Həvva Məmmədova: " Ermənistanın təcavüzü böyük dövlətlərin gözü qarşısında baş verir. Heç bir nəticə olmadığına görə, bütün güc Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan əhalisinin üzərinə düşür”
"Ermənilərin istəyi bizə çoxdan bəllidir”.
Bunu "Sherg.az”a Ermənilərin cəbhə xəttində törətdiyi yanğını gücləndirməsindən danışarkən Xankəndidən olan sabiq millət vəkili Həvva Məmmədova deyib. O bildirib ki, mənfur düşmənlərimiz yay mövsümünün olmasından istifadə edərək mülki əhalinin təsərrüfatına ziyan vurmağa çalışır:
"Əkin-biçin vaxtıdır, cəbhəyanı kəndlərdə yaşayan əhali, təsərrüfatla məşğul olan insanlar hazırda məhsul yığımı ilə məşğuldur. Ermənilər işğal olunmuş əraziləri yandırır, mülki əhalini atəşə tutur, Sərsəng su anbarının qarşısını kəsir ki, bu əməllərlə əhaliyə ziyan vursunlar. Ona görə, tarix boyu təcavüzə məruz qalan Azərbaycan və Azərbaycan xalqıdır. Azərbaycanın haqq səsi, apardığı siyasət, onun regionda güclü mövqeyi Ermənistanı narahat edir.
Dünya dövlətləri Ermənistanı təcavüzkar dövlət kimi tanısalar da düşmən cəzasız qalıb. Cəzasızlıq isə işğalçı ölkəni hər cür addım atmağa sövq edir. Çünki əhaliyə ziyan vurmaq üçün torpaqların, meşələrin, zəmilərin yandırılmasına, atəş açılmasına, günahsız uşaqların öldürülməsinə əl atırlar”.
H.Məmmədovanın sözlərinə görə, ATƏT-in bu illər ərzində apardığı siyasət kölgədə qalıb:
"Minsk qrupunun həmsədrləri sadəcə monitorinq aparmaqla kifayətlənir. Ona görə, bütün güc-qüvvə inkişaf etmiş Azərbaycanın üzərinə düşür. Biz düşmənə ancaq öz gücümüzlə qalib gələ bilərik. Bu, özünü aprel döyüşlərində də göstərdi. Ermənistanın apardığı təcavüzkar siyasət, mənfurların sülhə meylli olmaması sübut edir ki, münaqişəni yalnız özümüz həll edə bilərik.
Ermənistanın heç bir çıxış yolu qalmayıb. Düşmən bu gün terroru dəstəkləyən dövlətlərdən ianələr toplamaqla ayaqda durur.
Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, torpaqlarımızı özümüz işğaldan azad etməliyik. Ermənistanın təcavüzü beynəlxalq təşkilatların, böyük dövlətlərin gözü qarşısında baş verir. Heç bir nəticə olmadığına görə, bütün güc Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan əhalisinin üzərinə düşür”.
Qeyd edəık ki, Ermənilər işğal altında olan Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində quru otlara od vurub. Məlumata görə, işğalçılar Xocavənd rayonunun adsız yüksəkliklərində yanğın törədiblər. Alov Ağcabədi və Ağdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Hazırda alov küləyin təsiri ilə geniş ərazilərə yayılır.
Aysel Aslan