“Namus cinayəti”, yoxsa “hörmətli” olmaq arzusu?
“Qətl törədən kişilər həbsxanada “hörmət”, “izzət” sahibi olmaq üçün öz çirkin əməllərinə “namus” donu geyindirirlər”
Azərbaycanda "namus cinayətləri” pik həddə çatıb. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Hər keçən gün artmaqdadır. Nəticədə valideynlərdən biri türməyə gedir, digəri isə dünyasını dəyişir. Bunun ağrı-acısını isə onların yaxınları və ümumilikdə cəmiyyət yaşamalı olur.
Qeyd edək ki, son iki gündə daha iki qadın "namus cinayəti”nin qurbanı olub.
135 nömrəli marşrut üzrə hərəkət edən avtobusda ər arvadını bıçaqlayıb.
Xırdalandan "20 yanvar” istiqamətində hərəkətdə olan avtobusdakı ər-arvad arasında mübahisə düşüb. Və ər həyat yoldaşına bıçaq zərbəsi endirib. Yaralanan şəxs "Respublikanski” xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib. Digər hadisə isə dünən saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, "Elit” ticarət mərkəzinin arxasında yerləşən "Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib. Xəbərə görə, 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Maraqlıdır, məişət cinayətlərinin səbəbi qadının xəyanətidirsə, qadınları xəyanətə vadar edən nədir? Yaxud da, qadının xəyanətkar olması onun vəhşicəsinə öldürülməsinə rəvac verirmi?
Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, qətl törədən kişilər həbsxanada "hörmət”, "izzət” sahibi olmaq üçün öz çirkin əməllərinə "namus” donu geyindirirlər: "Həyat yoldaşı tərəfindən qətlə yetirilən hər qadını xəyanətdə suçlamaq doğru yanaşma deyil. Bunu faktlarla sübuta yetirmək lazımdır. Çünki bir çox hallarda kişilər törətdikləri cinayəti manipulyasiya edərək ona namus "don”u geyindirirlər. Bizim etnopsixologiyada da namus hər zaman üstün tutulub.
Hesab edirəm ki, son zamanlar baş verən ailədaxili cinayətləri xəyanətlə bağlamaq düzgün deyil. Xəyanət heç vaxt gizli qala bilməz. Kişi öz həyat yoldaşının xəyanətindən əmin olduğu halda onu boşamalıdır. Səbəb xəyanət belə olsa, bir insanın həyatına son qoymaq yolverilməzdir.
Psixoloqun sözlərinə görə, ailədaxili problemlər zamanı tərəflər peşəkarlardan dəstək almalıdır: "Bu gün analarımız 5 yaşında olan qızlarına cehiz yığmaqla məşğuldur. Əksər ailələrdə həmin qızın biliyinə, savadına yatırım etmək yada düşmür. Yaxud da evlilik öncəsi oğlanla qızın müzakirəsi ancaq bahalı mebel və qızıl üzərinə qurulur. Onların əsas arzusu ən bahalı şadlıq evində toy eləmək və ulduz müğənniləri dəvət eləməkdir. Bircə dəfə psixoloqa müraciət edib, ailə məsuliyyətini müzakirə etmək istəmirlər. Bizdə ailələr yalnız problem yaranandan, o da həmin problem artıq əməlli-başlı kök salandan sonra psixoloq yardımını lüzumlu hesab edirlər. Əksəriyyət isə iş-işdən keçəndən, ailə dağılandan sonra psixoloji dəstək alırlar”.
Konkret hadisədən misal gətirən E.Rüstəmovun sözlərinə görə, oğlunun həyat yoldaşına 18 ildir dözdüyünü vurğulayan ana vaxtında onlar arasındakı münasibətləri yoluna qoymaq üçün səy göstərsəydi, vəziyyət bu yerə gəlib çatmazdı: "Ana dünyasını dəyişdi, ata da həbsxanaya getdi. Ortada qalan isə uşaqlar oldu. 18 ildir problemi görməsinə rəğmən səssizcə kənardan izləyən nənə indi uşaqlara baxacaqmı?”.
Çox zaman qadın xəyanət etməsə belə, hadisənin cəmiyyətə "namus cinayəti” kimi təqdim edilməsinə toxunan psixoloqun sözlərinə görə, kişilər bu addımı atmaqla özlərinə "dividend” qazanırlar: "Hadisə ilə bağlı istintaq gedir və biz istintaqın gedişinə təsir göstərə bilmərik. Bizə məlum olan bir tərəfin fikirləridir. Qarşı tərəf həyatda olmadığı üçün özünü müdafiə imkanları məhduddur. Belə vəziyyətlərdə həqiqəti ortaya çıxarmaq istintaqın işidir. Ola bilər ki, ortada heç bir xəyanət olmasın. Adam paranoyakdır və arvadının ona xəyanət etdiyini düşünür. O qədər aşırı qısqanc olduğu üçün əsassız yerə arvadından şübhələnən adamlar var. Həmçinin də ortada heç bir təsdiqi olmadığı halda ərindən şübhələnən xanımlar var. Əksər cinayətlərə namus "don”u geyindirilməsinə gəldikdə isə belə hallar da olur. Çünki cinayətin namus üstündə törədildiyi öz təsdiqini tapdığı halda cəza yüngülləşir. Həmçinin bu cür "statya” ilə cəzaçəkmə müəssisələrinə göndərilən məhkumlara içəridə "hörmət” edirlər. Bir çoxları da bunu yalandan uydurur ki, həbsxanada hörmətli oğlan olsun. Belələri cəzasını çəkib çıxandan sonra isə qatil yox, namus, qeyrət təəssübkeşi kimi təqdim edilirlər”.
Şəymən