"Nardaran işi": Polis zərərsizləşdirdiyi şəxsin üzərindən beşbarmaq və partlayıcı çıxdığını bildirib




 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov bildirib ki, dünən şahidə ayaqqabı atılması ilə bağlı onlara töhmət verilib.
Hakim isə deyib ki, bu, onların qərarı olmayıb: "Biz sizi qaydalara əməl etməyə çağırırıq. Bura çağırılan şahidlərin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur".
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Vüqar İsgəndərov ifadə verib. Bildirib ki, 15 dəqiqə atışmadan sonra o, içəri daxil olub və həyətdə bir nəfəri zərərsizləşdirib: "O mənə tərəf qaçdı. Əlində bıçaq var idi. Mən onu zərərsizləşdirdim. Üzərindən beşbarmaq, partlayıcı maddə çıxdı. Adı Əli idi".
Şahid sualları cavablandırarkən bildirib ki, Nardarana iki xüsusi avtomobillə gediblər, hadisədən mənəvi zərər çəkib və sarsılıb, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur.
Vəkil Yalçın İmanov ondan Əli Nuriyevin bədənində olan xəsarətlər barədə soruşub. Bildirib ki, ekspert bununla bağlı rəy verib. Şahid onu zərərsizləşdirən zaman yıxıldığını, xəsarətlərin bundan yarandığını deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.