“Müğənnilər mənə həmişə yuxarıdan aşağı baxıblar”

Zenfira İbrahimova: “Toya gedəndə mikrofonu gizlədənlər də olub”“Mənim məsuliyyətim olsa da, o cəsarətim hələ yoxdu ki, Alim Qasımovla bir yerdə duet oxuyum, onunla bir layihə hazırlayım”
Azərbaycan səhnəsində bir qism müğənnilər qlamur görünüşləri, stilləri, qalmaqalları ilə seçilməyə çalışsalar da, bir qismi də ifa tərzləri, yaddaqalan ifaları, xüsusilə də güclü səs tambrləri ilə tanınırlar. Əlbəttə, qlamur görünüş, müasir dəbli stil hər bir tanınmış üçün vacib sayıla bilər. Amma müğənnilərə qlamur görünüşlə yanaşı, bir balaca da səs lazım gəlir ki, bu da hər ifaçının qismətinə düşmür. Bu gün "Şərq”in qonağı məhz səsi ilə seçilən xanəndə, müğənni Zenfira İbrahimovadı. Gənc xanəndənin maraqlı açıqlamaları hələ çox müzakirə olunacaq.
- Zenfira İbrahimova həm xanəndə kimi fəaliyyət göstərir, həm də yeri gələndə bəstəkar mahnılarını, xalq musiqilərini, estrada janrında maraqlı ifalar təqdim edir. Bu nəylə bağlıdı, xanəndə olmaqla yanaşı, digər janrlara da üz tutmağının səbəbi nədi? Axtarış demək olar, ya bu, zamanın tələbatıdı?
- Mənim 11 illik musiqi təhsilim var. Asəf Zeynallı adına musiqi kollecinin məzunuyam. Eyni zamanda Alim Qasımov kimi muğam ustadının tələbəsiyəm. Amma bilirsiz ki, bizim bu gün qazanc yerimiz ancaq toydu. Bunu tələbat kimi də tam adlandırmaq istəməzdim. Hər janrda ifa etməyə çalışıram. Estrada mahnılarına da üz tuturam, yeri gələndə bəstəkar mahnıları da oxuyuram. Toyda bəzən Qarabağ şikəstəsi də istəyirlər, onu da ifa edirəm. Sadəcə musiqini sevirəm. Ola bilər bəzilərinə qəribə də səslənə bilər. Mən xarici estrada musiqilərini də dinləyirəm. Türk musiqilərini də ifa edirəm.
- "O Səs Türkiyə” yarışmasına qatılmağının səbəbi nə idi? Bir çox müğənnilərimiz o müsabiqəyə məhz Azərbaycanda diqqəti özünə yönəltmək üçün qatılırlar. Çünki biz nədənsə, bəzən yaxşı ifaçıları vaxtında görə bilmirik. Ancaq Türkiyədə çıxış edən kimi həmin müğənniyə bir qəribə maraq, tələbat yaranır. Zenfira da o müsabiqədə çıxış etdikdən sonra Azərbaycan efirlərində ona maraq çoxaldı elə bil.
- Mən Azərbaycanda mənə diqqət olsun deyə Türkiyəyə getməmişdim. Sadəcə o səhnədə çıxış etmək arzum var idi. Bu arzum həyata keçdi. Mənim üçün orada münsif kürsüsündə kimin oturması da önəmli deyildi. O səhnədə, milyonların qarşısında çıxış etmək istədim, alındı da. Münsiflər mənim üçün üzlərini çevirdilər. Bax, bunu istəyirdim. Bəli, razıyam ki, biz də özümüzü dəyərləndirməyi bacarmırıq. Vaxtilə Elnur "Evrovizion” səhnəsindən sonra heç kimin marağında deyildi. Amma "O Səs Türkiyə”də çıxışından sonra Azərbaycan efirlərinin yadına düşdü. Elə mənim özümü də efirlərə yerli kanallar çox az hallarda dəvət edirlər, bəzilərinin hətta qara siyahısında idim. Səbəbini belə bilmirəm. Amma Türkiyədəki çıxışımdan sonra məni demək olar tez-tez efirə dəvət edirlər. Heç kimdən, heç nə xahiş etmədən efirlərə gedirəm. Əvvəl isə çətinliklərim var idi. O yarışmadan sonra razıyam ki, mənə maraq və tələbat çoxaldı. Münasibət də dəyişdi.
- Toy qiymətlərinə necə, bunun təsiri oldumu? Maraq, tələbat artdıqca, toy qiymətlərində dəyişiklik oldumu?
