“Namusuma and olsun, Sərvər müəllim arvadbaz deyil”

Teatrın direktoru: “Sadəcə, bəzən xanımlarla zarafatla biri-birinə nəsə deyirlər. Bunu böyütmək lazım deyil”


Ağdam Dövlət Dram Teatrında qalmaqal yaşanır. Teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevlə bəzi aktyor-aktrisaların münasibətləri daha da gərginləşib. İş o həddə çatıb ki, S.Əliyevin həyat yoldaşı son günlər bir neçə dəfə teatra gələrək kollektivin bəzi üzvləri ilə dalaşıb, onları təhqir edib: "Sərvər Əliyevin həyat yoldaşı teatra gələrək, aktrisalardan biri ilə dalaşdı. Hər ikisi biri-birinə xoşagəlməz sözlər dedilər. Bildiyimizə görə, baş rejissorun həyat yoldaşı ərini aktrisalara qısqandığından belə edir və teatra tez-tez gəlir”.

Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevlə bağlı baş verənlər onun sənət həmkarlarını da üz-üzə qoyub. Sənət adamları sosial şəbəkədə Əməkdar artist haqda yazılanları birmənalı qarşılamayıblar. Dövlət Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva Əməkdar artisti arvadbaz adlandırıb: "Vay, Gültəkin yenə hirslənib. Bu Sərvər də az aşın duzu deyil. Hər şey bir yana mənim bayatılar kitabımı gətirib versin də. İki günlük istəmişdi, 20 il keçib. Qorxuram arvadlar dalaşanda kitabımı cırarlar. Ay kişi, qaytar da. Başın arvadbazlıqdan açılsın, kitabımı ver”.

Ağdam Dövlət Teatrında baş verənlərə münasibət bildirmək üçün Teatrın direktoru Məhəmməd Hüseynovla əlaqə yaratdıq. Maraqlandıq ki, teatrın baş rejissorunun adı ətrafında gəzən söz-söhbətlər hardan qaynaqlanır? Teatrda nə baş verir?

"Şərq”ə açıqlama verən Məhəmmməd Hüseynov "Mən teatrın direktoru olaraq bildirirəm ki, burda heç bir qalmaqal, insident yaşanmayıb. Mən bilmirəm jurnalistlər bu söz-söhbəti hardan eşidiblər. Sərvər Əliyev də işinə məsuliyyətlə yanaşan bir rejissordu. Biz ikimiz də teatra eyni vaxtda təyin olunmuşuq, iki ildir bir yerdə çaılışırıq. Onun nə əxlaqında, nə davranışında indiyə qədər bir qüsura rast gəlməmişəm. Teatrda yeni tamaşalar hazırlanır. Uzun fasilədən sonra qastrol səfərlərinə getməyə başlamışıq. Teatrda 8 tamaşa hazırlanıb. Niyə bunu qeyd etmir mətbuat? Amma qalmaqalı yazan çox olur”.

Teatrın direktoru baş rejissorla aktyor heyəti arasında heç bir söz-söhbətin olmadığını söyləsə də, əldə etdiyimiz məlumata görə, Sərvər Əliyevin teatrın aktrisaları ilə aralarında yaşanan xoşagəlməz olay onun evində söz-söhbətə səbəb olub. Hətta baş rejissorun qızı nişanlı olduğu üçün, oğlan evi Sərvər Əliyevin qızına və ailəsinə iradını bildirib. Elə bu səbəbdən də baş rejissor bu söz-söhbətin bağlanması üçün bəzi tanınmış jurnalistlərə minnətçi düşüb ki, "amanın günüdü, qızımın nişanı qayıdar, yazmayın”.

Xatırladaq ki, baş rejissorun həyat yoldaşının da teatra bir neçə dəfə gələrək qısqanclıq zəminində aktrisalarla söhbəti düşüb. Hərçənd teatrın direktoru bu faktı danmağa çalışdı: "Sərvər Əliyevin həyat yoldaşı teatra bir neçə dəfə gəlib, bəli. Amma qısqandığı üçün yox. Gələndə də heç bir aktrisa ilə arasında söz-söhbət, mübahisə olmayıb. Sadəcə, Sərvər müəllim şəkər xəstəsi olduğu üçün yoldaşı gəlib ona baş çəkib. Qaldı aktrisalarla söz-söhbətə, bu da yalandı. Sözün düzü, Sərvər müəllimlə aktrisalar arasında zarafatyana biri-birinə nəsə deyiblər. Bunu Sərvər müəllim həmişə edir, yəni zarafat edəndi. Bu zarafatları da kimsə yozur. Vallah, mən bu yaşda yalan danışa bilmərəm. And olsun Allaha, Sərvər müəllim yaxşı adamdı. Onun barəsində deyirlər ki, arvadbazdı, yalandı. Sadəcə bəzən xanımlarla zarafatla biri-birinə nəsə deyirlər. Bunu böyütmək lazım deyil. Mən tam məsuliyyətlə deyirəm ki, teatrda belə bir insident baş verməyib. Sadəcə teatr daxilində rejissorla aktrisalar arasında zarafat olub. Bizim teatrda heç bir insident yaşanmır. Sərvər müəllim nüfuzlu insandı. Ciddi adamdı. Onun özünün bir yaxşı sözü var. Deyir səhnə adamını iki məsələ ilə vura bilirlər. Ya içki ilə, ya da qadın şəri ilə. Namusuma and olsun, o adam arvadbaz deyil. Yəni teatrda o boyda söz-söhbət olmayıb. Mətbuat səhifəsinə qaldırılacaq qədər ciddi bir insident də yaşanmayıb. Kiçik bir anlaşılmazlıq, zarafat olub. Bunu ictimailəşdirməyin nə adı var? Tamam başqa söhbət olub. O buna, bu ona nəsə deyib, vəssalam. Mən Gülçöhrə xanımı da tanımıram. O xanımın da nəyə görə Sərvər müəllim haqqında sosial şəbəkədə yazdığından xəbərsizəm”.

Ağdam Teatrının rəhbərinə tövsiyə edirik ki, teatr daxilində baş verənlərə göz yummasın. Vaxtilə Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov da mətbuata açıqlama verəndə bildirirdi ki, teatrda heç bir problem yoxdu, aktyorlar arasında qütbləşmə, qruplaşma yoxdur, mətbuatda yazılanlar da yalandı. Amma sonda bir daha mətbuatın haqlı olduğu meydana çıxdı.

Belə yerdə Ağdam Dövlət Dram Teatrının direktorunun diqqətinə bir məsələni xatırlatmaq istəyirik, Hörmətli Məhəmmməd müəllim, "Od olmayan yerdən, tüstü çıxmır”. Yaxşı olar ki, teatrın daxilində baş rejissorla aktyorlar arasında yaşanan münasibətlərə rəhbər olaraq diqqət yetirəsiz. Əgər rejissorun həyat yoldaşı qısqanclıqdan teatrın qapısına qədər gəlib aktrisalardan bir neçəsi ilə qalmaqal yaşanırsa, demək həmin rejissorun davranışı, işdə etik qaydaları əməlinə də diqqət yetirilsə, daha məqsədli olar.

Tahirə