Müharibə məlumatları uşaqlara çatdırılmalıdırmı?




Müharibə şəraitində yaşayan bir ölkədə müharibənin hələ nə olduğunu, səbəblərinin necə yarandığını və nəticələrinin necə qəddar olduğunu çox vaxt böyüklər belə anlamaqda çətinlik çəkir. Ancaq onlar müxtəlif mənbələrdən istifadə edərək bu mövzuda biliklərini artıra və müharibə nəticəsində yaranan ürəkağrıdan nəticələri dərk edə bilirlər və ya sadəcə müharibə şəraitində yaşamaqla öyrənirlər.

Bəs balacalar? Hələ hərf belə tanımayan, azyaşlı uşaqlar necə? Müharibələrdə zərrə qədər günahı olmayan, ancaq ən çox xəsarət alan, canını tapşıran körpələr bunu necə anlaya bilər?

Uşaqlara müharibəni necə göstərməli?

Böyüklərin səhvinə görə hər zaman kiçiklər ən çox zərbə altına düşür, əziyyəti onlar çəkir. Müharibə barədə az da olsa məlumatlandırılmayan uşaqla, müharibənin nə olduğunu yaxşı başa düşən uşağı müqayisə etsən, nəticədə onlara dəyən zərbə azalacaqmı? Əlbət ki, yox. Onların bu sahədə məlumatlı olması, müharibə şəraitində yaşayan körpələrin yeni günə sağ çıxmalarına bir qarant deyil. Bəs onda niyə balacaları ölümlə nəticələnən, qan axıdılan və dünyada mənfi nə qədər söz varsa ona sinonim olan müharibə barədə məlumat vermək nəyə lazımdır? Niyə uşaqların o balaca beyinlərini və ürəklərini ölüm, qan, dağıntı, məhv, ziyan, məğlubiyyət kimi ifadələrlə dolduraq? Axı onlar sadalanan sözlərin hər birinin necə ağıryüklü olduğunu belə bilmirlər...
Amma bütün bunlar uşaqların lap kiçik yaşlarından məlumatlandırılmalı olduğunu inkar etmir. Bir çox müharibələr anlaşılmazlıqdan, narazılıqdan yaranır. Elə balacalar da öz həmyaşıdları ilə mübahisələr edər, nəyinsə üstündə hətta dalaşa bilirlər. Məhz bu cür mübahisələrin, davaların yarandığı ilk gündən valideynlər uşaqları bu cür dalaşmaqların heç də yaxşı sonlanmayacağı barədə məlumatlandırmalıdırlar. Əslində biz böyüklər uşaqlara elm öyrədirik, yarışmağı və qalib gəlməyi öyrədirik, ancaq sülhün nə olduğunu öyrətmirik. Bəlkə elə bundan başlamaq lazımdır?
Valideynlərdən sonra uşaqlar ilkin məlumatları bağçada alır. Bəzən hətta böyüklər kiçiklərin sualları qarşısında çaş-baş qalırlar. Məsələn, uşaqlara müharibənin böyüklər arasında mübahisə, dava olduğunu başa salsaq, mütləq onlardan birinin "Axı biz dalaşanda müəllim deyir ki, müzakirə edib güzəştə gedin, niyə böyüklər də bunu etmir ki” sualı ilə qarşılaşa bilərsiniz.

Belə suallar qarşısında qalanda, uşaqlara onların təcrübələrindən yanaşaraq vəziyyəti izah edə bilərsiniz. Doğrudur, balacalar müharibəyə səbəb siyasi, dini, sosial mövzuları anlamaya bilərlər, ancaq onlar ağrının və itkinin nə olduğunu başa düşəcək qədər biliklidirlər. Bu yolla müharibənin gətirə biləcəyi ağrını, çətinliyi izah edə bilərsiniz.

