Nabran çimərliyi nə gündədir?

Sakinlər natəmizlikdən şikayət edirlər
Xəzər dənizinin sahilində yerləşən Xaçmazın məşhur Nabran çimərliklərinin vəziyyəti heç də ürəkaçan deyil. ANS PRESS-in məlumatına görə, bu ərazinin özəl çimərliklərində xüsusi abadlıq və təmizlik aparılıb, səliqə sahman yaradıldılsa da, qeyri-özəl hissələrində natəmizlik hökm sürür.
Dəniz sahilində zir-zibilin olması ilə yanaşı, buraya mal-qaranın buraxılması vəziyyəti bir az da ağırlaşdırır. Rəhbərlik isə bununla mübarizə aparmaqda aciz olduqlarını etiraf edir.
Nabran icra nümayəndəsi Nəzakət İskəndərova isə bütün günahları çimərliyə gələnlərdə görür: "Biz bu əraziləri nə qədər təmizləyiriksə, xeyri yoxdur. İnsanlar bura maşınla gəlirlər, əllərindəki zibilləri zibil qutusuna deyil, yerə atırlar".
Nəzagət İsgəndərova rayon gigiyena epidemiologiya mərkəzinin, Yalama polis bölməsi ilə birlikdə təmizliyə riayət etməyən vətəndaşlara qarşı birgə protokol tərtib edildiyini, bütün istirahət mərkəzlərinə xəbərdarlıq məktubu göndərildiyini deyib.
Polisdən isə məlumat verilib ki, mövsüm başlayandan 20 nəfər barəsində protokol tərtib edilərək xəbərdarlıq edilib. Belə çıxır ki, təmizliyə riayət eləmək öz əlimizdədir.