Muxtar Maniyevin ayağı amputasiya olunub

“Sənətkarlarımızın bu gün maddi durumu, yaşayış səviyyəsi çox aşağıdır”




Azərbaycanın Xalq artisti Muxtar Maniyevin səhhəti yenidən ağırlaşıb. Aktyorun həyat yoldaşı Nəsibə Maniyevanın "Şərq”ə verdiyi məlumata görə, Xalq artistinin bu gün yenidən vəziyyəti kəskin ağırlaşıb. Xalq artisti yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir, bir müddət öncə bir ayağı amputasiya olunub.

Xalq artisti Akademik Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artistini müalicə edən həkim Elmira Cəfərova də "Şərq”ə açıqlama verdi: "Xalq artisti Muxtar Maniyev xəstəxanamıza yerləşdiriləndə vəziyyəti ağır idi. Şəkərli diabetdən əziyyət çəkdiyi üçün şəkərinin kəskin şəkildə düşməsi xəstənin vəziyyətini ağırlaşdırmışdı. İki gün vəziyyətini stabilləşdirə bilsək də, bu gün yenidən vəziyyəti ağırlaşdı. Huşu özündə deyil. Məlumdur ki, diabet xəstəsidir. Ötən il sol ayağı amputasiya olunub. Bu gün yenidən çox ağır vəziyyətdə oldu. Sağ ayağının dabanında və baş barmağında yaranan xoraya görə Xalq artistinin sağ ayağı da amputasiya oldu. Biz əlimizdən gələni etməyə çalışdıq ki, vəziyyətini stabilləşdirə bilək. Xəstəxanaya ağır vəziyyətdə çatdırılmışdı”.

Xalq artistinin səhhəti ilə nə Mədəniyyət Nazirliyi, nə də digər səlahiyyətli orqanlar maraqlanır. Əldə etdiyimiz məlumata görə, Xalq artistinin maddi sıxıntıları var. Bəs görəsən, sənət adamları, həmkarları Maniyevlə maraqlanıb ona baş çəkirlərmi?

Muxtar Maniyev barədə "Şərq”ə Xalq artisti Rasim Balayev danışdı. Vaxtilə "Nəsimi” və digər filmlərdə tərəf-müqabili olan Rasim Balayev zamanında Muxtar Maniyevin çox məhsuldar aktyor olduğunu dilə gətirdi: "Muxtar Maniyevlə çox yaxın dostluğumuz olmasa da, hər zaman hörmət etdiyim sənətkar olub. Bir neçə filmdə çəkiliş meydançasında bir yerdə çalışmışıq. Çox məhsuldar, öz dəsti-xətti olan sənətkardı. Muxtar Maniyev Azərbaycan kinosunda öz izini qoya bilən sənətkardı. Həqiqətən Azərbaycan kinosunda Muxtar Maniyevin əvəzsiz xidməti var. Muxtar Maniyev onlarla filmdə çəkilib, kinomuza öz töhfəsini verə bilib. Yaratdığı obrazlar biri-birindən xarakterikdi. Mən onun aktyor kimi sənətə dəyərini görmüşəm, çəkiliş meydançasında nə qədər səliqəli və mədəni bir aktyor olduğunun şahidi olmuşam. Baxmayaraq ki, yaxın dostluğumuz olmayıb, amma qarşılıqlı hörmətimiz olub. O, yaşda da məndən böyük olub. Zamanında elə böyük aktyorlarla bir yerdə çalışıb ki, bu gün onlar kinomuzun tarixini yazanlar sırasındadırlar. Muxtar Maniyev o aktyorlardan olub ki, filmlərdə istər kiçik obrazları, istərsə də böyük obrazları ilə seçilə bilib. Bu, onun əsl aktyor kimi böyük sənətkarlığından xəbər verir. Bilirəm ki, xəstədir. Çox istərdim ki, zamanında, sağ ikən sənət adamlarına dəyər verilsin. Onun sənəti qədər, gözəl ürəyi də var. Sənət yoldaşı olaraq hər zaman qarşısındakı insana hörmətinin şahidi olmuşam. Səhhətində ciddi problemləri var. Xəstəxanada yatır. Ona dəstək olmaq lazımdır. Sənətkarlarımızın bu gün maddi durumu, yaşayış səviyyəsi çox aşağıdır. Bəziləri abırlarına bükülüb, səslərini çıxartmırlar, kimdənsə kömək istəmirlər. Amma ehtiyacları var. Muxtar Maniyev kimi sənətkarlarımızı diqqətdə saxlamaq lazımdı. Ömrünü kinoya, televiziyaya həsr edən insan olub. Elə gərək öləndən sonra ondan danışaq, ondan yazaq. Sağ ikən gücümüz çatan dəstəyi niyə göstərmirik? Mən internetlə maraqlanmıram. Amma təsadüfən xəstəxanada şəkillərini gördüm, pis oldum. Zamanında tanınmış bir sənətkarın bu gün bu vəziyyətdə olması bir həmkar olaraq mənə təsir edir. Elə çıxır ki, sabah mən də, bir başqa sənətkarımız da o durumda ola bilər? Bu qədər sənətkara laqeyd olmaq düzgün deyil. Ona nazirlik maddi kömək etməlidir, səhhəti ilə maraqlanmalıdır. Bu insan Xalq artistidir. Başa düşürsüz? O adı indi nə qədər ucuzlaşdırsalar da, amma bu insan dövlətin seçilən sənətkarlarından biridir. Sənətkar ömrü bu qədər ucuz tutulmamalıdır”.

Tahirə