Müharibə yenidən başlanır

Elnur Sultanov: “Rusiya onlara “yaşıl işıq” yandırmadığına görə, ermənilər əsəbiləşib”
Rüstəm Məmmədov: “Azərbaycan növbəti zərbələrlə Sarkisyanı kapitulyasiya etməyə məcbur edəcək”


Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri atəşkəs haqqında razılaşma əldə etsələr də, sonrakı günlərdə işğalçı ölkənin davranışları birmənalı olaraq razılaşmanı pozmağa yönəldi. Ermənistan Prezidenti Serj Sarkisyanın beynəlxalq qanunları növbəti dəfə pozaraq işğal olunan Azərbaycan ərazilərinə gəlməsi, terrorçu və cinayətkar dəstələrin üzvləri ilə görüşüb onları "ruhlandırması” rəsmi İrəvanın konstruktiv mövqedən xeyli uzaq olduğunu göstərdi.

Həmçinin, erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən Tərtər rayonunun sakinlərini, mülki əhaliyə məxsus evləri mərmilərlə hədəfə alması, paralel olaraq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Hadrut, daha sonra Xocavənd rayonuna gəlib burada toplantılar keçirməsi, cinayətkar dəstələrə təlimatlar verməsi düşmənin aqressiyasının davam edəcəyinə şübhə yeri qoymadı. Son olaraq Ermənistan Prezidenti "Bloomberg” agentliyinə verdiyi müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Çünki danışıqların perspektivi çox azdır: "Ermənistan danışıqlardan imtina edir. İndiki şəraitdə danışıq prosesinə qayıtmağı planlaşdırmırıq. Təhlükəsizlik zəmanəti olmadan Ermənistan sülh danışıqlarına qayıtmayacaq”. Sarkisyan həmçinin bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana hər hansı yeni təklif gətirməyib: "Lavrov yaxşı başa düşür ki, "dörd günlük” müharibədən dərhal sonra danışıqların başlaması heç bir məna daşımır”.

"Forum bitəndən sonra Ermənistan cavabını alacaq”

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq”ə açıqlamasında deyib ki, Serj Sarkisyanın sülh danışıqlarından imtina etməsi onun kriminal rejimin rəhbəri olmasını bir daha təsdiqləyir: "Eyni zamanda sübut edir ki, Ermənistan heç bir halda kompromisə, güzəştə hazır deyil. Təcavüzkar erməni rəhbərliyinin torpaqları geri qaytarmaq niyyəti yoxdur. Ermənistan Prezidenti regionu bürüyəcək alovlu bir müharibəyə çağırış edir. Ona görə də bütün məsuliyyət onun üzərinə düşür. Azərbaycanın Müdafiə Nazirliyi və Milli Ordumuz Ermənistanın quldur ordusunu darmadağın etmək gücündədir”. Deputatın sözlərinə görə, Sarkisyanın danışıqlardan imtina etməsi və silahlı qüvvələrə cəbhə xəttində gərginliyi artırmaq əmri verməsi növbəti təxribatdır: "Situasiya kifayət qədər ciddidir. Bu gün Azərbaycanda çox mühüm beynəlxalq Forum keçirilir. Dünyanın diqqəti ölkəmizdədir. Ona görə də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev təmkin nümayiş etdirir. Bu da başadüşüləndir və çox düzgün addımdır. Amma nəzərə almaq lazımdır ki, Forum 2-3 günə bitir. Ondan sonra Ermənistan öz təxribatçı hərəkətlərinin cavabını misliylə verəcək. Qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edəcək. Buna heç kimin şübhəsi olmasın”.

