Mütləq efir proqramları yenilənməlidir

MTRŞ sədrinin bu formatda görüş keçirməsi yaxşı haldır




Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə ciddi görüş keçirildiyini deyən MTRŞ sədri Nuşirəvan Məhərrəmli televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olmasının onların diqqətinə çatdırıldığını qeyd edib: "Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.

Televiziyaların öz funksiyalarını düzgün yerinə yetirmədiyini vurğulayan professor Qulu Məhərrəmlinin fikrincə, N.Məhərrəmlinin tövsiyələrinə əməl olunsa, bu, ümumi işin xeyrinə olar: 

"Televiziya və radiolarımız ciddi böhran içərisindədir. Mütləq şəkildə onlar öz efir proqramlarını yeniləməlidir. İşin ən böyük məsuliyyəti TV və radio rəhbərlərinin üstünə düşdüyü üçün MTRŞ sədrinin bu formatda görüş keçirməsi yaxşı haldır. Sözün açığı, TV rəhbərlərinin bu tövsiyələrdən nəticə çıxarması ilə bağlı ümidim azdır.

 Çünki Nuşirəvan Məhərrəmlinin qaldırdığı problemlərlə bağlı mediada kifayət qədər yazılar gedib. İctimaiyyət üzvləri səviyyəsində televiziyaların durumu tənqid edilib. Ancaq heç bir səmərəsini görməmişik. TV rəhbərlərinin əksəriyyəti bu sahəni bilmir. Ona görə də televiziyalarda nə informasiya ötürülməsi, nə də yaradıcılıq məsələləri yerində deyil. Tamaşaçı ilə hansı dildə, hansı mövzuda danışmağın yollarını müəyyən etmək üçün zəngin təcrübə və dünyagörüşü lazımdır”.

Şəymən