“Narahat oluruq”

Yersiz mesajlar Xeyrəddin Qocanı hövsələdən çıxarır



Hər gün müxtəlif operatorlardan mobil telefonlarımıza "Ulduz ovuna çıx, 20 qəpiyə 5000 manat qazan!”, "Sevgi yaz 9095 nömrəsinə göndər və hər günə bir sevgi mesajı al”, "İdealda 50 faiz endirim, tələsin!”, ulduz falını öyrən və s. bu tipli mesajlar gəlir. Belə bezdirici mesajlar 8228-dən, 9095-dən və 2992-dən də gəlir.

Hətta bəzən bu tipli SMS-lər vacib görüşlərdə və ya sükan arxasında olduğumuz zamanlarda mobil telefonumuza daxil olur ki, bu da diqqətimizi yayındırır. Abunəçilər tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, reklam xarakterli mesajların ardı-arası kəsilmir. Bəzən vaxtımızın çoxunu həmin bezdirici mesajları silməyə sərf edirik. Reklam mesajları əsasən məişət avadanlıqları, ev və restoran, iaşə obyektləri, lotoreya oyunları, kompüter oyunları və s. ilə bağlı olur. Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu nəzərə alsaq, onda operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin olmaz. Əslində, bu problem xeyli müddətdir ki, aktualdır. Ölkədə fəaliyyətdə olan mobil operatorların abunəçilərin nömrələrinə müxtəlif məzmunlu SMS-lər göndərməsi vətəndaşlar arasında haqlı narazılığa səbəb olur. Həqiqətən də, əgər mobil telefon fərdi xarakter daşıyırsa, özəldirsə, kiminsə parfüm mağazasından və ya ayaqqabı dükanından, turizm şirkətindən ora icazəsiz məlumat niyə daxil olmalıdır? Görünür, SMS marketi ilə məşğul olan provayderlər mobil operatorların xidmətini satırlar. Bir çox ölkələrdə bu cür mesajların qarşısını almaq üçün sərt tədbirlər həyata keçirilir. Azərbaycanda da abonentlərin icazəsi olmadan onlara dəvətsiz mesaj göndərilməsi qadağan olunmalıdır. Bir müddət əvvəl məsələni gündəmə gətirən Milli Məclisin sədri Oqtay Əsədov və parlamentin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova reklam SMS-ləri məsələsinə ciddi yanaşmanın vacibliyini vurğulayıb. Parlamentarilər bildiriblər ki, abunəçi istəyi olmadan onlara hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır.

Bezdirici mesajlardan boğaza yığılan ictimai şəxslərdən biri də tanınmış yazıçı-publisist Xeyrəddin Qocadır. Bu barədə "Şərq”ə danışan yazıçı deyib ki, 701, 1234, 5500, 2992 və 6900-

dan gündə bir neçə dəfə cib telefonuna gələn mesajlar sözün əsl mənasında onu boğaza yığıb: "Oturduğun yerdə, getdiyin zaman, maşın idarə edəndə, şəxsi düşüncələrə dalanda... birdən telefon səslənir, dik atılırsan. Telefonu lazımsız mesajlarla doldururlar. Kimlərsə pul qazanmaq məqsədi ilə insanları narahat edir. Mesajların içərisində 2992 "rekord” vurur. Şit-şit lətifələr, adamda ikrah hissi oyadır. Şəxsən mən bir-iki dəfə həmin lətifələri (onlara lətifə demək mümkündürsə) oxumuşam, adamın əti tökülür. Eyni mesajlar gələn kimi pozuram və hər dəfə mesajları pozanda əsəbiləşirəm. Çünki vaxtım gedir. Lakin həmin mesajları gözdən keçirməyə məcburuq. Axı bilmirik bizə mesaj yazanlar kimdir. Bəlkə ailə üzvləridir, bir hadisə baş verib. Daim narahat oluruq... Mesajlarda gah külli miqdarda pul təklif edirlər, gah avtomobil, gah mebel, gah cehiz, gah bəyaz əşyalar”. X.Qocanın sözlərinə görə, indiyədək həmin mesajlarda təklif olunanlar heç kimə qismət olmayıb: "Çünki yalandır, insanların cibinə girmək məqsədi güdür. Biz mesajlara aldanıb orada göstərilənləri yerinə yetirməklə, yəni mesaja mesajla cavab verməklə pulları uduzuruq. Axırda ümidlərimiz kəsilir. Məsələn, telefona gələn mesajda yazılır ki, "filan sözü yaz göndər, 5000 min manat qazan”. Yazıb göndərirsən, cavab gəlir ki, "çoxlu mesaj yaz, 5000 manatı qazanmağa şans qazan”. Telefon istifadəçiləri elə bilirlər ki, mesaj göndərməklə göstərilən məbləği qazanmaq olar. Onlar "şans qazan” sözlərinə fikir vermirlər. "Şans qazan”dan sonra min dəfə mesaj yazsan da, telefona təzə "göstərişlər” gəlir. Beləliklə, mesajların ardı-arası kəsilmir. Bu, telefon abunəçilərini ələ salmaqdan başqa bir şey deyil. Çünki bir neçə dəstə sözləşib insanların pulunu ələ keçirmək üçün yarışa giriblər. Qurtarın bu fırıldaqları! Sizə heç kim abunəçilərin əsəbləri ilə oynamaq hüququ verməyib. Gedin yüksək xidmət göstərməyə çalışın. Pul qazanmaq üçün başqa bizneslə məşğul olsanız yaxşıdır”.

İsmayıl