Narazılar çarəsizdir...

Peşəkarları “BakuBus”da işə götürmək olar
İlin-günün bu vaxtında 250-yə yaxın insanın işsiz qalması yaxşı hal deyil


Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər "BakuBus” MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz edirlər. Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib. 18 saylı xətt üzrə işləyən marşrutun bağlanması xəbərindən gileylənən sürücülər etiraz əlaməti olaraq gecə saatlarında avtobus parkına yığışıblar.

Onları əsas maraqlandıran isə bundan sonrakı aqibətləri olub. Sürücülərin sözlərinə görə, 18 saylı xətt artıq "BakuBus”un ixtiyarına verilib və yaxın günlərdə "Xaliq Faiqoğlu” MMC-nin avtobusları bu xətdən kənarlaşdırılacaq. Bundan sonra həmin xəttə yeni avtobuslar və sürücülər veriləcək. Bu isə öz növbəsində xəttin hazırkı sürücülərinin haqlı narazılığına səbəb olub. Sürücü Murad Abbasov öz qarajlarının marşrutları ola-ola hansısa başqa sürücülərin gəlib onların yerini tutmasının xoş olmadığını deyib: "Biz deyirik ki, həmin sürücülər başqa yerdə işləyib çörək qazanırlar. Qoyun, elə onlar orada qazansınlar, biz də burada işləyib 3-5 manatımızı qazanaq” (anspress).

Bütün güzəranlarını və ailə qayğılarını bu avtobusla ödəyən sürücülərin tək istəyi isə yeni avtobusların onların idarəetməsinə verilməsidir. Adıçəkilən avtobusların qarajının istismar rəisi İbrahim Quliyev bütün qaranlıq məqamlara aydınlıq gətirib və bildirib ki, bu xətt üzrə 7 nömrəli marşrut işləyəcək.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə problemin bu cür həllinin doğru olmadığını deyib. Onun sözlərinə görə, bu məsələ kifayət qədər ciddi problem olduğu üçün əhatəli şəkildə həll olunmalıdır: "Bir tərəfdən nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bu, çoxdan gözlənilən bir tələb idi. Amma bu işi elə görmək lazımdır ki, etirazlara yol açmasın. İlin-günün bu vaxtında 250-yə yaxın insanın işsiz qalması yaxşı hal deyil. Əvvəldən məsələ araşdırılmalı, əgər boş xətt varsa, həmin sürücülər ora göndərilməli idi. Yaxud da 18 saylı marşrut avtobusunun sürücüləri arasında yoxlamalar aparmaq və peşəkarları "Baku-Bus”a götürmək olardı. Bunun üçün də qərardan əvvəl təhlil olmalı və bütün incəliklər nəzərə alınmalı idi”.

Şəymən