvafiq sahədə müəyyən qədər işlər görülür. Amma bu, yetərli deyil. Daha güclü və daha sistemli layihələrə start verilməlidir”.
Ekspert xüsusi olaraq qeyd edib ki, MN-in təklifi indiki məqamda çox mühüm əhəmiyyət daşıyır: "Qurumun çağırışlarını alqışlayıram. Buna barmaqarası yanaşmaq olmaz. Bəli, hazırda müxtəlif sahənin təmsilçiləri - QHT üzvləri, media nümayəndələri və s. cəbhə bölgəsinə yollanırlar. Əsgər və zabitlərimizə baş çəkirlər. Doğrudan da, indiki məqamda hərbçilərimizə baş çəkməyə ehtiyac var. Bu, orduda vətənpərvərlik hissi və döyüş ruhunun güclənməsində xüsusi önəm daşıyır. Ancaq ora gedən adamların media quruluşlarında və sosial şəbəkələrdə hansısa bir şəkildə üzə çıxara biləcəyi materialları əldə etməsinə imkan vermək olmaz. Yəni insanların telefonları, fotoaparatları, bir sözlə, çəkən və yazan bütün texniki mexanizmlər cəbhə bölgəsinə gedən heyətdən müvəqqəti alınmalı, əsgər və zabitlərlə görüşdən sonra isə yenidən öz sahiblərinə qaytarılmalıdır. Bu, vacib məsələdi. Çünki kəşfiyyat xidmətləri məlumatların böyük əksəriyyətini həm də sosial şəbəkələrdən alır. Bu şəbəkələr bəzi hallarda informasiya mənbəyinin 80-90 faizini təşkil edir. Başqa sözlə, bu və ya digər şəkildə əldə olunmuş informasiyalar sosial şəbəkələrdə yayımlanan məlumatlarla müqayisə olunur, tutuşdurulur və ortaq məxrəc formalaşdırılır. Bu mənada sosial şəbəkələr düşmənin izlədiyi və marağında olduğu çox mühüm informasiya məkanıdır. O üzdən cəbhə və ya ordu ilə bağlı kütləvi mədəni tədbirlər mərkəzləşmiş qaydada həyata keçirilməlidir. Yəni istər döyüş gərginlikləri zamanı, istərsə də dinc dövrlərdə yalnız MN-in mətbuat xidmətinin verdiyi informasiyalardan bəhrələnmək lazımdır. Digər informasiyalara tribuna vermək ölkənin milli maraqlarına ciddi təhdid yaradır. Bu baxımdan düşünürəm ki, nazirliyin müraciəti yerində edilmiş müraciətdir. Amma bir daha təkrar edirəm, bu işə ilk olaraq hərbi qulluqçulardan başlamaq lazımdır”.
İ.Rüstəmlinin qənaətincə, ordumuz cəbhədə ciddi müvəffəqiyyətlər qazansa da, bu sözü istər bütövlükdə Azərbaycanın, istərsə də MN-in informasiya siyasəti barədə demək çox çətindir: "Nazirliyin mətbuat xidməti, "Azərbaycan ordusu” qəzeti və hərbi telekinostudiyası fəaliyyət göstərir. Məlumat əldə etmək üçün bunlar çox ciddi mənbələrdir. Hökumətimiz o mənbələrə böyük məbləğdə maliyyə vəsaiti ayırır. Təəssüf ki, ordumuzun cəbhə bölgəsində əldə etdiyi uğurlar barədə ürək dolusu danışdığımız halda, bu sözləri MN-in informasiya sistemi barədə deməyə bir qədər çətinlik çəkirəm. Ordu mənsublarını ziyarət edən hər hansı şəxsin tankın üstündə və yaxud əsgərlərlə bir sırada şəkil çəkdirməsi təbii və effektli təbliğat vasitəsidir. Bunu qadağan etmək doğru deyil. Çünki bu şəklin özü də vətənpərvərlik ruhunun güclənməsində və orduya olan diqqətin, etimadın artmasında önəmli rol oynayır. Bunu qadağan etmək heç mümkün də deyil. Qadağa qoyulsa, bu, daha böyük fəsadlara yol aça bilər. Lakin bu işlərin hamısı mərkəzləşmiş qaydada idarə olunmalı, icra edilməlidir. Yəni incəsənət xadimləri və QHT nümayəndələrinə MN yalnız nəzərdə tutulan və öncədən müəyyənləşdirilən yerlərdə çəkiliş aparmağa icazə verməli və bu işdə təşəbbüsü əlində saxlamalıdır. Yoxsa, çiynindən aparat asılan 50 nəfəri cəbhə xəttinə burax, sonra da de ki, şəkil çəkmə. Bu, mümkün deyil axı. Ümumiyyətlə, nəinki yalnız MN-də, o cümlədən digər sahələrdə də, təəssüf ki, biz informasiya mübadiləsində ciddi irəliləyişlərə nail olmamışıq. Birdəfəlik anlamaq lazımdır ki, informasiya cəbhəsi topların, tankların, tüfənglərin guruldadığı cəbhədən daha ağır və daha vacib bir döyüş mövqeyidir. Bu cəbhəyə diqqəti ikiqat artırmalıyıq”.
İ.Rüstəmli onu da diqqətə çatdırıb ki, ölkəmizin informasiya cəbhəsində çox ciddi boşluqlar var: "Bu boşluqları doldurmaq üçün peşəkar kadrlardan istifadə olunmalıdır. Bunu jurnalistikaya dünən gələn gənclərə həvalə etmək olmaz. Burada xalqın, dövlətin, ordunun, bir sözlə, ölkənin gələcəyindən və taleyindən söhbət gedir. Peşəkar informasiya mütəxəssisləri hazırlamaq və təcrübəli kadrlara meydan vermək lazımdır. Bəziləri əyninə hərbi forma geyinib, tankın-tüfəngin yanında şəkil çəkdirir, sosial şəbəkələrdə paylaşır və özünü hərbi jurnalist kimi təqdim edir. Belə adamlarla informasiya cəbhəsində döyüşə girmək və qələbə qazanmaq olmaz. Çünki düşmən daha tədbirli, daha hiyləgərdir. Tarazlığın pozulduğu bir məqama fikir verək və beynəlxalq informasiya məkanında yayılan məlumatları araşdıraq. Görəcəyik ki, ordumuzun cəbhədə qazandığı uğurlarla müqayisədə informasiya cəbhəsində əldə etdiyimiz uğurlar yetərli deyil. Bununla yanaşı qeyd edim ki, cəbhədəki son hadisələrlə bağlı yerli informasiya məkanında ciddi qüsurlarla rastlaşmadım. Ancaq ciddi nailiyyətlərimizi də müşahidə etmək imkanım olmadı. Lakin müvafiq sahədə əsaslı dönüş yaranacağına inanıram. Bu, günün tələbidir. İlk qələbə informasiya məkanında qazanılmalıdır...”
Ayyət Əhməd