Narkomanların məcburi müalicəsinə xərclənən pullar göyə sovrulacaq

Bundansa bütün kompleks tədbirlər əhatə olunmaqla reabilitasiya mərkəzlərinin açılması daha məqsədəuyğun olar



Artıq Azərbaycanda narkotik asılılığından müalicə məcburi olacaq. Milli Məclis aprelin 28-də "Əhalinin sağlamlığının müdafiəsi haqqında” qanuna müvafiq dəyişiklik edib.

Düzəlişə əsasən, narkotik asılılığından əziyyət çəkənlər, cinayət törətməyənlər, amma öz yaxınlarına mənəvi və maddi ziyan vuranlar, uşaqların tərbiyəsinə mənfi təsir göstərənlər, dəfələrlə könüllü müalicədən imtina edənlər məcburi qaydada narkotik asılılığından müalicə olunacaqlar.

Bu günə qədər isə Azərbaycanda bu müalicə könüllü idi. "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə bəyan edib ki, narkomaniyada məcburi müalicə deyilən bir anlayış yoxdur: "Dünyanın bir çox ölkələri zaman-zaman bu vasitəyə əl atsalar da, effektsiz alındığı üçün davam etdirmədilər. Nə Dünya Səhiyyə Təşkilatı, nə də beynəlxalq insan haqları təşkilatları narkomaniyadan məcburi müalicəni qəbul eləmirlər. Çünki narkomaniyaya məhz narkotik maddələrdən asılılığı olan insanlar düçar olublar. Odur ki, fiziki ağrıların götürülməsi narkomaniyada müalicə sayılmır. İnsanların psixoloji baxımdan müayinəsi, onun cəmiyyətə sosial adaptasiyası, ailə üzvlərinin iştirakı ilə keçirilən kompleks tədbirlər narkomaniyadan müalicə sayılır ki, bu istiqamətdə də Azərbaycanda real addımlar atılmır. Azərbaycanda ancaq təklif olunan tibbi xidmət ancaq detoks mərhələsi ilə tamamlanır ki, bu da ancaq cari ağrıların götürülməsinə xidmət edir. Biz isə bunu müalicə kimi qəbul etmirik”. Z.Mustafayevanın sözlərinə görə, narkotik asılılığından məcburi müalicədənsə, bütün kompleks tədbirlər əhatə olunmaqla reabilitasiya mərkəzlərinin açılması daha məqsədəuyğun olar: "Bu zaman biz də narkotik aludəçilərini ora yönləndirərdik. Düzdür, indinin özündə də narkomaniyadan xilas üçün insanları narkoloji dispanserə yönləndiririk. Amma görürük ki, bu müalicənin nəticəsi nə qədər effektivdir? Narkotik aludəçiləri könüllü olaraq, bu bəladan qurtulmaq istəməsə, ətraf mühiti buna vadar etməsə, həmin insanın məcburi yolla həyata qayıdışı, cəmiyyətə reabilitasiyası mümkün deyil. Həm də ki, narkomaniyadan məcburi müalicə deyəndə nəyi nəzərdə tuturlar? Narkomanların əl-ayaqlarını qandala vurub, dərmanları məcburi olaraq boğazına atacaqlar?”. Ekspert qeyd edib ki, məcburi müalicə metodu ancaq cinsi yolla keçən xəstəlik daşıyıcıları üçün tətbiq oluna bilər. QİÇS kimi xəstəliklər yoluxucu olduğu və ictimai təhlükə yaratdığı üçün bu virus daşıyıcıları məcburi şəkildə müalicəyə cəlb oluna bilər, amma heç onlar üçün belə bir məcburiyyət yoxdur: "Əgər HİV daşıyıcıları belə könüllü olaraq müalicəyə cəlb olunursa, narkomanlara qarşı məcburi müalicənin tətbiqi nə dərəcədə düzgündür? Ətrafı üçün real təhlükə mənbəyi olan narkomanları ancaq həbs etmək olar ki, hansısa cinayət törətməsinlər. Ancaq hansısa bir narkomanı ailə üzvlərinə əziyyət verir deyə, məcburi şəkildə palataya yatırtmaq doğrudan da gülməli bir yanaşmadır. Hesab edirəm ki, "Əhalinin sağlamlığının müdafiəsi haqqında” qanuna edilən müvafiq dəyişiklik heç bir effekt verməyəcək. Hesab edirəm ki, narkotik asılılığından əziyyət çəkən insanların məcburi müalicəsi üçün sərf olunan vəsait pulu göyə sovurmaq kimi bir şeydir. Axı narkomanları nə qədər orada saxlayacaqlar? Geci-tezi bu adamın müalicəsi başa çatacaq və xəstəxanadan çıxarmalı olacaqlar. Ömürlük orada saxlamayacaqlar ki? Həmin şəxs müalicəyə könüllü yanaşmadığı üçün də çıxandan sonra daha aqressiv olacaq. Həm də qəfəsdən azad olan quş kimi özünü ora-bura çırpıb narkotik axtarışına çıxacaq yenə. Bu isə o deməkdir ki, müalicə müddətində ona xərclənən pullar batacaq”. Z.Mustafayevanın sözlərinə görə, narkotik aludəçilərinə qarşı mübarizə fərdi aparılmalıdır. Onların sosial durumu, ailə vəziyyəti, əmək qabiliyyətinin olub-olmaması müəyyənləşdirilməli və ona uyğun da reabilitasiyalar həyata keçirilməlidir: "Narkomaniyaya qarşı mübarizə klinik protokol deyil ki, ucdantutma hər kəsə eyni tibbi xidmət göstərilsin. Narkoman var ki, uyuşdurucu qəbul edəndən sonra aləmi qatır biri-birinə. Evi dağıdır, hay-küy salıb, qonşuları başına yığır. Adam da var, damara vurub, bir kənardaca öz "kayfını” tutur. Eləsi də var səhər saat 06:00-da iynəsini vurub, işə gedir. Axşam da pulunu qazanıb, ailəsinə çörək pulu gətirir. Yeməyini yeyir, iynəsini vurub, yatır. Bunlara qarşı eyni müalicə üsulundan istifadə etmək doğru deyil axı!”.

Şəymən