Məlumatlandırmada mətbu nəşrlərin rolu

Bu işdə qəzet, jurnal və kitabların rolu danılmazdır. İstənilən yaş qruplarına məxsus uşaqlar üçün qəzetlərdə, jurnallarda müharibə mövzusuna yer verilməsi dünya praktikasında artıq var.
Amma bu heç də böyüklərin bildiyi müharibə tərzindən izah olunmur. Yəni uşaqlar üçün nəzərdə tutulmuş kitablarda müharibələr amansız, qəddar, vəhşi formada göstərilməməlidir. Bu cür kitablarda əsasən proses yox, onun nəticəsi işıqlandırıla bilər. Yəni müharibənin acı nəticələri və bundan əziyyət çəkənlər. Amma burada da illüstrasiyalar və təsvirlər çox vacib rol oynayır. Uşaqlarda qəddarlıq hisslərini aşılamaq doğru olmaz.

Oxumağı bacarmayan azyaşlılar üçün müharibə mövzusunu əsasən onların öz balaca həyatlarından örnək gətirərək izah etmək olar.

Məsələn, 1-4 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş İngiltərə yazıçısı İv Vantinqin "Divar” adlı kitabında, öz atası ilə Vyetnam müharibəsinə həsr olunmuş Abidəni ziyarət edən balaca uşaqdan söhbət gedir. O, atası ilə birlikdə bu abidədə yazılan adlar arasında babasının adını axtarır. Beləcə, müharibə barədə də ilk biliklərini qazanmış olur.

Amma müharibənin qurbanları sırasında heç hələ dil açmayan körpələr də az deyil. Füzuli rayonunun Alxanlı kəndində erməni gülləsi nəticəsində öldürülən 18 aylıq körpə Zəhra həyatı anlamadan gözlərini əbədi olaraq yumdu. Son 10 ildə dünyada baş verən müharibələr nəticəsində 2 milyondan çox uşaq öldürülüb, bundan 3 dəfə çox sayda uşaq yaralanıb və ailəsini itirib. Əlbəttə ki, bu uşaqlara müharibənin nə olduğunu hətta ən sadə sözlərlə, anlaya, qavraya biləcəkləri üsullarla belə izah etmək mümkün deyil. Çünki onlar müharibənin ən qəddar tərəfini nəinki görüb, hətta onun içindədir, bunu anlamasalar belə...

Amma bu vəhşiliklərdən kənarda böyüyən uşaqlara yaşına uyğun ən sadədən başlamaq şərtilə müharibələrin nəyə görə baş verdiyini və hansı dəhşətli nəticələrə gətirib çıxara biləcəyini kitablarla izah etmək mümkündür.

Mən son 2 ildə xarici ölkələrdə keçirilən kitab sərgilərində apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, artıq kitab rəflərində qaçqınlıq həyatının nə olduğunu, insanların niyə öz vətənlərini tərk edərək qaçqına çevrildiyini izah edən uşaqlar üçün çox maraqlı kitablar var.

Təbii ki, müharibə, kiməsə qalib gəlmək, mübarizə aparmaq kimi mövzuları əhatə edən fantastik hekayələr əvvəllər olub və indi də var. Sadəcə müasir dövrdə yanaşma daha realdır və həyatda baş verən hadisələrə əsaslanan uşaq kitabları daha çox yer almağa başlayıb. Bu kitabların da əsas qəhrəmanları uşaqlar özləri olurlar. Çünki bəzən elə mövzular var ki, valideynlər onları uşaqlara izah etməkdə çətinlik çəkirlər.
Müharibə barədə uşaqları öyrətmək heç vaxt asan olmayacaq, ancaq uşağın səsi və dili ilə izah olunan hekayə müharibənin hər kəsə necə təsir etdiyini daha aydın göstərə bilir.