"Sarkisyanın zəifləməsi onun aqressivləşməsinə səbəb olub”

Ermənistanın danışıqlar prosesindən imtina etməsini şərh edən tanınmış politoloq Elnur Sultanov deyib ki, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyinin mövqeyi sarsılıb: "Sarkisyan özünü çox zəifləmiş hiss edir. Çünki üzərinə qurduğu legitimlik zənciri qırıldı. Bu şəkildə onun siyasi gücü zəiflədi. Sarkisyanın zəifləməsi onun aqressivləşməsinə səbəb olub. Hazırkı vəziyyət onu həddən artıq sarsıdıb, o, vəziyyəti düzəltməyə çalışır. Ordumuz bu xüsusa diqqət etməlidir. Ermənistan tərəfi bununla yanaşı, ritorik fazada aqressiv mövqe sərgiləyə bilər. Sarkisyan uduzmuş, sifətinin ortasına yumruq yemiş adam kimi ən azından danışıq fazasında nəsə etməyə çalışacaq. Bu, daxili siyasətə hesablanıb ki, ona qarşı rəqibləri istifadə etməsinlər”.

"Ermənilər döyüş meydanında məğlub olduqca, daha da qudururlar”

Politoloq, həmçinin bildirib ki, uduzan tərəf hər zaman aqressiv davranır: "Düşmən məğlubiyyətini qəbul edə bilmir. Əslində Sarkisyanın mövqeyi gözlənilən idi. Müsahibəsindəki aqressiya da məhz oradan qaynaqlanır. Son bir neçə gün ərzində təmas xəttində Ermənistan gərginliyi artırır. Onlar çalışır ki, hərbi sferada nəyisə dəyişsinlər. Ancaq düşmən tərəfi buna nail ola bilmir. Ermənilər döyüş meydanında məğlub olduqca, daha da qudururlar. Başqa halda uyğun daxili-siyasi mövqeyi saxlaya bilməyəcəklər”. E.Sultanov bildirib ki, Kazan sənədləri Ermənistanın maraqlarına uyğun olduğu üçün İrəvan rəhbərliyi Azərbaycana qarşı tez-tez bundan istifadə edir: "Modifikasiya edilmiş "Kazan prinsipləri” tamamilə ermənilərin xeyrinədir. Bu məqamı vurğulayıb, sülh təəssüratı yaratmaq istəyirlər ki, guya, Ermənistan danışıqların baş tutmasını istəyir. Azərbaycan isə bundan imtina edir. Lavrovun İrəvan səfərindən ortaya çıxan əsas nəticə ondan ibarətdir ki, Rusiya Ermənistana təzyiq etmək istəmir. Ermənistan isə daxili-siyasi çaxnaşmadan qorxduğuna görə, Lavrovun gəliş-gedişini xoş qarşılamadı. Ermənilər Lavrovdan aprelin əvvəlində yedikləri zərbəni kompensasiya edəcək "yaşıl işıq” istəyirdilər. Rusiya onlara "yaşıl işıq” yandırmadığına görə, ermənilər əsəbiləşib”.

"Azərbaycan öz torpaqlarını istənilən an müharibə yolu ilə ala bilər”

Politoloq Rüstəm Məmmədov da deyib ki, Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan imtina etsə, güclü zərbə alacaq: "Azərbaycan öz torpaqlarını istənilən zaman müharibə yolu ilə ala bilər. Müdafiə nazirimiz də bəyan edib ki, hər an müharibəyə hazırıq. Sarkisyanın danışıqların hazırda irəli sürülən şərtlərlə aparılmasından imtina etməsi hakimiyyətini itirmək qorxusundan irəli gəlir. O, Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəlib. Qorxur ki, sabah xalq ondan soruşacaq ki, torpaqları qaytaracaqdınsa, niyə bu qədər insanı qırğına verirdin? Çalışır ki, öz cinayətlərini gizlətsin. Fasilə yaradaraq münaqişəni uzatmaq istəyir. Bu isə xilas yolu deyil. Azərbaycan növbəti zərbələrlə Sarkisyanı kapitulyasiya etməyə məcbur edəcək. Onun başqa yolu yoxdur”.

İsmayıl