“Müəllimlərin xeylisinin bu statusa haqqı çatmır”

“Çünki bəziləri hələ də saxta diplomla işləyir”



İllərdir müzakirə mövzusu olan müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi yenə də təxirə salınır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, həkimlərin və müəllimlərin maaşlarının yüksəldilməsi həmişə diqqət mərkəzindədir.

Bununla yanaşı, parlamentari qeyd edib ki, onlara dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil: "Azərbaycan prezidentinin tapşırığı ilə Nazirlər Kabineti bununla bağlı hansısa qərar verə bilər, amma gündəmdə belə bir məsələ yoxdur. Bu səbəbdən heç dünya praktikasında da belə şeyə rast gəlinməyib. Dövlət qulluqçusu statusu dövlət sektorunda işləyənlərə şamil olunur, müəllim isə öyrədəndir, təhsil sektorundadır. Həkim də səhiyyə sektoruna aiddir. Həkim və müəllim dövlətdən asılı, məmur olmalı deyil”.

Parlament üzvünün açıqlamasını dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında söyləyib ki, Azərbaycanda müəllimlərin xeylisinin bu statusa haqqı çatmır. Çünki bəziləri hələ də saxta diplomla işləyir: "Ucdantutma bütün müəllimlərə dövlət qulluqçusu statsusu vermək doğru deyil. Digər tərəfdən müəllimlərin bir qismi müasir tələblərə cavab vermir. Bu səbəbdən düşünürəm ki, müəllimlərə kütləvi deyil, fərdi yanaşmaq lazımdır. Müəyyən qrup müəllimlər var ki, həm xarici, həm də klassik ənənələri bilir. Xaricdə təlim keçib. Müasir texnologiyalardan tam başı çıxır və müəllim kimi bütün funksiyaları yerinə yetirib, təhsilin inkişafına təkan verir. Belə intellektual müəllimlərə dövlət qulluqçusu statusu vermək olar. Eyni zamanda onlara müəyyən güzəştlər də edilməlidir”.

Bununla yanaşı, ekspert hesab edir ki, millət vəkilinin "Hələ məsələ gündəmdə deyil” deməsi müəllimlərə dövlət qulluqçusu statusunun verilməyəcəyi anlamına gəlməli deyil. Sadəcə, bir məlumatdır. Bunun status verilib- verilməyəcəyi ilə heç bir əlaqəsi yoxdur. Ən yaxşı müəllim və həkimlərə dövlət statusu verməyin əsası ondan ibarətdir ki, bu adamlar dövlətə, ölkənin inkişafına və kadr hazırlığına qulluq edir. Onlara dövlət qulluqçusu statusu verilməlidir”.

İqtisadçı-ekspert Məhəmməd Talıblı isə deyir ki, əslində dövlət qulluqçusu statusunun verilməsi sadə məsələdir. Çünki Statistika Komitəsinə və Maliyyə Nazirliyinə ümumiyyətlə büdcə təşkilatlarında işləyənlərin dəqiq sayı məlumdur: "Dövlət qulluqçusu statusunun gecikməsi təhsil sahəsində çalışanların dəqiq statistikasının aparılmaması ilə bağlıdır. Əslində belə dəqiq informasiyaların yoxluğu dövlət qurumlarının işlək vəziyyətdə olmamasından xəbər verir. Bu da əslində pis idarəetmənin göstəricisidir”.

Ayyət Əhməd