“İstifadəçi özünü hazır hiss eləməsə, aparılab.n müalicənin heç bir effekti olmayacaq. Hər bir istifadəçi mütləq mənada psixoloji dəstək görməlidir”
Narkomaniya xəstəlikdir
Könüllü müalicə olunmaq istəsələr cinayət məsuliyyətindən azad ediləcəklər
“İstifadəçi özünü hazır hiss eləməsə, aparılab.n müalicənin heç bir effekti olmayacaq. Hər bir istifadəçi mütləq mənada psixoloji dəstək görməlidir”
“İstifadəçi özünü hazır hiss eləməsə, aparılab.n müalicənin heç bir effekti olmayacaq. Hər bir istifadəçi mütləq mənada psixoloji dəstək görməlidir”
Narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayətini törətmiş şəxslərə qarşı münasibət dəyişdirilir. Milli Məclisdən verilən məlumata görə, bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər.
Yeni qanun layihəsində qeyd edilib ki, satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir.
Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə veriləcək. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edək ki, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsi Milli Məclisin payız sessiyasında gündəliyə daxil ediləcək.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri, Zülfiyyə Mustafayeva isə "Şərq”ə açıqlamasında sözügedən dəyişikliklərə münasibət bildirib:
"Mövcud qanunvericiliyə görə, Azərbaycanda narkotikdən istifadəyə görə həbs cəzası nəzərdə tutulmur. İstifadəçi yalnız qanunla müəyyən edilmiş normadan artıq narkotik maddəylə saxlandığı halda cinayət məsuliyyətinə cəlb edilir. Həmin maddənin istifadəçisində narkotik müəyyən edilmiş miqdardan çoxdursa, bu zaman onu daşınmaya, saxlamağa və ya satmağa görə məsuliyyətə cəlb edə bilərlər. Yeni dəyişikliyin mahiyyəti nədən ibarətdir, anlaya bilmirəm. Axı bu günə qədər də özünə iynə vurur deyə, heç kim həbs olunmayıb, yaxud da məcburi müalicəyə göndərilməyib. Ancaq əməlində cinayət tərkibi olan şəxslər və üzərində normadan artıq narkotik vasitə gəzdirən şəxslər məsuliyyətə cəlb olunub”.
Z.Mustafayevanın sözlərinə görə, qanunvericilikdə müəyyən edilmiş rəqəmin artırılması daha effektiv ola bilər:
"Bəzən 0.1 qr artıq narkotikə görə həmin maddə istifadəçisi həbs olunur. Halbuki narkotik maddə qəbul edənlərin əksəriyyəti gündə 2-3 dəfə bu vasitədən istifadə edir. Alanda da 2-3 günlük alıb, üstündə saxlayır ki, bədəni tələb edəndə əlinin altında olsun. Ancaq hüquq-mühafizə orqanları bunları nəzərə almır və üzərində cüzi belə olsa, artıq narkotiklə aşkarlanan şəxsi "sroka” göndərirlər. Bu mənada şəxsi istifadə miqdarının artırılmasının tərəfdarıyam”.
Narkomanların məcburi müalicəsinə gəldikdə isə Birlik rəhbəri narkomaniyadan məcburi müalicə deyilən anlayışın mənasız olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələri zaman-zaman bu vasitəyə əl atsalar da, effektsiz alındığı üçün davam etdirmədilər: "İnsanların psixoloji baxımdan müayinəsi, onun cəmiyyətə sosial adaptasiyası, ailə üzvlərinin iştirakı ilə keçirilən kompleks tədbirlər narkomaniyadan müalicə sayılır. Bunu tək biz yox, bütün narkoloqlar da təsdiqləyir. İstifadəçi özünü hazır hiss eləməsə, aparılan müalicənin heç bir effekti olmayacaq. Bunun üçün də reabilitasiya proqramları olmalıdır. Yoxsa ki, narkoloji dispanserdə 28 gün stasionar saxlayıb fiziki əzələ ağrılarını aradan götürüb, xəstənin qanını təmizləyib buraxırlar. Bu, effektiv müalicə deyil axı? Hər bir istifadəçi mütləq mənada psixoloji dəstək görməlidir. Əks halda xəstəxanadan çıxandan 10 gün sonra öz yoluna davam edəcək. Axı narkotik istifadəçisinə müalicədən sonra nəzarət etmək mexanizmi mövcud deyil. Onlar azad və şəxsiyyəti formalaşmış insanlardır.
İstifadəçiləri narkomaniya bəlasından birdəfəlik xilas etmək üçün reabilitasiya mərkəzləri yaradılmalı və kompleks tədbirlər proqramı həyata keçirilməlidir. Bunun üçün isə 26-28 gün kifayət eləmir. Burada həm tibbi, həm qeyri-tibbi yollardan istifadə olunmalıdır, ailə üzvlərinin dəstəyi olmalıdır və s”.
Ekspert hesab edir ki, nə qədər Azərbaycanda reabilitasiya proqramları yoxdur, biz narkomaniya ilə mübarizə sahəsində işlərimizi effektiv həyata keçirə bilməyəcəyik: " Narkotik istifadəçilərinə qarşı münasibətin dəyişməsi o halda təqdirəlayiq olar ki, doza həddi artırılar, əvəzedici terapiya genişləndirilər. "Metadon” layihəsini xüsusən də narkotik istifadəçisi olan qadınlar arasında genişləndirmək lazımdır. "Metadon” heroinin sintetik, kimyəvi formasıdır. Bu, müalicə deyil. Əgər şəxsin arzusu varsa, o, həmin dozanı azalda-azalda asılılığı götürə bilər. İstifadəçi "Metadon”u damara vurmur, beləliklə, orqanizmi qoruyur, hepatitə, infeksion xəstəliklərə yoluxma ehtimalını, baş verə biləcək cinayət hadisələrinin qarşısını aradan qaldırır”.
Z.Mustafayevanın sözlərinə görə, müalicədən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və yaxud da onların qarşısına azadlıqda könüllü müalicə şərtinin qoyulması da absurd yanaşmadır: "Bu təcrübə Rusiya qanunvericiliyindən götürülüb. Orada narkotika istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. İstifadəçilərə iki yol təklif olunur - ya cəzaçəkmə müəssisəsində məcburi müalicə, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu iki yoldan birini narkotik istifadəçisi mütləq seçməlidir. Amma Azərbaycanda bu məsələni tətbiq etsək, biz çox çətinliklə üzləşəcəyik. Çünki Rusiyadan fərqli olaraq Azərbaycanda bir dənə də reabilitasiya mərkəzi, reabilitasiya proqramları yoxdur. Cəmiyyətimiz belə narkomaniyaya qarşı mübarizəyə hazır deyil. Bizdə kimisə aşağılamaq, təhqir etmək üçün "filankəsin oğlu nəşəxordur” deyirlər. Yəni narkoman sözü söyüş mənasında işlədildiyi müddətcə heç bir istifadəçinin cəmiyyətə inteqrasiyasından söhbət gedə bilməz”.
Şəymən