NATO Azərbaycanın hərbi gücünü etiraf edib

Alyans bilir ki, Qafqazda ən güclü ordu kimə məxsusdur


Hər zaman sensasiyalı fikirləri ilə gündəm yaradan NATO-nun hesabatı bu dəfə də maraqla qarşılanıb. Dünyanın müxətlif ölkələrinin hərbi güclərini müqayisə edərək qiymətləndirən hərbi alyansın budəfəki materialında Azərbaycan da yer alıb.

Təşkilatın hesabatında bildirilib ki, "Azərbaycan ordusu 48 saat içində bütün Qafqaza hakim olacaq gücə sahibdir”. Ölkəmizin hərbi potensialını yüksək qiymətləndirən hərbi alyans vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinə bütün bölgəyə sahib olmaq üçün bir neçə gün kifayətdir. 

Təşkilatın hesabatını "Şərq”ə dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycan Silahlı Qüvvələri hərbi heyətin sayına və maddi-texniki bazasına görə, Qafqazda ən güclü ordudur. Ekspertin sözlərinə görə, hamı bunu birmənalı qəbul edir: 

"Azərbaycan ordusu Gürcüstanın və işğalçı Ermənistanın qoşunlarından bütün parametrlər üzrə öndədir. NATO öz hesabatında bu reallıqları nəzərə alıb. Təkcə hərbi alyans deyil, dünyanın əksər güclü ölkəsi Azərbaycan ordusunun gücünü etiraf ediblər. Əvvəla, Azərbaycanın elə bir niyyəti yoxdur ki, iki günə Qafqazı tutsun. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsas qayəmiz ermənilər tərəfindən işğal edilmiş ərazilərimizi düşmən tapdağından xilas etməkdir. Hərbi gücümüzü bu məqsədlə artırırıq, ordumuzu modernləşdiririk. 

İsrail, İtaliya, Çin, Ukrayna, Türkiyə, Pakistan və digər ölkələrdən yeni silahlar alırıq. Hələlik hərbi arsenalımızı artırırıq, vaxt gəlib münaqişə bitəndə bəzi silahları, hərbi texnikanı ehtiyacı olan digər ölkələrə sata bilərik”. Ekspert bildirib ki, 48 saat söhbəti təqribi deyilib və şərti xarakter daşıyır: "Real müharibələrdə dəqiq rəqəmlərin, tarixlərin göstərilməsi mümkün deyil. Müharibədə gözlənilməyən hadisələr baş verə bilər”.

İsmayıl