- Mən bu tələbatı nəzərə alıb daha çox yeni mahnılarla tamaşaçı qarşısına çıxmaq iddiasında oldum. Təbii ki, müəyyən yeni mahnıları ərsəyə gətirmək üçün isə vəsait də tələb olunur. Bu baxımdan toy qiymətlərində dəyişikliklər yarandı. O xərcləri ödəmək üçün qiymətləri bir az qaldırdım.
- Tanınmaq, bahalı müğənnilərin siyahısına düşmək üçün deyilənə görə, güclü prodüserə ehtiyac olur. Səhv etmirəmsə, Zenfiranın prodüseri yoxdu.
- Bahalı müğənni olmaq üçün güclü prodüserə bəlkə də ehtiyac var. Mənim bu gün prodüser deməyək, yaxın dostum, həm də müəyyən işlərimdə köməkçim var yanımda. Amma dediyiniz kimi, güclü prodüserdən söhbət gedirsə, mən heç vaxt prodüserlə işləməmişəm. Bəlkə də bu mənim səhvimdi. Bəlkə də prodüserin olması müğənni üçün vacibdi. Asif Kərimov kimi, Tolik kimi peşəkar prodüserlərlə çalışmamışam. Yəqin ki, prodüser layihələr hazırlayır, konsert təşkil edir. Bilmək olmaz, gələcəkdə mənim də belə bir işbirliyim olacaq. Bunun üçün zaman lazımdı.
- Zenfiranın bu günə qədər göstərə bilmədiyi potensialı varmı ki, zamanla görmədiyimiz tərəflərin də üzə çıxacaq.
- İnanın, ağlımda o qədər arzular, layihələr var ki, bunları həyata keçirmək üçün böyük büdcə və eyni zamanda zaman lazımdı. İçimdə olan Zenfiranı hələ tam görən yoxdu. Duetlər, musiqi layihələr... Zenfiranı 180 dərəcə fərqli bir tərzdə də görə bilərsiz.
- Zenfiranı 180 dərəcə fərqli tərzdə görə bilərsiniz deyə iddianı ortaya qoydun. Bu yaxınlarda Röya ilə bir duet mesajınız oldu. Hətta Röyanın sənə şərti olub ki, əgər mənimlə duet olsa, Zema tam dəyişik bir tərzdə olmalıdır. Stili, saç düzümü, imici çox fərqli olmalıdır.
- Bəli, Röya ilə duet oxumaq barədə niyyətimiz ola bilsin ki, reallaşsın. Ancaq Röya bu açıqlamanı konkret olaraq mənə ünvanlamayıb. Məclislərin birində Röya bildirdi ki, əgər mənimlə duet olsa, həmin müğənni 180 dərəcə dəyişilməlidir. Mənim tərzimə uyğun şəkildə o layihədə görünməlidir. Mən xalq musiqiləri də ifa edirəm, muğam da oxuyuram. Ona görə də sırf estrada janrına keçə bilmərəm. Amma bir layihə üçün dəyişiklik edə bilərəm. Röya ilə layihə alınsa, təbii ki, dəyişikliyin olması mümkündü. Misal üçün, mən hazırda 55 kiloyam, amma Röya xanım deyir ki, 45 kilo olmalısan. Mənim görünüşümə uyğun bir tərzin olmalıdı. Uğurlu bir layihənin ərsəyə gəlməsi üçün bəzən görünüşündə dəyişikliyin olmasını gözə almaq lazımdı. İnşallah, bizdə də alınar.
- Zenfira "O Səs Türkiyə” layihəsində görünmək arzusunda olub. Maraqlıdı, "Evrovizion” səhnəsində olmaq iddian necə, varmı?
- Niyə də olmasın? Əgər bir insanın səsi, potensialı, musiqi duyumu, savadı varsa, niyə də o, səhnədə özünü sınamasın. Mən o səhnədə ola bilərəm. İnşallah. Bilmək olmaz. Bir gün o səhnədə də məni görsələr, təəccüblənməsinlər.
- Bir ax şəxsi həyatından necə, danışaqmı?
- Buyurun.
- Zenfira həm də ailə başçısıdır, anadır. Həm ailə, uşaqlar, gündəlik ailə qayğıları ilə yanaşı, həm də səhnə, çəkilişlər, toy-filan. Bütün bunları bir arada çatdırmaq çox asan deyil. Evdə, həyat yoldaşınla problemləriniz olurmu? Yəni sənətdə olmaq ailəndə münasibətlərinizə təsir edə bilirmi?
- Çox şükür ki, mən ailəmi və sənətimi elə tənzimləyirəm ki, problem yaranmır. Yəni artıq illərdi həm ailəmin qayğısını çəkirəm, həm də sənətimdə varam. Qızımın artıq 11 yaşı var. Böyük qızdı. Dərsinə gedib gəlir. Oğlum da hazırlığa gedir. Çatdırıram. Əslində elə böyük bir sıxıntım olmur. Evimin xanımı da oluram, səhnəyə, efirə də vaxt çatdırıram. Yeri gələndə, dostlarımla da görüşməyə vaxt çatdırıram. Düzdü, anam mənə dəstək olur, kömək edir. Eyni zamanda Anar mənə həyat yoldaşım kimi də, dost olaraq da kömək göstərir. Yəni bizim ailənin təməli sağlamdı. Şükür problemimiz də olmur.
- Belə bir açıqlama vermisən. Demisən ki, qızıma hara gəldi getməyə icazə vermərəm, amma oğluma qadağa qoymaram. Birdən qızın sənət aləmində olmaq istəsə, qadağa olacaqmı?
- Mənim qızımın sənət aləminə, səhnəyə, musiqiyə qətiyyən marağı yoxdu. Hətta sosial şəbəkədə çox aktiv olduğumu nəzərə alsaq, şəkil paylaşmağı çox sevirəm. Qızım şəkillərinin paylaşılmasını sevmir. Oğlum isə əksinə. Əgər qızımın istedadı olsaydı, etiraz etməzdim. Amma onun musiqiyə marağı yoxdu. Mənə elə gəlir ki, xanım hansı sahədə olursa-olsun, özünə hörmət etməlidir. Sənət aləmində də kifayət qədər özünə hörmət edən xanımlarımız var.
- Əvvəllər Zenfiranı toylarda, verilişlərdə görən bəzi tanınmış müğənnilər, nədənsə, sənə yuxarıdan aşağı baxırdılar. Türkiyədəki çıxışından sonra yenə yuxarıdan aşağı baxanlar var?
- Əslində müğənnilər mənə həmişə yuxarıdan aşağı baxıblar. Çünki niyə? Mənim səsim onlardan yüksəkdi. Qınamıram (gülür). Toya gedəndə mikrofonu gizlədənlər də olub.
- Bu gün də toylarda səni görəndə ehtiyat edənlər olur?
- Çox olur. Məni toyda görəndə inanın ki, bir çox tanınmış müğənnilər bu gün də ehtiyat edir. Bir də paxıllıq özünü göstərir. Elə müğənnilər var ki, paxıllıq onun canında var. Mikrofonu gizlətməklə mənim səsimi əlimdən ala bilmədiyini hələ də dərk etmir. Kobud bir misal da çəkəcəm. Qozbeli qəbir düzəldər. Mənim belələrinə yazığım gəlir. Hamı toya bir tikə çörək üçün gəlir. O ruzini də Allah veribsə, sən nə karəsən ki, ona mane olasan?
- Söhbətimizin əvvəlində Alim Qasımovun adını çəkdik. Alim Qasımovla yaxından, uzaqdan əlaqəsi olmayanlar belə çalışır ki, Alim Qasımovla işbirliyi qursun, bir layihə, duet meydana çıxarsın. Zenfira isə bəlkə də Alim Qamımova bir köynək daha yaxındı. Ustadınla duet oxumaq niyyətin necə varmı?
- Alim Qasımov dünyaca məşhur bir muğam ustadıdı. O qədər böyük bir sənətkardı ki, onunla bir layihə ərsəyə gətirmək üçün o ifaçıda cəsarət və məsuliyyət olmalıdı. Mənim məsuliyyətim olsa da, o cəsarətim hələ yoxdu ki, Alim Qasımovla bir yerdə duet oxuyum, onunla bir layihə hazırlayım. Baxmayaraq ki, muğamın sirlərini o böyük sənətkardan almışam, amma hələ də o cəsarətin sahibi deyiləm. Onun tələbələri olaraq birgə çıxışlarımız olub. Amma onunla duet və ya layihə hazırlamaq, bu, sözün həqiqi mənasında böyük məsuliyyətdir. Düşünürəm ki, hələ bunu etməyə ixtiyarım çatmır. İnşallah, gələcəkdə bəlkə o cəsarəti tapsam, belə bir arzum var. Ən böyük istəklərimdən birini həyata keçirmiş olaram. Demirəm səsimə güvənmirəm. Onun tələbəsiyəmsə, demək ki, mən ondan nəsə öyrənmişəm. Amma mənəvi baxımdan hələ buna hazır deyiləm.
Tahirə Məmmədqızı