Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu, Razi Nurullayev rayonları gəzir
Aprel ayının 3-də prezidentliyə namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı başa çatdı. Lakin Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-na kimi davam edəcək. Həmin tarixə qədər namizədlər respublika üzrə öz təbliğatlarını davam etdirə, ödənişli efirlərdən yararlana, müxtəlif görüşlər və tədbirlər keçirə bilərlər.
Qalan 4-5 gün ərzində prezidentliyə iddialı şəxslərin təbliğatlarını necə quracaqlarını öyrənmək üçün bir neçə namizədlə əlaqə saxladıq. Təşviqat proqramları haqda "Şərq”ə danışan namizədlər əsasən rayon səfərlərinə üstünlük verdiklərini dedilər. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev deyib ki, onun təbliğatı ilə bağlı kitabça halında platforma hazırlanıb və hər yerə yayılıb: "Mənim və partiyanın şəkillərini özündə əks etdirən avtomobillər səyyar təbliğat lövhəsi kimi şəhərdə gəzirlər. Nümayəndələrimiz də təbliğat işi ilə məşğuldur. Ayın 6-da Qaraçuxur qəsəbəsində Mədəniyyət evində görüşüm olacaq. Bazar günü isə Şirvan şəhərində insanlarla görüşəcəm. Həmin günün axşamı saat 10-un yarısında Xəzər televiziyasında ödənişli efir vaxtından istifadə edəcəm. Yəni həftəmizi boş keçirməyəcəyik. Başqa görüşlərimiz də var. Partiya qərargahında qaçqın və məcburi köçkünlərlə, müharibə veteranları ilə bir araya gələcəm. Həmçinin, ATƏT-in nümayəndələri ilə də təmas quracam”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizəd olan Qüdrət Həsənquliyevin təbliğatı ilə bağlı açıqlama verən Niyaməddin Orduxanlı rayon-rayon gəzdiklərini deyib:
"Qüdrət bəy Göyçayda vətəndaşlarla görüşüb. Kifayət qədər adamın iştirak etdiyi görüş çox yüksək səviyyədə keçib. Ayın 10-na qədər bu proses davam edəcək, digər rayonlarda da görüşlərimiz olacaq”.
Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğlu da qəzetimizə açıqlamasında rayonda olduğunu bildirib:
"Gəncədəyəm, görüşlər keçirirəm. Bundan sonra Lənkərana gedəcəm. Çalışıram ki, daha çox seçicimlə şəxsi ünsiyyətdə olum. Ödənişli təbliğat üçün efirlərə boş yerə pul xərcləyə bilmərəm. Mənim o qədər pulum yoxdur”.
"Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən prezidentliyə iddialı olan Razi Nurullayevin seçki təbliğatı ilə bağlı məlumat verən Məhəmməd Əsədullazadə R.Nurullayevin seçki kampaniyası çərçivəsində regionlara səfər etdiyini deyib: "Sumqayıt, Abşeron, Pirallahı, İmişli və digər regionlarda seçicilərlə görüş olacaq. Razi bəy öz platforması haqda insanlara məlumat verir. Kampaniya uğurlu gedir. Namizədimizin əsas siyasi qayəsi xalqa xidmətdir”.
İsmayıl