Muzdlu döyüşçülər...

Suriyadan gələn ermənilər bir gün silahı Sarkisyana çevirəcəklər



Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistanın cəbhəyə Suriya və Livandan muzdlu erməni terrorçuları cəlb etməsi ilə bağlı iddiaları özünü doğruldub. Suriyadan gətirilən ermənilər cəbhə bölgələrinə köçürülür və onlardan Azərbaycana qarşı döyüşlərdə muzdlu döyüşçü olaraq istifadə olunur.

Qeyd edək ki, BBC telekompaniyasının əməkdaşı işğal altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda müharibədən qaçıb Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin bu ölkənin bəzi şəhərlərində, həmçinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirildiyi və hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluların cəlb edildiyi öz təsdiqini tapıb.

Millət vəkili Zahid Orucun sözlərinə görə, Suriyadan gətirilən ermənilərin cəbhə bölgəsinə köçürülməsi və onlardan Azərbaycana qarşı döyüşlərdə istifadə edilməsi o qədər də sadə məsələ deyil: "İstənilən halda kənardan gətirilən ermənilər ənənə fərqlərinə, dünyagörüş uyuşmazlığına görə biri-birindən əks xüsusiyyətlərə malikdirlər. Suriya ermənisi ilə Rusiyada və ya Türkiyədə məskunlaşan ermənilər biri-birindən kəskin şəkildə fərqlənirlər. Onların hər biri yaşadıqları ölkənin xüsusiyyətlərinə, mental dəyərlərinə uyğunlaşıblar. Nəzərə almalıyıq ki, Suriya bir müsəlman ölkəsidir və artıq orada yaşayan ermənilər üçüncü nəsil erməniləri hesab olunur. Əgər Ermənistanın təbliğatını ciddi qəbul etsək, onda belə çıxır ki, 100 il əvvəl köçən ermənilərin üçüncü nəsil övladlarını geri qaytarmış olurlar. Bu isə o deməkdir ki, Qarabağ ermənilərini kənardan gətirilən və sovet dönəmində köçən ermənilərlə eyniləşdirmək olmaz. İstənilən halda onlar arasında adaptasiya problemi yaşanacaq”.

Millət vəkili deyib ki, Suriyadan gətirilən ermənilərin Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər rayonlarında yerləşdirilməsi azmış kimi onlardan bizə qarşı döyüşlərdə muzdlu kimi istifadə olunması qanunsuzluqdur. Bununla belə ermənilərin bu niyyəti öz başlarında çatlayacaq: "Çünki sırf erməniçilik prinsipinə dayanaraq Suriya ermənilərinin silaha sarılması və Qarabağ, erməni ideologiyası uğrunda həyatlarını itirməsi qeyri-mümkündür. Azərbaycan kəşfiyyatı da bütün bu məqamları bilir və nəzərə alır. Ermənilərin hərbi sistemi arasında vahid birlik yoxdur. Faktiki olaraq Ermənistan erməniləri Dağlıq Qarabağ uğrunda döyüşmək və ölmək istəmirlər. İrəvanın mərkəzində, hökumət orqanları qarşısında aksiya keçirən erməni anaları da bunu açıq şəkildə dilə gətirirlər”.

Z.Orucun sözlərinə görə, Azərbaycan bu məsələni daim informasiya müstəvisində saxlamalı və beynəlxalq görüşlərdə qabartmalıdır. Rəsmi Bakı bundan ermənilərə qarşı diplomatik zərbə üçün istifadə etməlidir. Başqa halda Dağlıq Qarabağa gedən mülki və hərbi qüvvələrə nəzarət imkanlarımız yoxdur: "Məsələyə siyasi reaksiyalar asandır. Biz bunu media üzərindən edə bilirik. Amma onları səngərdə zərərsizləşdirmək məsuliyyəti Azərbaycan ordusunun çiyinlərindədir. Bir məsələ də var ki, Suriya ermənilərini gətirib, Ermənistanın və ya qondarma respublikanın maraqlarına yem edənlərin özləri bir müddət sonra ciddi toqquşma ilə üzləşəcəklər. Əminəm ki, Suriyadan gətirilən və muzdlu kimi döyüşlərdə istifadə olunan ermənilər onlara verilən silahı bir gün Sarkisyan və onun rejimi əleyhinə çevirəcəklər”.

Şəymən