Müharibə təkcə cəbhə xəttində getmir
Biz düşmənlə eyni zamanda informasiya müharibəsi aparırıq Ekspertlər medianı hərbi vəziyyətlərə uyğun davranmağa çağırır
(Əvvəli ötən sayda)
Son günlər cəbhədə yaşanan gərginliklə bağlı bəzi saytlarda və sosial mediada həqiqəti əks etdirməyən yalan informasiyalar yayılıb. Hətta bir sıra xəbərlərin yayılması zamanı düşmən portallarına istinad edilib. Buna görə də Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ikinci dəfə ölkə mediasına, xüsusən sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. Şura sədri bildirib ki, bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak olub: "Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı.
Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanıb. Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir. Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hissləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hisslərə toxunmaq, inamsızlıq aşılamaq məqsədi güdürdülər”. Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası internet informasiya resurslarına, sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırıb: "Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyillərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir”. Şura sədrinin sözlərinə görə, həssas olmaq peşəkarlıq göstəricisidir: "Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, dövlət qurumlarının, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, bu kimi hallar təkrarlanır:
"Ötən gün əl-ələ tutduqları yerdə şəhid olmuş əsgərlərin video-görüntüsü yayıldı. Dəqiq isbat edilmiş faktdır ki, həmin video erməni xüsusi xidmət orqanları tərəfindən çəkilib və məqsədyönlü şəkildə yayılıb. Düşmən tərəf bunu sentimental hadisə kimi təqdim etməyə cəhd edib. Əlbəttə, düşmənin məqsədi bəllidir. Onlar Azərbaycanın övlad itirmiş ailələrində əlavə kədərli duyğular yaratmaq üçün bu cür təxribatlara əl atırlar. Təəssüflər olsun ki, bizim bəzi media qurumlarımız fərqində olmadan o cür görüntüləri yayır, xəbərləri paylaşırlar”.
Ekspert bildirib ki, Azərbaycanda internet haqqında xüsusi qanun yoxdur. Ona görə də sosial şəbəkə istifadəçiləri boşluqdan sui-istifadə edirlər:
"Ancaq nəzərə almaq lazımdır ki, xüsusi internet haqqında qanun olmasa belə internetdəki informasiyaları tənzimləyən çoxsaylı qanunlarımız var. Onlar unutmasınlar ki, yazdıqları yanlış informasiyalara, erməni mənbələrindən götürülmüş xəbərlərə görə, barələrində hüquqi ölçü götürülə bilər. Yaxşı olar ki, bu kimi hallara yol verməsinlər. Artıq Azərbaycanda həm "Dövlət Təhlükəsizliyi haqqında”, həm də "Cəbhəyanı ərazilərdə informasiya vermək haqqında” qanunvericilik aktları mövcuddur. Biz bir daha media qurumlarına çağırış edirik ki, məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Təxribat xarakterli informasiyalar yayıldığı yerdən asılı olmayaraq hüquqi məsuliyyət yaradır. Vəziyyət sabitləşəndən sonra onlar haqqında ölçü götürüləcək. Əvvəlcə həmin şəxslər özləri haqqında ölçü götürsünlər ki, bu cür yanlış xəbərlər yayılmasın”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Şərq”ə bildirib ki, fevral ayının 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri təmas xəttində təxribat törətdilər. Azərbaycan ordusu düşmənə çox ləyaqətlə və qəhrəmancasına cavab verdi, işğalçını geri oturtdu:
"Ermənilər bəzi yüksəklikləri ələ keçirməyə cəhd göstərirdilər. Azərbaycanın mövqelərini zəiflətməyə çalışırdılar. Ancaq düşmən məqsədinə çata bilmədi. Təəssüflər olsun ki, ermənilərin təxribatı nəticəsində bir neçə əsgərimiz qəhrəmancasına şəhid oldu. Qarşı tərəfin itkiləri isə bizdən çoxdur. Unutmaq olmaz ki, müharibə təkcə cəbhə xəttində getmir, biz düşmənlə eyni zamanda informasiya müharibəsi aparırıq. XXI əsrdə savaşı sadəcə silah-sursatla qazanmaq olmaz. Texnika ilə yanaşı, informasiya sahəsində psixoloji müharibə də aparmaq lazımdır. O baxımdan bəzi media qurumları Azərbaycan əsgərinin cəbhədə göstərdiyi qəhrəmanlığı heçə endirməməlidir. Erməni mənbələrinin bu və ya digər şəkildə Azərbaycana ötürdüyü və milli maraqlarımıza zidd olan informasiyalar qətiyyən yayılmamalıdır. Eyni şey media nümayəndələri ilə bərabər sosial şəbəkə istifadəçilərinə də aiddir”.
