Müsavatda yeni səsləri, nəfəsləri “boğurlar”

Tural Abbaslı: “Gənclər də bunu bildi və vaxtlarını belə məsələlərə sərf etmək istəmədi. Bu səbəbdən də Müsavatdan ayrıldılar”“Partiya rəhbərliyinin məqsədi təşkilatı gücləndirmək deyil, öz yerlərini rahatlamaqdır”
Müsavat Partiyasında "yarpaq tökümü” davam edir. Bu dəfə sədrliyə keçmiş namizəd, "Ağ blok”un həmtəsisçisi Tural Abbaslının tərəfdarları olan "Ağ blok”çular təşkilatın sıralarını tərk edirlər. T.Abbaslının istefasından sonra partiyanın bir neçə gənc fəal üzvü Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Cavanşir Abbaslı da partiyadan ayrılıblar.
Gənclər qurumdan qopmalarının səbəbini təşkilatın Müsavat ideologiyası deyil, şəxslər ətrafında birləşməsi, qurultaydan sonra partiyada aparılan siyasətin müsavatçılıq ideologiyası ilə ziddiyyət təşkil etməsi, effektiv mübarizə üçün demokratik mühitin olmaması, yeni səs və nəfəslərin boğulması ilə izah ediblər.
Partiyadan qopmalar barədə "Şərq”ə danışan Tural Abbaslı qeyd edib ki, istefalarda məqsəd Müsavatı zəiflətmək, onun sosial bazasını gücdən salmaq deyil: 
"Mən də daxil olmaqla, təşkilatdan ayrılanlar 10 illərini Müsavat yolunda xərcləyiblər. Həbslər və təzyiqlər görmüşük. Meydanlarda, aksiyalarda, tədbirlərdə, seçki qərargahlarında mübarizə aparmışıq. İllərimizi qoyduğumuz təşkilatdan ayrılmaq bizə heç də asan gəlmir. Sadəcə olaraq Müsavatın qurultayından sonra yeni rəhbərlik insanlara xidmət göstərmək üçün münbit şərait yaratmır. İnsanlara mübarizə aparmaq üçün meydan vermir. Əksinə, hər kəsi partiyadaxili çaxnaşmalara sövq edir. Təşkilatdaxili ziddiyyətə meyilləndirir. İnsanları əsas hədəfdən yayındırır. Artıq gənclər enerjilərini mənasız qarşıdurmalara sərf etmək istəmirlər. Onlar bildirirlər ki, biz müxalifət partiyasıyıqsa, hakimiyyətlə mübarizə aparmalıyıq. Gənclər yeni mübarizə formaları
axtarırlar. Ona görə də qərara gəldik ki, Müsavatda bilərəkdən mübarizə mühiti yaradılmırsa, onda biz özümüz üçün mübarizə apara biləcəyimiz məkan, platforma yaradaq. Və fəaliyyətimizi orda davam etdirək. Gənclərin əksəriyyəti də məhz bu məsələlərə görə istefa verib. Yeni mühitdə və partiyada təmsil olunmaq və məqsədyönlü fəaliyyətlə məşğul olmaq istəyirlər. Yoxsa, bizim Müsavatda kimlərləsə qan düşmənçiliyimiz yoxdur”.
T.Abbaslının sözlərinə görə, partiyada siyasi mübarizə mühitinin "boğulması” sırf qurultaydan sonra baş verdi: "Baxın, qurultay iki ilə yaxındır keçirilib. İndiki rəhbərlik bu gəncləri təşkilatda saxlaya bilərdi. Kompromisə gedə bilərdi. Amma getmədilər. Bununla da sübut etdilər ki, başlıca məqsədləri partiyanı gücləndirib mübarizə aparmaq deyil, özlərinin idarəçiliklərini rahatlaşdırmaqdır. Gənclər də bunu bildi və vaxtlarını belə məsələlərə sərf etmək istəmədi. Bu səbəbdən də Müsavatdan ayrıldılar”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, indiki rəhbərliyin yürütdüyü siyasət effektiv mübarizə yolu deyil: "Qurumun potensialından lazımınca istifadə olunmur. Sırf təmsilçilik xarakterli mübarizədir. Yəni ki, partiyanın adı olsun. Biz təşkilatın adının hallanması deyil, onun hakimiyyətə gəlməsi uğrunda mübarizə aparmağı məqsədəuyğun hesab edirik. Müsavat Partiyasının indiki mübarizə metodu bizi qane etmir. Qane etsə idi, orda qalardıq. Qane etmədiyi üçün daha fərqli metodlarla, daha effektiv mübarizə üçün ayrı bir təşkilatın yaradılmasına ehtiyac duyuldu. Müsavat bəzi məsələləri təmin etsəydi, gənclər orda qalardı. Necə ki, illərdi ordaydılar”.
"Tural Abbaslı Müsavatı parçaladı” iddiasına gəlincə, müsahibimiz bəyan edib ki, bu, doğru yanaşma deyil: "Məqsəd bu qurumu parçalamaq olsaydı, biz kifayət qədər siyahılar təqdim edərdik. Bu görüntünü yarada biləcək səhnə təşkil edərdik. İnsanları cəlb edərdik. Müsahibələr verərdik. İllərini siyasətə həsr etmiş insanlar kimi, bunun metod və yollarını gözəl bilirik. Amma gördüyünüz kimi, bizdə yalnız cəmiyyətdə tanınan gənclərin istefa xəbərləri ictimailəşdi. Halbuki, partiyanın rayon təşkilatlarından istefa verən onlarla gənclərimiz var. Heç biri mətbuata açıqlanmır. Bunu yaymırıq. Biz qətiyyən Müsavatı parçalamaq niyyətində deyilik. Onsuz da hazırkı rəhbərlik Müsavatı kifayət qədər parçalayıb, zəiflədib. Müsavata vurula biləcək ən böyük zərbəni indiki rəhbərlik vurub”.
"Ağ blok”un gələcək fəaliyyətinə toxunan T.Abbaslı əlavə edib ki, bu birlik parlament seçkilərində də iştirak edib: "Seçkilərdə 8 namizəd irəli sürmüşdük. Onun 4-ü qeydiyyatdan keçdi. Marafonda 4 namizədlə yarışdıq. İndi də Ağdaşda boş qalan deputat yerinə keçirilən seçkilərdə təmsilçimiz iştirak edəcək. Artıq sənədlərini təqdim edib. "Ağ blok”un partiyaya çevrilməsi istiqamətində də addımlar atırıq. İlkin planlaşdırmamıza görə, bu ayın 29-da qurultayı keçirmək niyyətindəyik. Tam hüquqi partiya olmaq istiqamətində addım atacağıq. Güman edirəm ki, bundan sonra Azərbaycan siyasi səhnəsində yeni qüvvə kimi sözümüzü deyə biləcəyik. Azərbaycan siyasi arenasına yeni səs, yeni nəfəs, yeni ideya və yeni şərtlər gətirə biləcəyik. Bu günə qədər olan xidmətlərimizi analiz etsək, şahidi olarıq ki, fəaliyyətimizin qısamüddətli olmasına baxmayaraq siyasi səhnədə kifayət qədər varıq. İllərin partiyaları və liderləri eyni birliklərdə təmsil olunuruq. Mətbuatda, siyasi sferada sözümüz eşidilir. Ümid edirəm ki, fəaliyyətimizi uğurla davam etdirə biləcəyik”.
Ayyət Əhməd