ATƏT-in Minsk Qrupu da ermənilərin yalanlarına göz yumur
Ermənistan prezidenti Serj Sarkisyan yenə də özünü "mələk” kimi göstərməyə çalışıb. Xarici mediaya verdiyi müsahibəsində Azərbaycanı "təmas xəttində gərginlik yaratmaqda” günahlandıran erməni rəhbər deyib ki, guya, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasını istəmir:
"Azərbaycan öz müqəddəratını təyin etmə prinsipini qəbul etmir və ya öz bildiyi kimi qəbul edir. İndi onlar danışıqlar formatını dəyişməyə və ya danışıqları başqa müstəviyə keçirməyə çalışırlar. Məhz bu səbəbdən gərginlik yaradılır”. Xatırladaq ki, Azərbaycan baza prinsiplərinin razılaşdırılmasını gözləmədən Ermənistanı "böyük sülh sazişi” üzərində işə başlamağa, bu məqsədlə işçi qrupu yaratmağa çağırıb. Ancaq rəsmi Bakının həmsədrlər vasitəsilə İrəvana etdiyi bu təkliflərə dəfələrlə rədd cavabı verilib. Təcavüzkar Ermənistan baza prinsipləri üzərində dalana dirənmiş danışıqları mümkün qədər uzatmağa çalışır.
Ermənistan rəhbərliyinin mövqeyini dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bunu düşmən tərəfin azğın həyasızlığı kimi təsvir edib: "Böyük sülh sazişi üzərində işləmək üçün hansısa siyasi hadisənin baş verməsi lazımdır. Misal üçün, prezidentlər bu məsələdə razılığa gəlməlidir. Lakin belə bir razılıq yoxdur. Ermənistanı idarə edən Moskvanın mövqeyi də dəyişməyib. Rusiya İrəvana göstəriş versə ki, Azərbaycanla bir masa arxasına keçib danışıqlar aparsın, bir ayın içində bu məsələ həll olunar”. Ancaq V.Quluzadə hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ümumiyyətlə həll olunmamasını istəyir: "Rusiya müharibə vəziyyətinin davam etməsini istəyir. Ona görə də atəşkəsin pozulması davam edir, Ermənistan təxribat əməllərindən əl çəkmir və öz hərbçilərini Azərbaycan torpağından çıxarmır.
Rusiyadan güc alan Ermənistan azğın işğalçılığını davam etdirir. Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur. Bəlkə bu, daxili auditoriya üçündür”.
QAT rəhbəri Akif Nağı da bildirir ki, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə danışıqlar prosesini pozur və həyasızcasına yalanlar uydurur: "Azərbaycanı danışıqları pozmaqda ittiham etmək çox gülüncdür. Hər şey ortadadır. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu bu yalanlara göz yumur. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə deyil, status-kvonun saxlanılması ilə məşğuldur. Bununla da Ermənistanın mövqeyini müdafiə edirlər. Ermənistanın mövqeyi isə vaxtı uzatmağa xidmət edir”.
QAT sədri deyib ki, ermənilər 2005-ci ildən bəri status-kvonun saxlanmasına çalışırlar: "Onlar sübut etməyə çalışırlar ki, guya, "Dağlıq Qarabağ” rejimi 20 ildir var. Bax, Ermənistan bu xətti yürüdür. ATƏT-in Minsk Qrupunun həmsədrləri də onların bu siyasətinə xidmət edir. Ermənilərin belə açıq yalanla çıxış etmələrinə reaksiya verməmələri Ermənistanın siyasətini dəstəklədiklərinə və Azərbaycanı mövcud reallıqlarla barışmağa vadar etməyə xidmət edən addım olduğunu deməyə əsas verir. Azərbaycanın mövqeyi isə bəllidir, stasus-kvo mütləq dəyişməlidir. Buradan da görünür ki, Azərbaycan həm işğalçı Ermənistana, həm də beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə qarşı mübarizə aparır”.
İsmayıl