“Müsavatın rəhbər strukturları zəbt olunub”

Adil Qeybulla: “Üfüqdə hansısa razılıq və barışıq görmürəm. Çünki vəziyyət olduqca mürəkkəbdir”




Müsavat Partiyası növbəti dəfə kütləvi istefalar mərhələsinə qədəm qoyub. Professor Vurğun Əyyubun partiyadan çıxarılmasından sonra 55 nəfər üzv qurumun sıralarını tərk edib. V.Əyyubun partiyadan çıxarılmasına etiraz olaraq tibb elmləri doktoru, professor Adil Qeybulla, tarixçi Boran Əziz və İbrahim İbrahimli də Müsavatdan istefa verib. Ötən gün isə Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiyadan çıxarılıb və Qadınlar Birliyinin ləğv olunacağı bildirilib. Son olaraq Müsavatın Nizami rayon təşkilatının sabiq sədri, partiya başqanının keçmiş müşaviri Nizaməddin Quliyev təşkilat sıralarını tərk edib.

İstefalardan sonra Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər hazırkı rəhbərliyin yürütdüyü siyasətə kəskin etirazlarını bildiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər. Müsavatdakı gərginliklə bağlı "Şərq”ə müsahibə verən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü, professor Adil Qeybulla partiya rəhbərliyinin yeritdiyi siyasətin tamamilə yanlış olduğunu deyib. A.Qeybulla bəyan edib ki, Müsavat rəhbərliyinin məqsədi partiyanı mənimsəmək, ona qarşı çıxanları qurumdan uzaqlaşdıraraq təşkilata tək başına sahib olmaqdır.

- Adil bəy, Müsavatdakı kütləvi istefaları və rəhbərliyin buna biganə yanaşmasını necə dəyərləndirirsiniz?

- Düzü, mən anlamıram, nəyə görə bu cür mövqe sərgiləyirlər. Vəziyyət çox ürəkağrıdıcıdır. Zamanında ölkənin ən aparıcı müxalifət partiyasının bu günə düşməsinə təəssüf edirəm. Müsavatın boşalması olduqca ciddi və narahatlıq doğuran amildir. Partiyanın indiki durumda olmasının məsuliyyəti birbaşa rəhbərliyin üzərinə düşür. Bu tarixi məsuliyyətin günahı onların boynunadır. Hazırkı tənəzzülün baş verməsində partiya daxilində aparılan düşünülməmiş, ambision siyasətin mühüm rolu var. Partiyadan bu və ya digər səbəbə görə istefa verən şəxslər kifayət qədər vicdanlı, cəmiyyətdə tanınmış, milli-azadlıq hərəkatında xidmətləri olan dəyərli insanlardır. Onların arxasınca müxtəlif ittihamlar səsləndirmək, onlara hansısa damğa vurmağa çalışmaq siyasi mədəniyyətsizlikdir. Təəssüflər olsun ki, rəhbərlik onlara təşəkkür etmək əvəzinə, bu cür çirkin iddialara əl atır. Fikrimcə, bu, çox yanlış xətdir.

- Bəy, ikinci dəfə Müsavatdan istefa verməyinizin konkret səbəbi nə idi?

- Mən ilk istefamdan sonra partiyaya qayıtdım və ümid etdim ki, Müsavat Partiyası qurultaydan sonra yeni, mütərəqqi fəaliyyət istiqaməti tutacaq. Lakin təəssüflər olsun ki, yanlış siyasi xətt aparıldı və siyasət sonuncu qurultay vasitəsilə rəsmiləşdirildi. Mən də partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə etiraz olaraq partiya sıralarından istefa verdiyimi bəyan etdim.

- Kifayət qədər fəal funksioner olan Müsavatın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan xaric edilməsinə münasibətiniz necədir?

- Çox güman ki, Qadınlar Birliyinə indiki rəhbərliyin qrup maraqlarına uyğun fəaliyyət göstərən birini təyin edəcəklər. Ellada xanım Azərbaycan xalq hərəkatının fəal üzvlərindəndir. O, Müsavat Partiyasının inkişafına müstəsna xidmət göstərən çox əqidəli və dəyərli bir insandır. E.Məmmədliyə qarşı bu cür aqressiv münasibət tamamilə ədalətsizlikdir.

- Bəziləri partiyadan kütləvi istefa verənləri qınayır və deyirlər ki, qurumda qalıb mübarizə aparmaq lazım idi. İndiki Müsavatda sağlam mübarizə aparmaq mümkündürmü?

- Belə bir ortamda partiyada qalıb mübarizə aparmaq mümkün deyil. Bu, reallıqdan uzaqdır. Çünki Müsavatın rəhbər strukturlarının hamısı zəbt olunub. Həmin biabırçı qərarlar da zəbt olunmuş strukturlar tərəfindən verilir. Əgər partiya rəhbərliyində təmsil olunan şəxslər sağlam islahatlara meyilli deyillərsə, ümumi razılığın əldə olunmasını istəmirlərsə, bizim qurumda qalıb fəaliyyət göstərməyimiz tamamilə əbəs və mənasızdır.

- Partiyadan istefa verənlərin ADR hərəkatına cəlb olunması istiqamətində işlər görülürmü, yoxsa buna ehtiyac görmürsüz?

- İstefa verənlər bizim təşkilata gəlməyə məcbur deyillər. Əlbəttə, onların içində hərəkata qoşulanlar da var, qoşulmayanlar da. Ona görə də heç kim düşünməsin ki, Müsavatdakı kütləvi istefaların ADR-lə hansısa əlaqəsi var. Təşkilatı tərk edənlər Müsavat rəhbərliyinin yürütdüyü yanlış siyasətə etiraz olaraq qurumu tərk ediblər. Onlar haqsızlıqlara şərik olmaq istəməyiblər.

- Mövcud duruma görə, əksəriyyət başqan Arif Hacılını ittiham edir. Sizcə, onun başqası ilə əvəzlənməsi və yaxud mövqeyini dəyişməsi problemləri tamamilə yoluna qoyacaqmı?

- İnanmıram ki, yaranmış problem müəyyən güzəştlərlə yaxın müddətdə həllini tapsın. Yəni üfüqdə hansısa razılıq və barışıq görmürəm. Çünki vəziyyət olduqca mürəkkəbdir. Hər halda proseslər gələcək hadisələrdən və situasiyadan asılı olacaq.

İsmayıl