Musa Yaqub DANIŞDI: "Hələ bilmirəm, necə olacağam"





Uzun müddətdir, Azərbaycanın tanınmış şairi Musa Yaqub səhhəti ilə bağlı problemlər yaşayır. Bir neçə ay öncə, şairin yaxınları mediaya açıqlamalarında onun durumunun qənaətbəxş olmadığını, həkimlərin ürəkaçan fikirlər söyləmədiyini bildirmişdilər.

Mütəmadi olaraq, xalq şairinin sağlıq durumu ilə maraqlandığımızdan, bu dəfə də əlaqə saxlamaq qərarına gəldik. Zəng etdiyimizdə, dəstəyi şairin özü götürdü. Musa müəllim əvvəlkindən rahat, sanki daha canlı səslə sualımızı cavablandırdı, lakin bizimlə sonacan danışa bilmədi.

"Şair, səhhətiniz necədir?” sualına "bu dəfə babatam, yaxşılıqdır” deyə cavab verdi:

"Hələ bilmirəm, necə olacağam. Müalicədəyəm”.

Dəstəyi götürən Musa Yaqubun gəlini Gülər xanım şairin səhhətinin əvvəlkinə nisbətən çox yaxşı olduğunu söylədi:

"Musa müəllim bir qədər danışmağında çətinlik çəkir, nəfəs çatışmazlığı var. Lakin əvvəlkindən qat-qat yaxşıdır. Müalicə davam edir, lakin irəliləyiş güclü deyil. Bəlkə yaşla bağlıdır, ya xəstəliyinə düzgün diaqnoz qoyulmayıb, nədir bilmirik. 

Özü-özünü idarə edə bilmir, əlil arabasında həkimə aparır, gətiririk. Şairin ürək çatışmazlığı, nəfəs problemləri, böyrək çatışmazlığı kimi problemləri var idi. Müalicələrdən sonra bəzi xəstəliklər zəifləyib. Amma yenə də tam ayağa qalxa bilmir, sağalmayıb”.

Qeyd edək ki, səksən yaşlı Musa Yaqub uzun müddətdir, bir neçə xəstəlikdən əziyyət çəkir.

Aysel Aslan