“Müxalifət” məhkəməyə verildi
Zəlimxan Məmmədli: “Əvvəl “Hürriyət”, indi də “muxalifet.az” saytı bu şərləməni davam etdirir”
"Borçalı” İctimai Cəmiyyətinin mayın 26-da keçirdiyi VII konfrans qurum və sədr ətrafında yeni söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, "Müxalifət” informasiya portalı qurumun təsisçiləri olan - Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimlinin məqsədli şəkildə konfransa dəvət olunmadığını iddia edib. Saytın məlumatına görə, buna səbəb həmin şəxslərin Z.Məmmədlinin cəmiyyətə sədrlik etməsindən narazı olduqları və son vaxtlar sədri dəyişmək istiqamətində fəaliyyət göstərmələridir.
Portalın yazdığına görə, sədr son günə qədər konfrans barədə adıçəkilən şəxslərin məlumat əldə etməsinə mane olub. Sayt "Borçalılar Zəlimxan Məmmədlini boykot etdi” başlıqlı yazıda, qurultaya dəvət olunanların əksəriyyətinin iştirakdan imtina etdiyini və Z.Məmmədlinin təşkilatı "alver predmeti”nə çevirdiyini iddia edib. Yayılan məlumatdan dərhal sonra Z.Məmmədli xəbər portalını ittihamdan dolayı məhkəməyə verib və bu işin arxasında olanları kəskin şəkildə tənqid edib: "Müxalifət.az şər-xata saytdır. Xəbislik və şərəfsizliyə baxın. Faxralıdan olan Anar Həsənli şərləmək üstündə 2009-cu ildə cəmiyyət sıralarından qovulub və 6 ildi şər-şəbədə ilə məşğuldur. Mayın 26-da 150 nəfərdən çox nümayəndənin iştirak etdiyi Ali tədbiri də qara piar mənbəyinə çevirmək sadəcə tərbiyəsizlikdir. Əvvəl "Hürriyət”də, indi də "muxalifet.az” saytında bu şərləməni davam etdirir.
Cəmiyyət və onun sədri haqqında yayılan söz-söhbətə münasibət bildirən millət vəkili Fazil Mustafa qurumun 7-ci konfransında iştirak etdiyini və çıxışı zamanı cəmiyyətin gördüyü əvəzolunmaz işləri diqqətə çatdırdığını deyib: "Gürcüstanda yaşayan Azərbaycan türklərinin varlıq mübarizəsində ağır bir yükün altına girmiş Zəlimxan Məmmədli başda olmaqla bütün fədakar üzvlərini təbrik etdim. Biz orada yaşayan soydaşlarımızın taleyinə indidən sahib çıxmasaq, sonra saxta "Borçalı şikəstəsi” oxumaqla məşğul olacağıq. Bizim üçün ayıbıdır ki, rəsmi Gürcüstan heç bir səbəb göstərmədən bu təşkilatın rəhbərlərini öz doğulduğu yurda buraxmır. Dəfələrlə rəsmi instansiyalara müraciət edilməsinə baxmayaraq, ortada nəticə yoxdur. Azərbaycan rəsmi məqamlarının əlində kifayət qədər vasitələr var ki, rəsmi Gürcüstanın bu şıltaqlığından vaz keçməyə məcbur etsin. Təəssüf ki, bu məsələdə də laqeyd yanaşmanı müşahidə edirik. Hesab edirəm ki, "Soydaşlar haqqında” qanun mütləq müzakirəyə çıxarılmalıdır. Borçalı türklərinə əcnəbi statusu ilə baxmaq çox ciddi yanlışdır və bu yanlışı vaxtında düzəltməliyik”.
Gürcüstan Türkləri Konfederasiyasının vitse-prezidenti, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının baş katibi Sərdar Əliyev də cəmiyyət sədrini müdafiə edib: "Məgər, cəmiyyətin təsisçiləri konfransa dəvət olunmalıydılar?! Azacıq məntiqlə düşünən hər kəs bu suala cavab tapa bilər. Yox əgər, adamlar konfransı boykot və sədri dəyişmək xəttini tutmuşdularsa, bu haqda əvvəlcədən ictimaiyyəti məlumatlandıra bilmək üçün çox geniş imkanlar mövcud idi. Guya, Zəlimxan Məmmədli konfransı və onun vaxtını gizlədib. Bu qədər də absurd və mənasız bir iddia, ağ yalan olarmı? Axı, sədr KİV-lərdə, sosial şəbəkələrdə günlərcə yayımlanan konfrans barəsində məlumatları necə gizlədə bilərdi? Bu sualın da cavabı yoxdur. Açığı, onların bu cür davranmalarının gerçək səbəbləri məni maraqlandırmır. Bəlkə də özlərinə görə haqlı olduqları məqamlar var. Amma o zaman səmimi şəkildə həqiqətləri ortaya qoyaraq iddialarının arxasınca getmələri daha məqsədəuyğun olar”.
Şair-publisist Elbəyi Cəlaloğlu "Borçalı” Cəmiyyətinə və sədri Zəlimxan Məmmədliyə qarşı başladılmış qara piar kampaniyasının primitiv və bayağı olduğunu deyib: "Öz yazıları, dedi-qoduları ilə özlərini biabır etdilər. Bir zamanlar Zəlimxan bəyi Rusiya ilə əlaqəli olmaqda ittiham edənlər, indi də yeni gülünc ittiham tapıblar, guya, Z.Məmmədli Abxaziya separatçıları ilə əlbir olub. Dilləri başlarına bəla olan bu avantürist dəstə üzvləri danışdıqca batmaqda davam edirlər. Bunun nə qədər düşük bir ittiham olduğunu anlamayan həmin dəstə "Borçalı” Cəmiyyətinin ötən 6 ildə gördüyü işləri, Zəlimxan bəyin çıxışlarını heç göz önünə gətirirlərmi? Daima separatizmə "yox!” deyən Zəlimxan Məmmədli deyilmi? Gürcü və Azərbaycan dostluğu, iki xalqın qarşılıqlı inteqrasiyası, ölkələrimizin strateji tərəfdaş olmaları, sülh, barış və qardaşlıq devizi altında yaşamaları kontekstində çıxışlar edən Zəlimxan bəydən başqasıdırmı? Konfransda iştirak edən yüzlərlə nüfuzlu ziyalı Z.Məmmədlinin fəaliyyətini yüksək dəyərləndirdilər və yekdilliklə yenidən sədr seçilməsini alqışladılar”.
İsmayıl