Baş redaktorun fikrincə, hər birimiz yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməliyik:
"Biz media mənsubu və sosial şəbəkə istifadəçisi olmazdan əvvəl Azərbaycan vətəndaşıyıq. Biz bu cür mürəkkəb dövrdə vətəndaşlıq məsuliyyətimizi dərk etməliyik, çox həssas olmalıyıq. Bu məsələ bir neçə dəfə təkrar olunur. Çağırışlar edilsə də, ictimaiyyət tərəfindən qınanılsa da, hələ də aramızda ermənilərin mənafeyinə işləyən, Azərbaycan əsgərinin şücaətinə kölgə salan yalan informasiyalar yayılır. Buna qarşı mütləq ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bunun yolu da vətənpərvərlikdən keçir”. H.Babaoğlu deyib ki, bizə hazırda tez verilən informasiyadan daha çox etibarlı mənbədən əldə edilən dəqiq xəbərlər lazımdır: "Son hadisələrdə Azərbaycanın müvafiq güc strukturlarının, o cümlədən Müdafiə Nazirliyinin informasiya məsələsində nə qədər dürüst davrandığının şahidiyik. İşğalçı ölkənin yalançı məlumatlarından fərqli olaraq Azərbaycanın rəsmi orqanları tərəfindən yayılan informasiyalar çox dəqiqdir. Bizə də bu lazımdır. Ola bilsin, rəsmi xəbər bir qədər gecikir, ləngiyir. Amma biz həm doğru informasiya tələb edir, həm də operativ olmasını istəyirik. Müharibə şəraitində bəzən bu, mümkün olmur. Hər bir jurnalist obyektiv reallığı qəbul etməlidir”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hər şeydən əvvəl insanlar öz vicdanı qarşısında məsuliyyət daşımalıdır:
"Azərbaycan ordusunun gücü, aparılan siyasət göz önündədir. Dövlətimizin mənafeyi naminə kifayət qədər uğurlu işlər görülüb. Ordumuz da düşmənə hər zaman layiqli cavab verib və bundan sonra da verəcək. Təəssüflər olsun ki, təxribat mahiyyəti daşıyan bəzi saytlar, sosial şəbəkə üzvləri reallıqları görməzdən gələrək yalan informasiya yayır, cəmiyyətdə çaşqınlıq yaradırlar. Onların bəziləri daxildən, bəziləri isə xaricdən idarə olunurlar. Hesab edirəm ki, məsələ ciddi araşdırılmalı və onlarla bağlı tədbir görülməlidir. Sosial şəbəkələrdə bu məsələ daha qabarıq şəkildə özünü göstərir. Saxta profillərlə fəaliyyət göstərən, Azərbaycanı gözdən, nüfuzdan salmaq istəyən, ölkəmizin uğurlarını həzm edə bilməyən şəxslər neqativ rəy formalaşdırmağa çalışırlar. Ona görə də ölkə ictimaiyyəti ayıq-sayıq olmalıdır. Şəbəkələrin və bəzi saytların təxribat xarakterli, müvafiq qanunları pozaraq yaydıqları məlumatlara inanmaq olmaz. Bu, "düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil”.
Demokratik Jurnalistlər İctimai Birliyinin rəhbəri Yadigar Məmmədli də bəyan edib ki, Müdafiə Nazirliyi üzərinə düşən məsuliyyəti dərk edir. Sadəcə indiki dövrdə informasiyalar çox sürətli yayılır:
"İnsanlar xəbərləri internet mediadan daha çox sosial şəbəkələrdən əldə edirlər. İndi hər bir şəxs informasiya daşıyıcısıdır. Mobil telefonlar o qədər geniş yayılıb ki, bir yerdə baş verən hadisə dərhal ölkənin hər yerinə yayılır. Saytlar yazmasa belə, məlumatlar bölgə insanlarının dili ilə ağızdan-ağıza, evdən-evə yayılır. İlkin olaraq həmin informasiyanın doğru və ya yanlış olması arxa planda qalır. Təbii ki, belə sürətlə yayılmış xəbərlərə müdaxilə etmək bir qədər çətindir. Düzdür, peşəkar jurnalistlər həqiqəti görür, məsələnin mahiyyətini bilir. Amma hamıdan bunu gözləmək olmaz. Media aləmində kifayət qədər qeyri-peşəkarlar fəaliyyət göstərir. İstənilən halda peşəkar jurnalistlər digərlərinə nümunə olmalı, çağırışlar etməlidir. Vətəndaşlarımız oxuduqları məlumatların təsdiq edilib-edilməyəcəyinə diqqət yetirməlidirlər. Dövlətin maraqlarına zidd olan, ordumuzun lehinə işləyən təxribat xarakterli xəbərlərin yayılmasına qarşı çıxmalı, bu istiqamətdə maarifləndirici işlər aparmalıyıq. İnsanlarımızın öz məsuliyyətlərini dərk etməsi çox mühüm məsələdir.
Dezinformasiya yayan saytlar yenə də öz işlərini davam etdirəcəklər. Biz də çalışmalıyıq ki, onların əksinə ictimaiyyətə doğru xəbər verək. Mübarizəni sadəcə bu şəkildə aparmaq lazımdır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb