Münsiflər heyətinin tərkibi dəyişdiriləcək

Bu dəfə Milli Kitab Mükafatı müsabiqəsi daha şəffaf olacaq




Uzun fasilədən sonra Milli Kitab Mükafatının növbəti müsabiqəsi keçiriləcək. Budəfəki yazarların təqdim etdiyi əsərlərin qiymətləndirilməsi daha geniş və fərqli formatda həyata keçiriləcək.

Bu barədə "Şərq”ə "Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin rəhbəri Nigar Köçərli məlumat verib. O bildirib ki, ilin sonuna qədər Milli Kitab Mükafatı müsabiqəsi keçiriləcək: "Hər kəs müsabiqənin nə vaxt keçiriləcəyini soruşur. Lakin konkret nə vaxt olacağını söyləyə bilmərəm. Əslində keçən ildən başlamalı idi. Sadəcə, işlərimin çoxluğu ilə bağlı bir az yubandı. Ancaq bu ilin sonuna qədər keçirilməsi nəzərdə tutulub”.

N.Köçərli bizimlə söhbətində münsiflər heyətinin tərkibinin dəyişdiriləcəyini açıqlayıb: "Hər zaman düşünürəm ki, yeniliyə doğru addımlamaq lazımdır. İnkişaf yeniliklə bağlıdır. Ola bilsin ki, ekspertlər arasında da dəyişiklik olsun. Həmçinin nominasiyaların sayı artacaq. Buna uyğun olaraq keçəndəfəki müsabiqəyə təqdim edilən 249-dan daha artıq bədii əsərlərin təqdim olunacağı gözlənilir. Lakin həmişə olduğu kimi şəffaf bir formatda keçiriləcək”.

Qeyd edək ki, Milli Kitab Mükafatı 2009-cu ildə "Əli və Nino” Nəşriyyat Evi tərəfindən təsis edilib. Sonuncu dəfə 2013-cü ildə MKM müsabiqəsi keçirilərək qaliblər müəyyənləşdirilib.

Vüqar