NATO ehtiyatlı davranır

Ukraynanın alyansa üzv edilməsi Moskvanı qıcıqlandıra bilər



Moskvada NATO informasiya bürosunun direktoru Robert Pşel Ukraynanın sözügedən alyansa üzvlüyündən danışıb. O bildirib ki, NATO Ukraynanı alyansa üzv qəbul etməyəcək.

Mərkəz direktorunun sözlərinə görə, Ukrayna ərazi mübahisələri həll edilməyincə, bu ölkə təşkilata daxil ola bilməyəcək: "Alyansa üzvlük həmişə uzunmüddətli proqres olub. Ukrayna bu barədə hələ ki, müraciət etməyib. Son vaxtlar rəsmi Kiyev alyansa qarşı münasibətini dəyişib. Hər bir Avropa ölkəsinin sərbəst seçim hüququ var”. Alyans rəsmisi onu da əlavə edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün lazım olan prosedurlara riayət etməlidir: "Rəsmi Kiyev üçün heç bir istisna mövcud deyil”.

Mərkəz direktorunun bəyanatını şərh edən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, politoloq Elman Nəsirli "Şərq”ə bildirib ki, adıçəkilən beynəlxalq qurum ehtiyatlı davranır: "Qərb öz siyasətini Kremli qıcıqlandırmadan, yəni Ukraynanı alyansın tərkibinə daxil etmədən həyata keçirir. Artıq Ukraynada da dərk edirlər ki, onların bu şəraitdə NATO-ya üzvlüyü qeyri-real görünür. Bu baxımdan Kiyev daha çox təşkilatdan faydalanmaq və onun imkanlarından daha çox istifadə etmək xəttini seçib. Baxın, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir bəyanat səsləndirdi ki, Moskva Ukraynanın alyansa daxil olmasına imkan verməyəcək. Moskvanın bu mövqedən çıxış etməsi NATO-nu son dərəcə ehtiyatlı davranmağa vadar edib”.

Ayyət Əhməd