Uşaq nəşrlərində müharibə mövzusu

Uşaqlara müharibəni izah etməyin bir çox üsulları var, onlardan biri də uşaq qəzet və dərgilərində bu barədə kiçik həcmli, oxunaqlı, cəlbedici yazı və hekayələrin yerləşdirilməsidir. Həmçinin uşaq dərgilərində müharibə mövzusuna aid illüstrasiyalar, şəkillər, hətta karikaturalar da yerləşdirilə bilər. Amma mən müharibənin qan-qadası, ağrı-acısını, itkilərini nəzərdə tutmuram. Qələbə, sülh, ataların övladlarına qovuşması, müharibə başa çatdığı üçün uşaqların sevinci... Doğma yurda qayıdış, ev-eşiyin yenidən qurulması. Belə şəkilləri "səsləndirməyi” hətta uşaqların öhdəsinə də buraxmaq olar. Uşaqlara "şəklə söz yaz” tapşırığı verməklə onların düşüncələrini öyrənmək, eyni zamanda təfəkkürünü, danışıq və nitq mədəniyyətini inkişaf etdirmək olar. Uşaq nəşrlərində nə qədər "barbilər”, "qızılsaç şahzadə”, "mikki-mauslar”, yaxud "maşa və ayı”lar olacaq? Bizim körpələrimizə öyrətməli çox şeyimiz var. Körpələrimiz yurdumuzun işğal olunduğunu, onlar yaşda olan neçə körpənin düşmən gülləsindən tələf olduğunu bilməlidir. Uşaqlarımız körpə Zəhranı tanımalıdır. Amma uşağın anlaya biləcəyi, qavraya biləcəyi dildə. Əlbəttə ki, bu iş üçün gərək uşaq nəşrlərinin yaradıcı heyəti gərgin əmək ortaya qoysun. İllüstrasiyalar, şəkillər, karikaturalar peşəkar rəssamlar tərəfindən çəkilsin. Uşaqların məlumatlandırılması üçün nəşrlərin yazar əməkdaşları qələmlərini itiləyib işə keçsinlər. Bu gün yaşına uyğun məlumat alan uşaq sabahın məktəblisidir, yeniyetməsi, gəncidir. Çox yaxşı haldır ki, vaxtaşırı məktəblilər arasında müharibə mövzusunda inşa yazı müsabiqələri keçirilir. Bəzən bu müsabiqələr Təhsil Nazirliyi, bəzən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə olur. İnşa yazı müsabiqələri uşaqların ölkəmizin müasir dövr tarixi haqqında əlavə bilgilər əldə etməsinə kömək edir. Məktəblilər Qarabağ münaqişəsi, torpaqlarımızın işğal olunması, köçkün uşaqlar, müharibədən zərər çəkmiş həmyaşıdları haqqında yazırlar. Hesab edirəm ki, bu yazılar uşaq dərgilərində dərc olunmalıdır. Qoy bu yazıları başqa məktəblilər də oxusun, məlumat əldə etsinlər. Uşaqlar bilməlidir ki, əsrin faciəsi - ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımında 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca sırf azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirilib. Kütləvi qırğın nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Bundan başqa, 150 nəfərin taleyi indiyədək məlum deyil. Uşaqların bunu bilməsi qəbahət sayıla bilməz. Uşaq nəşrlərində Xocalı faciəsinə aid müxtəlif məzmunlu şəkillər verilə bilər. Uşaqlara müxtəlif suallar ünvanlanar; "Bunu bilirsənmi?” başlığı altında. Məncə, bununla biz uşaqlarımızı daha artıq məlumatlandıra bilərik. Çünki uşaqların ekran qarşısında əyləşib "Xəbərlər” proqramını, yaxud sənədli filmlər izləyəcəyi inandırıcı görünmür. Uşağa məlumatı onun üçün əlçatan, əhatə dairəsində olan vasitələrlə çatdırmaq lazımdır. Bu da ya uşaq nəşrləri olmalıdır, ya uşaq filmləri, ya da cizgi filmləri. Yadımdadır ki, sovet vaxtı sülhü tərənnüm edən, müharibəni pisləyən bir cizgi filmi vardı. Sonda sülh göyərçini səmada süzürdü. Belə məzmunlu cizgi filmləri çəkmək çətin olmasın gərək. Həm də özümüz münaqişə və müharibənin içindəyiksə.
Uşaq nəşrləri təkcə kiçik yaşlılar, məktəbəqədər yaş dövrü ilə məhdudlaşmamalıdır. Hazırda körpə və kiçik yaşlı - məktəbəqədər yaş dövründə olan balacalar üçün nəşrlər çoxluq təşkil edir. Amma bütün yaş kateqoriyalarında uşaqlar üçün maraqlı qəzet və jurnallar nəşr edilməlidir. Mühabirə barədə uşaqlara uşaq dili danışmaq lazımdır və bu işdə əsas vasitə də uşaq nəşrləri, qəzet və dərgilər olmalıdır.

Aysel Zahidqızı, 
"Qaranquş” uşaq dərgisinin baş redaktoru

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb