“Müəllimlər işə qəbul zamanı psixoloji testdən keçirilməlidirlər”

Milli Məclisdə psixoloji yardımla bağlı yeni qanunun müzakirəsi keçirilib
Deputat: “Bəzi cadugərlər, ekstrasenslər, özlərini vergi verilmiş adlandıranlar insanların “müalicəsi” ilə məşğuldular”


Dünən Milli Məclisin Səhiyyə Komitəsinin iclasında "Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Yeni hazırlanmış qanunda göstərilir ki, məktəbəqədər və orta təhsil müəssisəsində təhsil alanlar, tutulmuş və həbs edilmiş şəxslər, keçmiş məhbuslar, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslər və ailə üzvləri, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan, əlilliyi olan şəxslər pulsuz psixoloji yardım alacaqlar.

"İnsanları soymaqla məşğuldurlar”

Qanunun müzakirəsi zamanı millət vəkili Kamilə Əliyeva psixoloji mərkəzlərdən şikayət edib. Xanım deputat deyib ki, psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldurlar: "Həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə oynayırlar. Bu da qanunazidd hərəkətlərdir. Bu cür "psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi irsi xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttə ki, onların rəhbərləri məsuliyyət daşımalıdırlar. Bunlar soyğunçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.

K.Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini də təklif edib: "Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”.

"Təhsili olmayan insanlar olur ki, özləri üçün obyektlər, şəbəkələr yaradırlar”

"Bu gün dünyada depressiya çox geniş yayılıb. Dünya əhalisinin 350 milyonu depressiyadan əziyyət çəkir”. Bunu isə komitənin sədr müavini, deputat Musa Quliyev deyib. O, bildirib ki, 2020-ci ildə depressiyalar infeksion və ürək-damar xəstəliklərini qabaqlayaraq dünyada birinci yerə çıxacaq: "Hazırda işə çıxmamağa görə depressiyalar birinci, əlilliyə görə depressiyalar isə ikinci yerdədir. İnkişaf etmiş ölkələrin əhalisinin 15 faizi ağır depressiyadan əziyyət çəkir. Dünyada məktəblilərin arasında depressiyanın ildə 23 faiz artması müşahidə olunur. Həmçinin intiharların da sayı artıb. Hər il dünyada 1.1 milyon insan intihar edir. Bu insanlara vaxtında psixoloji yardım göstərilərsə, intihar halı baş verməz. Ölkəmiz də ildən-ilə sürətlə inkişaf edir. Bu məsələlər daha çox inkişaf etmiş ölkələrin ciddi probleminə çevrilir”. M.Quliyev vurğulayıb ki, bu qanun layihəsinin hazırlanmasının səbəbi ölkəmizdə psixoloji yardım göstərilməsinin hüquqi bazasının kifayət qədər olmamasıdır: "Bu sahədə təhsili olmayan insanlar olur ki, özləri üçün obyektlər, şəbəkələr yaradırlar. Guya onlar psixoloji yardımla məşğul olurlar. Boşluqdan istifadə edən bəzi cadugərlər, ekstrasenslər, özlərini vergi verilmiş adlandıranlar insanların "müalicəsi” ilə məşğuldular. Belə halların qarşısının alınması üçün bu qanun layihəsinə böyük ehtiyac var”.

Müzakirələrdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi kimi reklam aksiyalarının keçirilməsi qadağan edilir

İclasda həmçinin "İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” və "Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik layihəsi də müzakirəyə çıxarılıb. "İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilib. Əvvəllər transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilirdisə, təklif olunan dəyişikliyə əsasən, reklamın tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlanmasına yol veriləcək. "Dərman vasitələri haqqında” qanuna isə 16-1 maddəsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər. Yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir. Bundan başqa, dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

"Bəzən kimsə reklamda dərmanı görüb gedir həmin dərmanı alıb atır”

Müzakirə zamanı komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda həkim resepti olmadan buraxılan dərmanların geniş şəkildə reklamının tərəfdarı deyil: "Həkim resepti olmadan buraxılan dərmanların düzgün təyin edilmədən, düzgün dozada müəyyən edilmədən qəbulu sonradan ciddi fəsadlara gətirib çıxarır. Bəzən kimsə reklamda dərmana baxır deyir ki, bu pataloji əlamətdən məndə də var. Gedir həmin dərmanı alıb atır. Amma sonra məlum olur ki, bu dərman ona uyğun deyil və sonra da xəstənin müalicəsi daha da çətinləşir”.

Deputat deyib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır:
"Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır”.
Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar