“Mühacirlərimizin nəsillərindən Türkiyədə yaşayanlar var”

Dilqəm Əhməd: “Çox istərdim ki, onlar 28 mayda dövlət tərəfindən Bakıya dəvət edilsin”
“Cümhuriyyət mövzusu ilə hər bir Azərbaycan vətəndaşı çalışdığı sahə üzrə məşğul ola bilər, bunun üçün xüsusi qurum ayırmağa da ehtiyac yoxdur”



Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin təntənəli qeyd olunması barədə Sərəncam imzalayıb. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu səbəbdən cari il ərzində Cümhuriyyətin yubileyi ilə bağlı bir sıra tədbirlərin, konfransların, elmi iclasların keçirilməsi gözlənilir. Paralel olaraq tarixçi-alimlər, dövrü tədqiq edən araşdırmaçı-jurnalistlər, siyasət adamları, deputatlar və digər ictimaiyyət nümayəndələri AXC-nin yüzilliyi ilə bağlı bəzi hazırlıqlar görürlər. Hətta yubileyin təntənəli baş tutması üçün xeyli təkliflər irəli sürənlər də var.

Yubileyə hazırlıq prosesi və görülən işlərlə bağlı fikirlərini öyrənmək, eyni zamanda Cümhuriyyətin yüzilliyi ilə əlaqədar təkliflərini dinləmək üçün tanınmış araşdırmaçı-jurnalist, kolleksiyaçı Dilqəm Əhmədlə söhbətləşdik. Suallarımıza cavab verən gənc yazar maraqlı məqamlara təmas etdi.
Dilqəm Əhməd 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayır. Bu müddət ərzində o, Azərbaycan tarixinə 50-yə yaxın yeni foto, onlarla tarixi sənəd qazandırıb. Xüsusən, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarına aid yeni materiallar, sənədlər əldə edib. Materialların bəziləri 2015-ci ildə "Fərqlilər” adlı kitabında yayımlanıb. Daha sonra isə müəllifin dövrün tarixi şəxsiyyətləri ilə bağlı "Mühacirlərin dönüşü” adlı məqalələr toplusu işıq üzü görüb. Araşdırmaçı hazırda yeni əsərlər üzərində işləyir...

- Dilqəm bəy, ilk olaraq Cümhuriyyət sevdalısı kimi AXC-nin yüzilliyi ilə bağlı Sərəncam imzalanmasına, xüsusən 2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsinə münasibətinizi bilmək istərdik...

- Şübhəsiz ki, dövlət başçısının bu Sərəncamını yüksək qiymətləndirirəm. Çünki indiki müstəqil dövlətimizin mövcudluğu bilavasitə 1918-ci ildəki istiqlalımızla bağlıdır. Belə sərəncamların önəmli cəhəti odur ki, xüsusi maliyyə ayrılır və müvafiq qurumlara göstərişlər verilir. Ümid edirik ki, ayrılan maliyyə vəsaiti lazımi şəkildə xərclənəcək və Cümhuriyyət tariximizlə bağlı mühüm işlər görüləcək.

- Sərəncamdan sonra bu istiqamətdə görülən işləri və tədbirləri qənaətbəxş hesab edirsizmi?

- Gördüyüm mənzərə odur ki, bir neçə elmi konfrans planlaşdırılıb və bir neçə kitab da çap olunub. Amma Azərbaycan Cümhuriyyəti ilə Qacar dövləti arasındakı diplomatik münasibətlərə həsr edilmiş kitab çox təqdirəlayiqdir. Məncə, bu kimi arxiv sənədləri əsasında yazılmış kitablar daha çox olmalıdır. Hər zaman toplantılardan, konfranslardan daha çox kitabların çap edilməsinin tərəfdarı olmuşam. Çünki tarixi mənbə tədbirlərdən daha önəmlidir.

- Yubileyə çox az zaman qalıb, şübhəsiz ki, bu müddət ərzində çox iş görmək mümkün deyil. Bəs, 2018-ci ilin sonuna qədər kifayət qədər ciddi iş görmək olarmı?

- Əlbəttə ki, görmək olar. Məsələni 28 may tarixinə qədər məhdudlaşdırmaq olmaz. Bütün ilboyu iş görülməlidir. Düşünürəm ki, kifayət qədər kitab çap etmək və maraqlı filmlər çəkmək mümkündür.

- AMEA-nın bu istiqamətdə gördüyü işlər çox da bəyənilmir. Sizcə, yubileylə bağlı görüləcək işlər konkret kimlərə, hansı qurumlara həvalə edilməlidir?

- AMEA kimi qurumlar sərəncam, yubiley tədbirlərini gözləməməlidir. Oradakı müvafiq institutlar həmişə bu işlərlə məşğul olmalıdır. Sadəcə orada alimlərə verilən maaş o qədər azdır ki, müntəzəm heç kim bu işlə məşğul olmaq istəmir. Sevgi insanı bir yerə qədər motivasiya edir, amma tədqiqat üçün mütləq başqa ölkələrə səfər edilməlidir, orada arxivlərdə işləmək lazımdır. Bu imkan isə hər tədqiqatçıda yoxdur. Cümhuriyyət mövzusu ilə hər bir Azərbaycan vətəndaşı çalışdığı sahə üzrə məşğul ola bilər, bunun üçün xüsusi qurum ayırmağa da ehtiyac yoxdur. Sadəcə dövlətlə yanaşı, özəl şirkətlər də tədqiqatçılara dəstək olmalıdırlar.

- Tariximizin şanlı və şərəfli səhifəsi olduğu üçün AXC-nin yubileyinin təntənəli keçirilməsi arzu olunur. Yubileylə bağlı müxtəlif təkliflər var. Sizin təklifləriniz nələrdir?

- Rəmzlər önəmlidir. Necə ki, ABŞ-da da öz istiqlallarını elan edən dövlət böyüklərinə qarşı çox həssas yanaşırlar. Çünki azadlığın, quruculuğun simvolları həmişə yaşadılmalıdır ki, dövlətə etimad olsun. Bu baxımdan Azərbaycanda da rəmzlərin qorunması üçün abidələrin qoyulması şərtdir. Yaxşı olardı ki, Bakının ən hündür yerində Nuru Paşaya heykəl qoyulsun. Çünki türk ordusu olmasaydı, bizim müstəqilliyimiz heç bir ay da davam etməyəcəkdi. İkincisi, şəhərin ən yaxşı yerlərində Rəsulzadəyə, Topçubaşova, Yusifbəyliyə, Xoyskiyə heykəllər qoyulmalıdır. BDU-nun önündəki qara daş götürülüb yerində Rəsulzadənin büstü qoyulmalıdır. Mədəniyyət Nazirliyi filmlərin çəkilməsi üçün həqiqi büdcə ayırmalıdır. Amma mənim arzum, Cümhuriyyətlə bağlı başqa ölkələrdəki arxivlərin gətirilməsi, araşdırılması və kitabların çap edilməsidir.

- Xarici ölkələrdə uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi ilə bağlı da birmənalı fikir yoxdur. Razı olanlar da var, qarşı çıxanlar da. Bu barədə siz nə düşünürsüz?
- Mən bu mövzuda bir neçə dəfə yazmışam. "Gətirilsin” deyənlərin ən çox istinad etdiyi mənbə Məhəmməd Əmin Rəsulzadənin Topçubaşovun məzarı üzərində söylədiyi nitqdəki bu cümlədir: "Çox çəkməz məmləkət qurtular və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...”. Görünür, Topçubaşovun belə bir istəyi olub, hər kəs kimi o da doğulduğu torpaqda dəfn edilmək istəyib. 

Amma fikrimizcə, bu məzarlar artıq Azərbaycan tarixinin bir parçası olduğuna, o dönəmi əks etdirdiyinə görə gətirilməməlidir. Daha öncə edildiyi kimi təmirə ehtiyacı olan məzarlar müəyyənləşdirilib bərpa edilməlidir. Necə ki, zamanında Topçubaşovun, Rəsulzadənin məzarları yenidən hazırlandı. Biz hazırda Azərbaycanın Baş Konsulluğu ilə bərabər İstanbuldakı Feriköy məzarlığındakı təmirə ehtiyacı olan məzarların bərpa edilməsi üzərində çalışırıq. Bərpa ediləcək məzarların siyahısı artıq hazırlanıb. Orada bir abidənin qoyulmasını da planlaşdırırıq. Topçubaşovun məzarının Parisdə, Rəsulzadənin məzarının Ankarada olması cümhuriyyətçilərin və Cümhuriyyətin sonrakı taleyinin bir parçasıdır. Mühacirət tarixi o məzarlarla bir bütündür.

- Hər kəs üzərinə düşəni etməyə çalışır. Tədqiqatçı olaraq AXC-nin yüzilliyinə necə hazırlaşırsız? Dövrlə bağlı yeni əsərlər, araşdırmalar olacaqmı?

- "Mühacirlərin dönüşü” adlı kitabımın ikinci cildini hazırlayıram. Bu cilddə də xeyli yeni foto və sənədlər görəcəksiz. Eləcə də, Rəsulzadə ilə bağlı Türkiyədə bir kitab layihəmiz var. Həmçinin, Avropada Cümhuriyyətlə bağlı bir layihəmiz olacaq.

- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq iş görməsi də gündəmdədir. İki ölkə bu istiqamətdə hansı ciddi işləri görə bilər?

- Bu il həm də Qafqaz İslam Ordusunun yaradılmasının, Bakının azad edilməsinin də yüz illiyidir. Bu mövzu ətrafında iki qardaş ölkə çox mühüm işlər görə bilər. Digər tərəfdən mühacirlərimizin nəsillərindən Türkiyədə yaşayanlar var. Onların 28 mayda dövlət tərəfindən Bakıya dəvət edilmələrini, Prezident tərəfindən qəbul edilmələrini çox istəyərdim.

- Bu il həm də Ermənistan və Gürcüstan dövlətləri də "respublika günlərini” qeyd edəcək. Bunu nəzərə alanlar Cümhuriyyət yarışında həmin ölkələrdən geri qalmamağa xüsusi diqqət yetirirlər. Bu məqamı önəmli sayırsızmı?

- Nə qədər ki Rusiya var, Cənubi Qafqazda sülh olmayacaq. Ona görə də bu dövlətlərin hər sahədə bir-biri ilə rəqabətdə olması normaldır. Təəssüf ki, bu gün biz Cümhuriyyət dönəmindəki sərhədlərimizə sahib deyilik. Bizim ən böyük üstünlüyümüz o olardı ki, yüz il öncəki ərazi bütövlüyümüzü bərpa edək.

İsmayıl Qocayev